Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
09-08-2023, 20:06

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Mehmanxana, sanatoriya–kurort və turizm xidmətləri göstərən şəxslərdən və avtomobil dayanacaqlarından ödənişin alınması barədə

Mehmanxana, sanatoriya–kurort və  turizm 

xidmətləri göstərən şəxslərdən və avtomobil

dayanacaqlarından ödənişin alınması barədə

 Məlum olduğu kimi bələdiyyə büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini ödənişlər təşkil edir.

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”  Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla, həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən isə bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş isə hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir.

Həmçinin mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən ödənişlərin qeydiyyata düşmüş şəxslərdən tutularaq növbəti ayın 5-dək, avtomobil dayanacaqlarından isə sutkada hər bir nəqliyyat vasitəsi üçün ödənişlər hər bir ödəyicidən tutularaq bələdiyyələr tərəfindən müəyyən edilmiş müddətlərdə və qaydalarla müvafiq bələdiyyələrə ödənilməsi bu Qanunun müvafiq olaraq 11.2-ci və 11.3-cü maddələrinə əsasən həmin şəxslərin (ödəyicilərin) üzərinə vəzifə kimi qoyulmuşdur.  

 Göründüyü kimi qanunvericilik yerli ödənişin hesablanması, ödənilməsi, habelə dərəcəsinin yuxarı həddini müəyyən etsə də, tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bələdiyyələrin qərarı ilə müəyyənləşdirir.

Qanunvericiliyin tələblərinə əsasən qeyd olunan sahibkarlıq subyektlərindən alınan vəsait (ödəniş) üzrə yaranan hüquq münasibətləri xarakterinə görə sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (bələdiyyənin) digər tərəf (sahibkarlıq subyekti) üzərində hakimiyyət və inizbati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan maliyyə-büdcə münasibətləridir.

“Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 478-IIQ nömrəli Qanunu ilə  təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməyə əsasən yerli vergilər və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarəti bələdiyyələrin vergi xidməti orqanları həyata keçirir.

Məlumat üçün bildirilir ki, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3-5.6-cı bəndlərində bələdiyyələr tərəfindən yerli vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilməsi göstərilmişdir.

Bununla belə 21.10.2005-ci il tarixdə qəbul olunmuş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyələrə pul tələblərinin ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı olan inzibati akt qəbul etmək səlahiyyəti verilmişdir.

Göründüyü kimi qeyd olunan Əsasnamədə və Qanunda bələdiyyələrə münasibətdə eyni məsələ ilə bağlı mahiyyət etibarı ilə bir-birindən fərqli icraat qaydası ilə müşayiət olunan iki müxtəlif davranış imkanı nəzərdə tutulmuşdur.

“Normativ hüququ aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 10.5-ci maddəsində qeyd olunmuşdur ki, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.

Qeyd olunur ki, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 82-ci, 87-ci maddələrinə və “İcra haqqında” Qanununun 6.1.8-ci maddəsinə uyğun olaraq, bələdiyyələr sahibkarlıq subyektinin ödəməli olduğu yerli vergi və ödənişlərinin məbləğini (müvafiq dövrdə yaranmış borcu) dəqiq göstərən inzibati aktı qəbul edərkən onu həmin subyektə təqdim etməli, subyekt müvafiq qaydada borcu ödəmədikdə və ya ödəməkdən imtina etdikdə bələdiyyələr həmin aktı məcburi qaydada icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərirlər.

Vergi və ödənişlərin yerli büdcələrə ödənilməsi sahəsində son illər müəyyən işlər görülsə də, bu sahədə hələ də çoxlu çatışmamazlıqlar mövcud olmaqla davam edir. Bir çox bələdiyyələr qeyd olunan məsələlərə kifayət qədər diqqət yetirmir, qanunvericiliklə onlara verilmiş səlahiyyətlərdən istifadə və ya düzgün istifadə etmirlər.

Ödənişlərlə bağlı ən ciddi məsələlərdən ödənişlər ödənilmədikdə və müvafiq hesabat təqdim olunmadıqda bələdiyyələr tərəfindən pul tələbinə dair inzibati akt qəbul edilib məcburi icraya yönəldilməsi ilə bağlıdır. Çünki qanunvericiliyin tələblərinə görə bələdiyyə pul tələbinə dair inzibati akt qəbul edərkən borcun məbləği dəqiq göstərməklə onu həmin subyektə təqdim etməli, subyekt müvafiq qaydada borcu ödəmədikdə və ya ödəməkdən imtina etdikdə bələdiyyələr həmin aktı məcburi qaydada icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərirlər.

Məhz bu hallarda əlaqəli məlumatlardan istifadə olunması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 04.11.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait”lə tənzimlənir.

“Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait”in 6.6-cı bəndinə əsasən yerli ödənişlərlə əlaqədar vergi ödəyiciləri (ödəyicilər) tərəfindən bələdiyyə ərazisində xidmət göstərən şəxslərdən alınan ödənişin hesabatı (9 nömrəli əlavə) tərtib olunur və rüb qurtardıqdan sonra növbəti ayın 20-dək bələdiyyələrin vergi xidməti orqanına təqdim edilir. Metodiki Vəsaitin 7.17.5-ci yarım bəndinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması üçün zəruri olan hesabat məlumatları qanunvericilikdə müəyyən edilmiş müddətlərdə təqdim edilmədikdə, verginin (ödənişin) hesablanması Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumata əsasən bələdiyyə informasiya sisteminin “Analoji altmodulu”ndan istifadə edilməklə şəxsi hesab vərəqəsinə daxil edilir. Əlaqəli məlumata əsasən hesablanmış vergi məbləği şəxsi hesab vərəqəsinə bəyannamənin (hesabatın) adı (qısaldılmış formada), dövrü, bəyannamənin (hesabatın) növü mötərizənin içində “Analoji” kimi qeyd edilir. Analoji hesablama ilə vergi ödəyicisinə hesablanmış vergi (ödənişin) məbləğləri, sonradan həmin dövr üzrə hesabat verildikdə analoji hesablanan məbləğ və faizlər ləğv edilir, həmin dövr üçün verilmiş bəyannaməyə (hesabata) “Şəxsi hesab vərəqə”sinə məbləğ qeyd edilir, faiz hesablaması da həmin dövr bəyannaməsinin (hesabatının) ödəmə tarixinə görə aparılmalıdır.

Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin (ödənişin) məbləğini aşağıda qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır:

- vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi hesabatları;

- vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatları.

Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (ödənişin) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün eyni ərazidə fəaliyyət göstərən eyni xüsusiyyətli və ya eyni cinsli işləri görən və xidmətləri göstərən şəxslərdən alınan məlumatlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir.

Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər (ödənişlər) analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.

Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin (ödənişin) hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi (ödəniş) hesablanır.

Əlaqəli məlumata əsasən vergi (ödəniş) hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vegiləri (ödənişləri), faizləri və maliyyə sanksiyaları nəzərə alınır.

Həmçinin əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə (ödənişlərə) dair hesabatlar vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər (ödənişlər) bəyannamələr (hesabatlar) nəzərə alınmaqla yenidən hesablanır.

“Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait” diqqətlə öyrənilməsi üçün əlavə olunur.

Qanunvericiliyin qeyd olunan tələblərinə ciddi əməl olunması tövsiyə olunur.

 Qoşma:   17   vərəq

 Bələdiyyələrlə iş mərkəzi

 Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Dövlət Vergi Xidmətinin 04 noyabr 2022-ci il tarixli

2217040101435800 nömrəli əmri ilə təsdiq edilmişdir

 1. Ümumi müddəalar

1.1. Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait (bundan sonra - Metodiki Vəsait) Azərbaycan Respublikasının Konstitusiyasının, Vergi Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunlarının, Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla hazırlanmışdır.

1.2. Bu Metodiki Vəsait yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi, uçotu ilə bağlı ödəyicilərin və bələdiyyələrin vergi xidməti orqanlarının hərəkətlərini müəyyən edir.

2. Yerli (bələdiyyə) vergi və ödənişlər

2.1. Yerli (bələdiyyə) vergilərə aşağıdakılar aiddir:

2.1.1. Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;

2.1.2. Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi;

2.1.3. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

2.2. Yerli ödənişlərə aşağıdakılar aiddir:

2.2.1. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş;

2.2.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;

2.2.3. bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;

2.2.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş;

2.2.5. bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş.

2.3. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edə bilərlər. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır.

2.4. Yerli (bələdiyyə) vergilərin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

3. Fiziki şəxslərin torpaq vergisi

3.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanılır.

3.2. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər torpaq vergisinin (Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi istisna olmaqla) ödəyiciləridir.

3.3. Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır.

3.4. Fiziki şəxslər və bələdiyyə müəssisələri özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyələrdə uçota durmalıdırlar.

3.5. Torpaq üzərində fiziki şəxsin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin əsasında yaranır.

3.6. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə edilməsidir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə, torpaqdan daimi istifadə hesab olunur. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən doxsan doqquz ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən qırx doqquz ilədək müəyyən oluna bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara görə torpaq vergisi hesablanmadığı üçün belə torpaqlar digər şəxslərə icarə və digər əsaslarla istifadəyə verilərkən torpaq vergisinin vergitutma obyekti yaranır və torpaq vergisi onu icarə və digər əsaslarla istifadəyə götürən şəxslər tərəfindən ödənilir.

3.7. Xüsusi mülkiyyətdə olan torpaqlara görə torpaq vergisi onun mülkiyyətçisi tərəfindən ödənildiyi üçün belə torpaqlar digər şəxslərə icarə və digər əsaslarla istifadəyə verilərkən onu istifadəyə götürən şəxslərdən həmin torpağa görə torpaq vergisinin ödənilməsi tələb olunmur.

3.8. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

3.9. Torpaq vergisinin dərəcələri:

3.9.1. Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə) verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə verginin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.

3.9.2. Müvafiq icra hakimiyyəti orqanının verdiyi (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə) arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının 1 hektarının şərti balı kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli Qərarı ilə müəyyənləşdirilmişdir. Həmin Qərara əsasən biçənəklər, örüşlər və otlaqlar (yay və qış otlaqları da daxil olmaqla) üçün torpaqların 1 hektarının şərti balları müvafiq kadastr qiymət rayonlarının əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqlarının I keyfiyyət qrupu üçün müəyyənləşdirilmiş şərti balların 1/10-i miqdarında qəbul edilir.

3.9.3. Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları istisna olmaqla, digər torpaqlar üzrə torpaq vergisi torpaq sahəsinin hər 100 kv.metrinə görə aşağıdakı cədvəl 1-də göstərilən dərəcələr tətbiq olunmaqla hesablanılır:

Cədvəl 1-də göstərilən Abşeron rayonunun qəsəbə və kəndlərinə Xırdalan şəhəri, Qobu, Digah, Güzdək, Aşağı Güzdək, Saray, Hökməli, Ceyranbatan, Mehdiabad qəsəbələri və Masazır, Məmmədli, Novxanı, Görədil, Fatmayı, Pirəkəşkül-Qobustan kəndləri aiddir.

3.10. Fiziki şəxslərə torpaq vergisi torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən müvafiq ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanılır.

3.11. Torpaq vergisinin hesablanması zamanı “Yerli (bələdiyyə) büdcəyə torpaq vergisinin hesablanması forması”ndan (1 nömrəli əlavə) və “Yerli (bələdiyyə) büdcəyə torpaq vergisinin hesablanması formasının tərtib edilməsi qaydası”ndan (2 nömrəli əlavə) istifadə edilir.

3.12. Torpaq sahəsi bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikilinin altında olduqda və ya torpaq sahəsi onlara xidmət üçün ayrıldıqda, vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

3.13. Bələdiyyə tərəfindən hesablanmış torpaq vergisinin məbləği və ödənilmə müddəti barədə “Tədiyə bildirişi” (5 nömrəli əlavə) tərtib olunur və avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılır.

3.14. Torpaq vergisi fiziki şəxslər tərəfindən bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq müvafiq bələdiyyənin büdcəsinə ödənilir.

3.15. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

Torpaq vergisinin hesablanmasına dair misallar:

Misal 1. Kürdəmir rayonunun Muradxan kəndində fiziki şəxsin mülkiyyətində II keyfiyyət qrupuna aid olan 2,5 ha əkin sahəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 № li qərarı ilə təsdiq edilmiş “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları”na əsasən Kürdəmir rayonunun daxil olduğu Aran-Şirvan kadastr qiymət rayonunun II keyfiyyət qrupu üzrə torpaqların 1 ha üçün şərti bal 75 müəyyən edilmişdir.

Bu halda fiziki şəxsin 2,5 ha torpaq sahəsinə 11,25 manat (1 ha əkin sahəsinin şərti balı 75 x 0,06 manat x 2,5 ha) torpaq vergisi hesablanır.

Misal 2. Hacıqabul rayonunun düzən torpağında fiziki şəxs 50 ha otlaq sahəsini istifadəyə götürmüşdür. Muğan-Salyan kadastr qiymət rayonu üzrə Hacıqabulun düzən torpağında 1 ha otlaq sahəsinin şərti balı 9,8 (I keyfiyyət qrupunun şərti balı 98-in 1/10 hissəsi) təşkil edir.

Bu halda fiziki şəxsə 50 ha otlaq sahəsi üçün 29,4 manat (1 ha otlaq sahəsinin şərti balı 9,8 x 0,06 manat x 50 ha) torpaq vergisi hesablanır.

Misal 3. Goranboy rayonunun tabeliyində olan Dəliməmmədli şəhərində fiziki şəxs 200 kv.metr torpaq sahəsini ticarət-məişət xidmətlərinin göstərilməsi üçün istifadəyə götürmüşdür. Fiziki şəxsə bu sahəyə görə 4 manat (200 kv.metr x 2 manat/100 kv.metr) torpaq vergisi hesablanır.

Misal 4. Bakı şəhərində kommersiya məqsədi üçün istifadə olunan bina 5 fiziki şəxsə məxsusdur. Binanın altında olan torpaq sahəsi 500 kv.metrdir. İki fiziki şəxsin hər birinə 120 kv.metr, 3-cü şəxsə 100 kv.metr, 4-cü və 5-ci şəxslərin hər birinə 80 kv.metr tikili sahəsi düşür. Birinci 2 nəfərin hər birinin binanın ümumi sahəsindəki payı 24 % (120:500 x100), 3-cü şəxsin payı 20 % (100:500 x100), 4-cü və 5-ci şəxslərin hər birinin payı isə 16 % (80:500 x100) təşkil edir.

Bu halda, binanın altında olan torpaq sahəsinə hesablanmış 50 manat (500 kv.metr x 10 manat/100 kv.metr) torpaq vergisi tikilidəki paylara mütənasib olaraq birinci 2 nəfərin hər biri üçün 12 manat (50 manat x 24%), 3-cü şəxs üçün 10 manat (50 manat x 20%), 4-cü və 5-ci şəxslərin hər biri üçün 8 manat (50 manat x 16%) məbləğində hesablanır.

Misal 5. Fiziki şəxsin Bakı şəhərinin Mərdəkan qəsəbəsində 10500 kv.metr bağ sahəsi vardır. Bağ sahəsinin 10000 kv.metrdən artıq olduğu nəzərə alınaraq torpaq vergisinin illik məbləği aşağıdakı kimi hesablanır:

torpaq sahəsinin 10000 kv.metri üçün 60 manat (10000 x 0,6/100);

torpaq sahəsinin 10000 kv.metrdən yuxarı olan hissəsi üçün 6 manat ((10500 - 10000) x 1,2/100);

cəmi: 66 manat (60 + 6).

3.16. Fiziki şəxslərin torpaq vergisi üzrə güzəşt və azadolmalar

3.16.1. Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən bu Məcəllənin 102.2-ci maddəsində göstərilən aşağıdakı şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır:

- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;

- Azərbaycan Respublikasının Milli Qəhrəmanlarıın;

- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;

- müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;

- həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlar (ərləri) və övladları;

- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər;

- qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər (müharibə veteranı adı almış şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən və həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi formada “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsi verilmiş şəxslər aiddir);

- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

3.16.2. Güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində torpaq sahələri olduqda, 10 manat məbləğində güzəşt fiziki şəxsin seçiminə uyğun olaraq bir bələdiyyə ərazisində hesablanmış torpaq vergisi məbləğindən və yaxud torpaq sahələrinin ölçülərinə mütənasib olaraq müxtəlif bələdiyyələrin ərazilərində hesablanmış vergi məbləğlərindən çıxılır.

3.16.3. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye yaxud texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parklarında istifadə etdikləri torpaqlara görə 10 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

3.16.4. İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.

3.16.5. Geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedici sənədlər (geoloji-kəşfiyyat işlərini həyata keçirən şəxsin podrat müqaviləsi, geoloji-kəşfiyyat planı, geoloji-kəşfiyyatla bağlı təqdim edilən hesabat) əsasında faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə başlanıldığı təqvim ili üzrə 75 faiz azaldılır. Bu maddənin müddəaları eyni vergi ilində geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən və istismar edilərək faydalı qazıntılar çıxarılan torpaq sahələrinə münasibətdə tətbiq edilmir.

Torpaq vergisi üzrə güzəştlərin verilməsinə dair misallar:

Misal 1. Güzəşt hüququna malik müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mülkiyyətində Gəncə şəhərində 500 kv.metr həyətyanı sahəsi və şəhərdən kənarda istifadəsində 600 kv.metr bağ sahəsi vardır. Bu halda, 10 manat məbləğində güzəşt hüququ müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mülkiyyətində olan torpağa verildiyinə görə 500 kv.metr həyətyanı sahəyə görə hesablanmış 2,5 manat (500 kv.metr x 0,5 manat/100 kv.metr ) torpaq vergisi ödənilmir, lakin istifadədə olan 600 kv.metr torpaq sahəsinə hesablanmış 3 manat (600 kv.metr x 0,5 manat/100 kv.metr) vergi ödənilir.

Misal 2. Xırdalan şəhərində yerləşən iki mərtəbəli binanın altında yerləşən və ona xidmət üçün ayrılmış torpağın ümumi sahəsi 600 kvadratmetrdir. Həmin binanın birinci mərtəbəsi müharibə ilə əlaqədar əlilliyi olan şəxsə, ikinci mərtəbəsi Azərbaycan Respublikasının Milli Qəhrəmanı olan fiziki şəxsə məxsusdur. Hər bir mərtəbənin sahəsi 200 kv.metrə bərabərdir. Müharibə ilə əlaqədar əlilliyi olan şəxs binanın ona məxsus olan hissəsindən iaşə xidmətinin göstərilməsi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı isə ticarət fəaliyyəti üçün istifadə edir. Bu halda, 600 kvadratmetr sahəyə görə 48 manat (600 kvadratmetr x 8 manat/100) torpaq vergisi hər iki fiziki şəxs arasında bərabər məbləğlərdə (48 manat/2 = 24 manat) bölüşdürülür (tikilinin onlara məxsus hissələrinin sahəsi bərabər olduğuna görə) və onların hər birinə 10 manat məbləğində güzəşt hüququ nəzərə alınmaqla 14 manat (24 manat – 10 manat) vergi hesablanır.

Misal 3. Müharibə veteranı adı almış şəxsin mülkiyyətində Xaçmaz rayonunun düzən torpaqlarında II keyfiyyət qrupu üzrə 2,4 ha kənd təsərrüfatı təyinatlı və yaşayış fondu da daxil olmaqla 950 kvadratmetr həyətyanı torpaq sahəsi vardır. Bu halda kənd təsərrüfatı təyinatlı 2,4 ha torpaq sahəsinə 12,82 manat (II qrup üzrə 1 ha düşən torpağın şərti balı 89 x 0,06 manat x 2,4 ha), həyətyanı 950 kvadratmetr sahəyə 0,95 manat (950 kvadratmetr x 0,1 manat/100 kvadratmetr), cəmi - 13,77 manat (12,82 + 0,95) torpaq vergisi hesablanılır. Güzəşt hüququna malik olduğu üçün fiziki şəxsin 13,77 manat hesablanmış vergisi 10 manat məbləğində azaldılır və qalan 3,77 manat (13,77 - 10 ) vergi məbləği ödənilir.

4. Fiziki şəxslərin əmlak vergisi

4.1. Azərbaycan Respublikasının ərazisində xüsusi mülkiyyətində tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq) olan rezident və qeyri-rezident fiziki şəxslər, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq su və hava nəqliyyatı (o cümlədən mühərriki olmayan) vasitələri olan rezident fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir.

4.2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.11-ci maddəsinə görə bina insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir.

4.3. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən binalar, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektidir.

4.4. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan 4.1-ci bənddə göstərilən aktivlər istisna olmaqla, fərdi sahibkarların balansında olan əsas vəsaitlər bələdiyyələrin əmlak vergisi məqsədləri üçün vergitutma obyekti hesab edilmir.

4.5. Fiziki şəxslərin əmlak vergisinin dərəcələri.

4.5.1. fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kv.metrdən artıq olan hissəsinin) hər kv.metrinə görə cədvəl 2-də göstərilən dərəcələr tətbiq olunur (Bakı şəhərində yerləşən binalara münasibətdə, həmin dərəcələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarı ilə müəyyən olunmuş 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir);

 

Cədvəl 2

4.5.2. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;

4.5.3. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;

4.5.4. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün - onların bazar qiymətinin 1 faizi.

4.6. Fiziki şəxslərin mülkiyyətində olan binaya görə əmlak vergisi onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən binanın sahəsinin (xüsusi mülkiyyətində olan yaşayış sahələrinə münasibətdə isə onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə hesablanır.

4.7. Fiziki şəxsin bir neçə yaşayış sahəsi olduqda, vergiyə cəlb olunmayan 30 kvadratmetr yaşayış sahələrinin hər birindən ayrılıqda çıxılır.

4.8. Mənzil Məcəlləsinin 12-ci maddəsinə əsasən yaşayış sahəsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

4.9. Əmlak vergisinin hesablanması zamanı “Yerli (bələdiyyə) büdcəyə əmlak vergisinin hesablanması forması”ndan (3 nömrəli əlavə) və “Yerli (bələdiyyə) büdcəyə əmlak vergisinin hesablanması formasının tərtib edilməsi qaydası”ndan (4 nömrəli əlavə) istifadə olunur.

4.10. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq hesablanır.

4.11. Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq bələdiyyənin vergi xidməti orqanına təqdim edir.

4.12. Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.

4.13. Bələdiyyə tərəfindən hesablanmış əmlak vergisinin məbləği və ödənilmə müddəti barədə “Tədiyə bildirişi” (6 nömrəli əlavə) tərtib olunur və avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə verilməlidir.

4.14. Cari il üçün əmlak vergisinin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Əmlak vergisinin hesablanmasına dair misallar:

Misal 1. Fiziki şəxsin Bakı şəhərində Azadlıq Prospekti ilə Həsən Əliyev küçəsinin kəsişdiyi yerdə yerləşən çoxmənzilli binada ümumi sahəsi 130 kvadratmetr olan yaşayış sahəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarında həmin yer 3-cü zonaya aid edilmiş və zona əmsalı 1,3 müəyyən olunmuşdur. Qeyd olunan əmsal və yaşayış sahəsinin 30 kvadratmetrinin vergiyə cəlb olunmadığı nəzərə alınaraq fiziki şəxsə məxsus mənzilə görə əmlak vergisi aşağıdakı kimi hesablanır:

(130-30) x 0,4 x 1,3 = 52 manat

Misal 2. Fiziki şəxsin Bakı şəhərində Əl Oyunları stadionunun yaxınlığında Mikayıl Hüseynov prospektində yerləşən çoxmənzilli binada sahəsi 140 kvadratmetr olan və Zığ qəsəbəsində sahəsi 60 kvadratmetr olan yaşayış sahələri vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarında Mikayıl Hüseynov prospektində Əl Oyunları stadionunun yaxınlığındakı yer 1-ci zonaya (zona əmsalı 1,5), Zığ qəsəbəsi 11-ci zonaya (zona əmsalı 0,75) aid edilmişdir. Həmin mənzillərə görə əmlak vergisi vergiyə cəlb olunmayan 30 kvadratmetr nəzərə alınmaqla aşağıdakı kimi hesablanır:

1- ci mənzil üzrə (140-30) x 0,4 x 1,5 = 66 manat;

2-ci mənzil üzrə (60-30) x 0,4 x 0,75= 9 manat;

cəmi 66 + 9 = 75 manat.

Misal 3. Fərdi sahibkar Sumqayıt şəhərində yerləşən sahəsi 70 kvadratmetr olan ona məxsus tikilidə iaşə xidmətini göstərir. İaşə xidməti göstərilən tikilinin qeyri-yaşayış sahəsi olduğu və Sumqayıt şəhəri üzrə əmlak vergisi dərəcəsinin 1 kvadratmetr üçün 0,3 manat müəyyən edildiyi nəzərə alınaraq həmin tikiliyə görə əmlak vergisi aşağıdakı kimi hesablanır:

70 x 0,3 = 21 manat

Misal 4. Fiziki şəxsin mülkiyyətində olan mənzilin ümumi sahəsi 28 kvadratmetrdir. Yaşayış mənzilinin sahəsi 30 kvadratmetrdən az olduğuna görə əmlak vergisi hesablanmır.

Misal 5. Fiziki şəxsin Sumqayıt şəhərində mülkiyyətində olan yaşayış binasının ümumi sahəsi 120 kvadratmetrdir. Əmlak vergisinin hesablanması üçün binanın ümumi sahəsindən 30 kvadratmetr çıxılmaqla 27 manat ((120 kvadratmetr – 30 kvadratmetr) x 0,3 manat) əmlak vergisi hesablanır.

Misal 6. Fiziki şəxsin Gəncə şəhərində mülkiyyətində olan binasının ümumi sahəsi 40 kv.metrdir. O, bu binadan ticarət faəiyyətinin göstərilməsi üçün istifadə edir. Bu zaman əmlak vergisi 30 kvadratmetr çıxılmadan (yaşayış sahəsi olmadığına görə) binanın bütün sahəsindən 12 manat (40 kvadratmetr x 0,3 manat) məbləğində hesablanır.

Misal 7. Fiziki şəxsə məxsus su nəqliyyatı vasitəsinin (yaxtanın) mühərrikinin həcmi 2500 kub santimetrdir. Bu halda həmin su nəqliyyatı vasitəsinə görə hesablanmış əmlak vergisi 50 manat (2500 kub santimetr x 0,02 manat) təşkil edir.

Misal 8. Fiziki şəxsə məxsus mühərriki olmayan su nəqliyyatı vasitəsinin bazar qiyməti 15000 manatdır. Bu halda həmin su nəqliyyatı vasitəsinə görə 150 manat (15000 manat x 1 %) əmlak vergisi hesablanır.

4.15. Fiziki şəxslərin əmlak vergisi üzrə güzəşt və azadolmalar.

4.15.1. misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallarından məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir;

4.15.2. binaların icarəyə, kirayəyə verilməsi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

4.15.3. Güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində binaları olduqda, 30 manat məbləğində güzəşt fiziki şəxsin seçiminə uyğun olaraq bir bələdiyyə ərazisində hesablanmış əmlak vergisi məbləğindən və yaxud müxtəlif bələdiyyələrin ərazilərində yerləşən binalara görə hesablanmış vergi məbləğlərindən binaların sahələrinə mütənasib olaraq çıxılır.

4.15.4. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parklarındakı əmlaklarına görə 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

4.15.5. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar;

4.15.6. İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Bu maddə ilə müəyyən edilmiş azadolma investisiya təşviqi sənədi alınan tarixədək əldə edilmiş və fərdi sahibkar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilmiş əmlaklara tətbiq edilmir. Bu maddə ilə müəyyən edilən azadolma investisiya layihəsi çərçivəsində sahibkarlıq fəaliyyətinə cəlb edilən və əvvəllər vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilməyən binalara da şamil edilir.

4.15.7. mikro sahibkarlıq subyekti olan fiziki şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi üzrə güzəştlərin hesablanmasına dair misallar:

Misal 1. Fiziki şəxsin Gəncə şəhərində yerləşən sahəsi 150 kv.metr olan yaşayış evi və xalq musiqi alətlərinin hazırlanması ilə məşğul olduğu sahəsi 35 kv.metr olan emalatxanası vardır. Bu halda emalatxananın sahəsindən vergi hesablanmır. Fiziki şəxsin yaşadığı binanın 150 kv.metr sahəsindən 30 kv.metr çıxıldıqdan sonra qalan sahəyə görə 36 manat ((150 kv.metr – 30 kv.metr) x 0,3 manat) əmlak vergisi hesablanır.

Misal 2. Müharibə veteranı adı almış şəxs Sumqayıt şəhərində sahəsi 60 kv.metr olan yaşayış binasını kirayəyə vermişdir. Binanı kirayəyə verdiyi üçün müharibə veteranı güzəşt hüququnu itirir və ona 9 manat ((60 kv.metr – 30 kv.metr) x 0,3 manat) əmlak vergisi hesablanır.

Misal 3. Müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mülkiyyətində Yevlax şəhərində yerləşən və sahəsi 70 kv.metr olan yaşayış binası və sahəsi 80 kv.metr olan kommersiya fəaliyyəti üçün istifadə etdiyi digər binası vardır. Bu halda, yaşayış binasına görə 8 manat ((70 kv.metr – 30 kv.metr) x 0,2 manat) əmlak vergisi verilən güzəştin məbləğindən (30 manatdan) az olduğu üçün əmlak vergisi hesablanmır. Lakin, kommersiya fəaliyyəti üçün istifadə edilən binaya görə isə güzəşt tətbiq edilmədən 16 manat (80 kv.metr x 0,2 manat) əmlak vergisi hesablanır.

5. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

5.1. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar (bundan sonra bələdiyyə müəssisələri adlandırılacaq) mənfəət vergisinin ödəyiciləridirlər.

Bələdiyyə müəssisələri “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən təsərrüfat fəaliyyəti və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxs statusunda yaradılır.

5.2. Bələdiyyə müəssisələri üçün vergitutma obyekti onun mənfəətidir. Bələdiyyə müəssisəsinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə Vergi Məcəlləsinin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

5.3. Bələdiyyə müəssisələrinin mənfəətindən Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə (20 faiz) vergi tutulur.

5.4. Hesabat ili üçün hesablanmış mənfəət vergisinin məbləği hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq müvafiq ərazinin bələdiyyə büdcəsinə ödənilir.

5.5. Vergi Məcəlləsinə əsasən bələdiyyə müəssisələri rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri bələdiyyə büdcəsinə ödəməlidirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.

5.6. Bələdiyyə müəssisələri cari vergi ödəmələrinin məbləğini cari rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.

5.7. Bələdiyyə müəssisəsi il ərzində cari vergi ödəmələrinin məbləğinin müəyyənləşdirilməsi üçün bu Metodiki Vəsaitin 5.5-ci və 5.6-cı bəndlərində göstərilən iki mümkün metoddan birini seçir və hər il aprel ayının 15-dək bu barədə bələdiyyənin vergi xidməti orqanına məlumat verir.

5.8. Bu Metodiki Vəsaitin 5.6-cı bəndində nəzərdə tutulan metod seçildiyi halda, bələdiyyə müəssisəsi hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən hesablanmış cari vergi məbləği barədə bələdiyyənin vergi xidməti orqanına arayış təqdim edir (7 nömrəli əlavə). Arayış təqdim edilmədiyi halda, bələdiyyənin vergi xidməti orqanı bu Metodiki Vəsaitin 5.5-ci bəndində nəzərdə tutulan metodu tətbiq edir.

5.9. Cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq edilən metod barədə məlumat vermədiyi halda bələdiyyənin vergi xidməti orqanı bu Metodiki Vəsaitin 5.5-ci bəndində nəzərdə tutulan metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

5.10. Cari vergi ödəmələri vergi ili üçün bələdiyyə müəssisəsindən tutulan mənfəət vergisinin məbləğinə aid edilir.

5.11. Əvvəlki vergi ilində fəaliyyəti və ya vergi tutulan mənfəəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən, habelə yeni yaradılmış və fəaliyyət göstərən (bundan sonra - əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti olmayan bələdiyyə müəssisəsi) bələdiyyə müəssisəsinin mənfəət vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə hesablanır. Bu zaman cari vergi ödəmələrinin məbləği mənfəətdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.

5.12. Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti olmayan bələdiyyə müəssisəsələri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən hesablanmış cari vergi məbləği barədə bələdiyyənin vergi xidməti orqanına arayış təqdim etməlidir (7 nömrəli əlavə).

5.13. Cari vergi ödəmələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, bələdiyyə müəssisəsindən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə Vergi Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada 0,1% məbləğində faiz tutulur. Aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergilər üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətə ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

5.14. Cari vergi ödəmələri vergi ili üçün əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti olmayan bələdiyyə müəssisəsinin tutulan verginin məbləğinə aid edilir.

5.15. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

5.16. Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti olmayan bələdiyyə müəssisəsi tərəfindən Vergi Məcəlləsinin 16.2-ci maddəsinə əsasən fəaliyyəti olmadığı barədə arayışı və ya rüb ərzində mənfəətdən hesablanmış cari vergi məbləği barədə arayışı təqdim etmədiyi halda, bələdiyyənin vergi xidməti orqanı cari vergi ödəmələrinin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar əsasında hesablayır və vergi ödəyicisinə müvafiq bildiriş göndərir.

5.17. Bələdiyyə müəssisələri tərəfindən hər hesabat ili üçün hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq son hesablama aparılır və həmin müddətədək bu Metodiki vəsaitə əlavə edilmiş (8 nömrəli əlavə) formaya uyğun tərtib edilmiş mənfəət vergisinin bəyannaməsi müvafiq bələdiyyəyə təqdim edilməklə hesablanmış mənfəət vergisi bələdiyyə büdcəsinə ödənilir (bəyannamənin doldurulma qaydası Dövlət Vergi Xidmətinin www.taxes.gov.az internet səhifəsində yerləşdirilmişdir).

5.18. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar Vergi Məcəlləsinin 106-cı maddəsində qeyd olunan azadolma və güzəştlərdən istifadə edə bilərlər.

Mənfəət vergisinin hesablanmasına dair misallar:

Misal 1. “A” bələdiyyəsi tərəfindən istirahət parkında əyləncə xidmətləri göstərən “B” müəssisəsi yaradılmışdır. Hesabat ili ərzində göstərilən xidmətlərdən əldə edilən gəlir 40000 manat, həmin xidmətlərin göstərilməsinə çəkilən xərclər isə 35000 manat olmuşdur. Bu halda müəssisənin vergi tutulan mənfəəti 5000 manat (40000manat - 35000 manat), mənfəətdən hesablanmış vergi isə 1000 manat (5000 manat x 20%) olacaqdır.

Misal 2. Əvvəlki hesabat ilində bələdiyyə müəssisəsi tərəfindən 10000 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə cari vergi ödəmələrinin müəyyənləşdirilməsi üçün birinci metodu (əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsi) seçmişdir. Bu halda cari ilin rübləri üzrə ödənilməli olan cari vergi ödəməsinin məbləği 2500 manat (10000 manat x 1/4) təşkil edəcəkdir.

Misal 3. Cari ilin 1-ci rübündə bələdiyyə müəssisəsinin gəliri 6000 manat olmuşdur. Cari vergi ödəmələrinin müəyyənləşdiriməsi üçün müəssisə ikinci metodu (əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin həmin ilin gəlirlərindəki xüsusi çəkisi əsasında) seçmişdir. Əvvəlki hesabat ilinin gəliri 25000 manat, hesablanmış mənfəət vergisi 5000 manat təşkil etmişdir. Bu halda cari ilin 1-ci rübü üzrə cari vergi ödəməsinin müəyyən edilməsi üçün əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin həmin ilin gəlirlərindəki xüsusi çəkisi 0,2 (5000 manat/25000 manat) həmin rübün gəlirinə vurulur və 1200 manat (6000 manat x 0,2) cari vergi hesablanır.

Misal 4. Bələdiyyə müəssisəsi 2013-cü ilin iyul ayında fəaliyyətə başlamışdır. Həmin ilin 3-cü rübündə müəssisənin gəliri 6000 manat, xərcləri isə 4000 manat olmuşdur. Bu halda 3-cü rüb üzrə cari vergi ödənişinin məbləği 300 manatdan (6000 manat - 4000 manat) x 20% x 75%) az olmamalıdır. 4-cü rüb başa çatdıqdan sonra artan yekunla müəssisənin gəlirləri 12000 manat, xərcləri isə 8000 manat təşkil etmişdir. 4-cü rübün nəticəsinə görə artan yekunla cari vergi ödəməsinin məbləği 600 ((12000 manat - 8000 manat) x 20% x 75%) manat miqdarında müəyyən edilir və 3-cü rübdə ödənilməli olan cari ödəmənin məbləği 3-cü rübdə ödənilmiş cari ödəmə nəzərə alınmaqla 300 manatdan (600 manat – 300 manat) az olmamalıdır. Hesabat ilinin yekunu üzrə mənfəət vergisinin bəyannaməsi təqdim olunarkən müəyyən edilmişdir ki, cari vergi ödəmələrinin məbləği mənfəətdən verginin məbləğinin 75 faizindən az olmuşdur. Bu halda yanvar ayının 16-dan başlayaraq son haqq hesabın ödənildiyi tarixədək olan hər bir gün üçün azaldılmış cari ödəmə məbləğinin 0,1%-i həcmində faiz məbləği hesablanır.

6. Yerli ödənişlər

6.1. Bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş

6.1.1. Bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu və ona uyğun olaraq qəbul olunmuş normativ-hüquqi aktlarla müəyyən edilir.

6.1.2. “Reklam haqqında” Azərbaycan Respublikasinin Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsi) icazə almalıdır.

6.1.3. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsi) arasında bağlanılacaq müqavilədən irəli gələn məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir.

6.1.4. Reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdirilməsi ilə bağlı həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsi) arasında bağlanılacaq müqavilədən irəli gələn məbləğin hesablanması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

“Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2017-ci il tarixli 598 nömrəli Qərarının 4-cü hissəsinə əsasən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı həmin əmlakın icarəsinə görə məbləğ, reklam yayıcısının həmin reklam daşıyıcısında reklam yerləşdirilməsinə icazə verilməsi üçün ödədiyi (ödəyəcəyi) dövlət rüsumu məbləğinin 10 faizi həcmində müəyyən edilir və açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazənin qüvvədəolma müddətində bir dəfə ödənilir.

6.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş.

6.2.1. Bələdiyyə mülkiyyətində olan torpaqların özgəninkiləşdirilməsi və ya icarəyə verilməsindən alınan ödənişin məbləği hüquqi və fiziki şəxslərlə bağlanılan müqavilələrdə öz əksini tapır.

6.2.2. Torpaqların özgəninkiləşdirilməsi və ya icarəyə verilməsi zamanı aşağıdakılar nəzərə alınır:

6.2.2.1. Torpaq Məcəlləsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla).

6.2.2.2. Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi zamanı müəyyən edilən ödənişin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli 226 nömrəli qərarına əsasən həmin torpağa görə ödənilməli olan torpaq vergisinin 2 misli miqdarından az olmamalıdır.

Misal 1. “A” MMC bələdiyyəyə məxsus olan və İmişli rayonunun mərkəzində yerləşən 200 kv. metr torpaq sahəsini məişət xidmətinin göstərilməsi üçün icarəyə götürmüşdür. Həmin torpağın icarə haqqının minimum həddinin müəyyən edilməsi üçün torpağa görə ödənilməli olan torpaq vergisinin məbləği hesablanılır və 2-yə vurulur. Bu halda həmin torpağa görə icarə haqqı 16 manatdan ((200 kv. metr x 4 manat/100 kv. metr) x 2) az olmamalıdır.

6.3. Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş.

Xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişin məbləği bələdiyyələr haqqında qanunvericiliyə uyğun olaraq müvafiq ərazinin bələdiyyəsi tərəfindən müəyyən edilir.

6.4. Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş.

Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanır və hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir.

6.5. Bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş.

Bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla hər bir ödəyicidən tutulur və dayanacaqları təşkil edən şəxslər tərəfindən bələdiyyələr tərəfindən müəyyən edilmiş müddətlərdə və qaydalarla müvafiq bələdiyyənin büdcəsinə ödənilir.

6.6. Yerli ödənişlərlə əlaqədar vergi ödəyiciləri tərəfindən “Bələdiyyə ərazisində xidmətlər göstərən şəxslərdən alınan ödənişin hesabatı” (9 nömrəli əlavə) tərtib olunur və rüb qutardıqdan sonra növbəti ayın 20-dək bələdiyyələrin vergi xidməti orqanına təqdim edilir.

7. Yerli (bələdiyyə) vergi və ödənişlər üzrə daxilolmaların uçotu

7.1. Yerli (bələdiyyə) vergi və ödənişlər üzrə daxilolmaların uçotunun aparılmasında aşağıdakı anlayışlardan istifadə olunur:

7.1.1. şəxs - istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi;

7.1.2. hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq huquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar;

7.1.3. fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs;

7.1.4. şəxsi hesab vərəqəsi - yerli (bələdiyyə) vergi və ödənişlər, maliyyə sanksiyaları və faizlər üzrə iki tarix aralığına və yaxud çap olunduğu tarixə yerli büdcə ilə qarşılıqlı hesablaşmaların vəziyyətini əks etdirən vahid vərəqə;

7.1.5. naməlum şəxsi hesab vərəqəsi – ödəyicisi bəlli olmayan yerli büdcə daxilolmalarının iki tarix aralığına və yaxud çap olunduğu tarixə məlumatları əks etdirən vərəqə;

7.1.6. üzləşmə aktı - iki tarix aralığına və ya tərtib edildiyi tarixə yerli (bələdiyyə) büdcə ilə qarşılıqlı münasibətlərinin vəziyyətinə dair vergi ödəyicisi ilə bələdiyyənin vergi xidməti arasında tərtib edilən və dövr ərzində hesablanmış, ödənilmiş, azaldılmış, qaytarılmış məbləğlərin, dövrün əvvəlinə və sonuna müsbət (qalıq) və ya mənfi (artıq ödəmə) saldonu əks etdirən və hər iki tərəfin imzası ilə təsdiq edilmiş sənəd;

7.1.7. ödəmə müddəti – hesablanmış vəsaitlərin bələdiyyə büdcəsinə ödənilməsi (büdcədən qaytarılması) üçün qanunla müəyyən edilmiş müddət;

7.1.8. ödəmə tarixi – ödəmə müddətinin sonuncu günü, həmin gün qeyri-iş gününə təsadüf etdiyi halda, növbəti iş günü.

7.1.9. hesablanmış vəsait - qanunvericiliklə müəyyən edilmiş bəyannamə və ya digər sənədlərə əsasən dövr ərzində vergi ödəyicisi tərəfindən yerli (bələdiyyə) büdcəyə ödənilməli və ya yerli (bələdiyyə) büdcədən vergi ödəyicisinə qaytarılmalı olan verginin məbləği, ödəmə mənbəyində verginin tutulub aidiyyəti üzrə ödənilməsini həyata keçirən vergi agentləri tərəfindən yerli (bələdiyyə) büdcəyə ödənilməli məbləğ, vergi olmayan digər vəsaitləri ödəyən şəxslər tərəfindən yerli (bələdiyyə) büdcəyə ödənilməli məbləğ, habelə yerli (bələdiyyə) büdcəyə ödənilməli faiz və maliyyə sanksiyaları

7.1.10. ödənilmiş vəsait – bilavasitə yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisi (bundan sonra - ödəyici adlandırılacaq) tərəfindən ödənilməklə və ya qanunvericiliyə uyğun olaraq ödəyicinin bank hesabından silinməklə, yerli büdcəyə mədaxil edilmiş yerli (bələdiyyə) vergi və ödənişlərin, habelə faiz və maliyyə sanksiyalarının məbləği;

7.1.11. qaytarılmış vəsait - bələdiyyənin vergi xidməti orqanının rəyi əsasında bələdiyyə büdcəsindən vergi ödəyicisinə qaytarılmış yerli (bələdiyyə) vergi və ödənişlərin, habelə faiz və maliyyə sanksiyaları üzrə artıq ödəmə məbləğləri;

7.1.12. ödəniş sənədi - yerli (bələdiyyə) vergi və ödənişlərin, habelə faiz və maliyyə sanksiyasının yerli (bələdiyyə) büdcəyə köçürülməsi məqsədi ilə ödəyicilər tərəfindən hazırlanmış və bank idarəsinə təqdim olunmuş ödəniş tapşırığı, sərəncam, qəbz, bankın memorial orderi və ya elektron formatda alınan məlumat;

7.1.13. şəxsi hesab vərəqəsindən çıxarış – bələdiyyənin vergi xidməti orqanında olan şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən yerli (bələdiyyə) vergi və ödənişlər, habelə faiz və maliyyə sanksiyası üzrə ödəyici ilə yerli büdcə arasında iki tarix aralığına və ya çıxarışın çap olunduğu tarixə qarşılıqlı münasibətləri özündə əks etdirən vərəq.

7.2. Bələdiyyələrin vergi xidməti orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotu hər bir ödəyici üzrə şəxsi hesab vərəqəsində (10 nömrəli əlavə) proqram təminatı vasitəsi ilə aparılır.

7.3. Bələdiyyələrin vergi xidməti orqanlarında uçota alınan hər bir ödəyiciyə şəxsi hesab vərəqəsi proqram təminatı vasitəsi ilə yaradılır. Şəxsi hesab vərəqəsi uçota alınan zaman proqram təminatı vasitəsilə avtomatik olaraq yaradılır.

7.4. Şəxsi hesab vərəqəsi: VÖEN/FİN nömrəli şəxsi hesab vərəqəsi, naməlum şəxsi hesab vərəqəsindən ibarətdir.

7.5. Şəxsi hesab vərəqəsi vergi ödəyicisinin məlumatları üzrə detallı və detalsız formalardan ibarətdir.

7.6. Detallı şəxsi hesab vərəqələrində aşağıdakı məlumatlar əks olunur:

7.6.1. Vergi ödəyicisinin tam adı, VÖEN-i, fəaliyyət növü, mülkiyyət növü, təşkilati-hüquqi forması, ünvanı, telefonu, hüquqi şəxsin rəhbəri, ƏDV qeydiyyatına alındığı tarix;

7.6.2. hesablanmış, azaldılmış və ödənilmiş vəsaitlərin məbləğləri, yazılış tarixi, əməliyyatın adı;

7.6.3. artıq ödənilmiş vəsaitlərin digər şəxsi hesab vərəqəsində əvəzləşdirilmiş məbləğləri;

7.6.4. vergi ödəyicisinə qaytarılmış vəsaitlər üzrə məbləğlər;

7.6.5. ödəmə müddəti gecikdirilən vəsaitə görə hesablanmış və ödənilmiş faiz məbləğləri.

7.7. Detalsız şəxsi hesab vərəqəsində vergi ödəyicisinin tam adı, VÖEN-i və bu Qaydaların 7.6.2 – 7.6.5-ci yarımbəndlərində olan məlumatlar əks olunur.

7.8. Şəxsi hesab vərəqəsinin müxtəlif formada alınması üçün “faiz hesablanması məqsədləri üçün”, “ilk/son tarixə görə”, “yazılma tarixinə görə”, “dövrə görə” filtirlərdən istifadə oluna bilər. Eyni zamanda şəxsi hesab vərəqəsinin yekununda pul növü (manatla, min manatla və s), çap olunma tarixi, əhatə olunan dövr, saldo (qalıq və ya artıq ödəmə), hesablanmış, ödənilmiş, qaytarılmış, azaldılmış, əmlaka yönəldilmiş, məhkəmə hökmü ilə təmin edilmiş məbləğlər, faiz üzrə saldo, çap tarixinə faiz borcu, əhatə etdiyi dövrün son tarixinə saldo, çap tarixinə saldo, cəmi ödənməli borc , vaxtı ötmüş borc, vaxtı örtmüş artıq ödəmə və vergi üzrə möhlət verilmiş borc göstərilir.

7.9. Şəxsi hesab vərəqələrində əməliyyatların məbləğlərinin uçotu manatla aparılır. Digər valyutada olan əməliyyatların uçotu məlumat üçün aparıla bilər.

7.10. Şəxsi hesab vərəqəsində əməliyyatların aparılması üçün bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəli şəxslərinin parolları onların imzaları hesab edilir , vəzifəli şəxslər bu xüsusi parolların məxfiliyinin saxlanılmasına məsuliyyət daşıyırlar.

7.11. Ödəyicinin şəxsi hesab vərəqəsinə hesablanmış vəsait məbləği aşağıdakı sənədlər əsasında və göstərilən müddətlərdə daxil edilir:

7.11.1. vergi ödəyicisi tərəfindən təqdim edilmiş hesabat və bəyannamə əsasında – hеsаbаt və yа bəyannamə kağız daşıyıcıda təqdim oldunduğu halda 3 iş günü ərzində, elektron formatda təqdim edildiyi halda hesabatın və bəyannamənin təqdim edildiyi gün ərzində;

7.11.2. kameral vergi yoxlamasının nəticələri əsasında - kameral vergi yoxlamasının nəticəsi üzrə Qərarın imzalandığı gün ərzində;

7.11.3. ödəyicidə aparılmış səyyar vergi yoxlaması nəticəsində əlavə hesablanmış vergilər (ödəyici tərəfindən artıq hesablanması müəyyən edilmiş vergi), yerli ödənişlər, faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları - məsuliyyətə cəlb etmə haqqında Qərarın imzalandığı gün ərzində;

7.11.4. qanunvericiliklə müəyyən edilmiş hallarda bələdiyyənin vergi xidməti orqanı tərəfindən cari vergi məbləğləri hesablandıqda - cari vergi məbləğinin ödəniş müddətinin başa çatdığı günədək;

7.11.5. mənfəət vergisi üzrə cari vergi məbləğlərinin hesablanması üçün ödəyici tərəfindən cari vergi məbləğinin ödəniş müddəti başa çatanadək təqdim edilmiş arayışlar əsasında - arayışın təqdim edildiyi gündən sonra 1 iş günü ərzində;

Mənfəət vergisi üzrə cari vergi məbləğinin ödəniş müddəti başa çatdıqdan sonra təqdim edilmiş arayışlar üzrə cari vergi məbləği isə Vergi Məcəlləsinin 151.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə proqram vasitəsilə hesablanır;

7.11.6. vergi hesabatlarının (o cümlədən arayışın) vaxtında təqdim edilməməsinə görə vergi ödəyicisinə tətbiq edilmiş maliyyə sanksiyası bələdiyyənin vergi xidməti orqanı tərəfindən müvafiq altsistem vasitəsi ilə tətbiq edilir;

7.11.7. ödəyiciyə hesablanmış vəsaitlər ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında - məhkəmə qərarı icra üçün daxil olduqdan sonra 2 iş günü ərzində;

7.11.8. silinmiş yerli vergilər və ödənişlər, habelə faizlər, maliyyə sanksiyaları barədə bələdiyyənin qərarına əsasən –qərarın təsdiq edildiyi gündən sonra 1 iş günü ərzində;

7.11.9. vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması və ya uzadılmış müddətə xitam verilməsi barədə bələdiyyənin vergi xidməti orqanının qərarı əsasında - bu cür qərar qəbul edildiyi gün ərzində;

7.11.10. vergi və ya ödənişlərin hesablanması üçün zəruri olan hesabat məlumatları qanunvericilikdə müəyyən edilmiş müddətlərdə təqdim edilmədikdə, əlаqəli məlumаtа əsаsən vеrgi və ya ödənişin hesablandığı gün ərzində:

7.11.11. Vergi Məcəlləsində nəzərdə tutulmuş hallarda hesablanmış yerli vergilər və ödənişlər bələdiyyənin vergi xidməti orqanı tərəfindən yenidən hesablandıqda, müvafiq hesablama qərarı - yenidən hesablamanın aparıldığı gün ərzində

7.12. Yerli (bələdiyyə) vergi və ödənişlərin, faizlərin və maliyyə sanksiyalarının bələdiyyə büdcəsinə daxil olduğunu təsdiq edən sənədlər və ya elektron məlumat bələdiyyələrin vergi xidməti orqanına təqdim edildikdən sonra bələdiyyə informasiya sistemində “Bəyannamə” altmodulunun vasitəsi ilə həmin vəsaitlər ödəyicilərin şəxsi hesab vərəqələrinə daxil edilir. Ödəniş sənədlərinin şəxsi hesab vərəqələrinə daxil edilməsi ödənişin təyinatından asılı olaraq müvafiq ekran vasitəsi ilə həyata keçirilir.

7.13. VÖEN-lər üzrə” ekrandan istifadə edilərkən “işləm növü”, “ödənmə növü”, “növü”, ödənişin məbləği, vergi ödəyicisinin VÖEN-i, obyekti (vergi ödəyicisinin obyekti olduğu halda), ödəniş sənədinin nömrəsi tam doldurulmalıdır.

7.14. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanunu”nun 11.4-cü bəndinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli (bələdiyyə) vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.

7.15. Şəxsi hesab vərəqəsində ödənişlər hesabına yaranan artıq ödəmələr proqram tərəfindən verilən hesablama ilə əvəzləşdirilir. Hesabat ayı üzrə ödənilmiş vəsaitlər barədə məlumatların həm yekun, həm də ödənişin növü üzrə bələdiyyə büdcəsinin daxilolmalar barədə məlumatları ilə üzləşdirilir və bu, üzləşmə aktı (11 nömrəli əlavə) ilə təsdiq olunur.

7.16. Ödəyicinin şəxsi hesab vərəqəsinə ödənilmiş və qaytarılmış vəsait məbləği aşağıdakı sənədlər əsasında göstərilən müddətlərdə daxil edilir:

7.16.1. vəsaitlərin bələdiyyə büdcəsinə daxil olması barədə alınmış ödəniş sənədlərinin surətləri əsasında - ödəniş sənədlərinin surətləri alındıqdan sonra 2 iş günü ərzində;

7.16.2. vergi ödəyicisinə qaytarılmış yerli vergilər və ödənişlər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmə məbləğlər rəsmi məlumatlar əsasında - bu cür məlumat alındığı gündən sonra 2 iş günü ərzində;

7.16.3. ödəyici ilə bələdiyyə büdcəsi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmış qarşılıqlı əvəzləşmələr – üzləşmə aktı təsdiq edildikdən sonra 1 iş günü ərzində;

7.16.4. ödənilmiş və qaytarılmış vəsaitlər barədə məlumatlar elektron şəkildə alındıqda, elektron məlumatlar əsasında - bu məlumatlar alındıqdan sonra 1 iş günü ərzində.

7.17. Hesablanmış vəsaitlər şəxsi hesab vərəqələrinə aşağıdakı qaydada daxil edilir:

7.17.1. bəyannamələr və hesabatlar üzrə hesablanmış vəsaitlər şəxsi hesab vərəqəsinə bəyənnamə işləri alt sistemindəki bəyannamənin işlənilməsi modulundan istifadə edilməklə daxil edilir. Hesablanmış məbləğlər “Əməliyyatın növü” sütununa “Hesablama”, azaldılmış vəsaitlərin məbləği isə “Azalma” kimi qeyd edilməklə şəxsi hesab vərəqəsində əks olunur. Bəyannamə və hesabatlar əsasında aparılmış əməliyyatlar şəxsi hesab vərəqəsinə hesablamaya əsas verən bəyannamənin (hesabatın) adı (qısaldılmış formada), dövrü, bəyannamənin (hesabatın) növü (Cari, Dəqiqləşdirilmiş və ya Ləğv) kimi qeyd edilir;

7.17.2. bəyannamələrə, hesabatlara düzəliş edildikdə, bəyannamə işləri alt sistemindəki bəyannamənin düzəlişi modulundan istifadə edilməklə şəxsi hesab vərəqəsinə daxil edilir. Şəxsi hesab vərəqəsinə düzəliş edilən bəyannamənin, hesabatın adı (qısaldılmış şəkildə), dövrü, bəyannamənin növü, SDB (Səhvin düzəlişi bəyannaməsi) kimi qeyd edilir;

7.17.3. kameral vergi yoxlamasının nəticələri bəyannamə işləri altsistemindəki kameral yoxlamalar altmodulundakı müvafiq ekranlardan istifadə edilməklə şəxsi hesab vərəqəsinə daxil edilir. Kameral yoxlama nəticəsində aparılan əməliyyatların nəticələri şəxsi hesab vərəqəsinə bəyannamənin adı (qısaldılmış formada), dövrü, bəyannamənin növü və mötərizənin içində “KYB” (Kameral yoxlama bəyannaməsi) kimi qeyd edilir;

7.17.4. səyyar vergi yoxlamasının nəticələri ödəyicinin şəxsi hesab vərəqəsinə işlənildikdə, həmin şəxsi hesab vərəqəsinə vergi növünün adı, (qısaldılmış formada), dövrü, bəyannamənin növü və mötərizənin içində “SYB” (Səyyar yoxlama bəyannaməsi) kimi qeyd edilir;

7.17.5. yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması üçün zəruri olan hesabat məlumatları qanunvericilikdə müəyyən edilmiş müddətlərdə təqdim edilmədikdə, verginin hesablanması Vergi Məcəlləsinin 67-ci maddəsi ilə əlaqəli məlumata əsasən bələdiyyə informasiya sisteminin “Analoji altmodulu”ndan istifadə edilməklə şəxsi hesab vərəqəsinə daxil edilir. Əlaqəli məlumata əsasən hesablanmış vergi məbləği şəxsi hesab vərəqəsinə bəyannamənin adı (qısaldılmış formada), dövrü, bəyannamənin növü mötərizənin içində “Analoji” kimi qeyd edilir. Analoji hesablama ilə vergi ödəyicisinə hesablanmış vergi məbləğləri, sonradan həmin dövr üzrə bəyannamə verildikdə analoji hesablanan məbləğ və faizlər ləğv edilir, həmin dövr üçün verilmiş bəyannaməyə ŞHV-yə məbləğ qeyd edilir, faiz hesablaması da həmin dövr bəyannaməsinin ödəmə tarixinə görə aparılır.

7.17.6. hesablanmış vəsaitlərlə əlaqədar məhkəmə qərarı (qətnaməsi) olduqda həmin məlumatlar şəxsi hesab vərəqəsi alt sistemindəki “Digər işləmlər” – “Məhkəmə qərarı üzrə işlər alt modulu”ndan istifadə edilməklə aparılır.

Məhkəmə qərarı üzrə daxil edilmiş məlumatlar şəxsi hesab vərəqəsinə əməliyyatın adı sütununda “Məhkəmə qərarı” adı ilə qeyd edilir.

7.18. Bələdiyyə büdcəsinə olan borc məbləğlərinin və faizin hesablanması aşağıdakı qaydada aparılır:

7.18.1. yerli (bələdiyyə) vergi və ödənişlərin, faiz və maliyyə sanksiyasının əsas məbləği üzrə hər yazılışdan sonra ödəyicinin bələdiyyə büdcəsinə olan qalıq və ya artıq ödəmə məbləğləri müvafiq olaraq aidiyyəti şəxsi hesab vərəqəsinin müvafiq olaraq “Qalıq” və ya “Artıq ödəmə” sütunlarında ödəmə müddətinə uyğun olaraq proqram təminatı vasitəsilə əks olunur;

7.18.2. ödəyicinin şəxsi hesab vərəqəsində hər bir əməliyyatdan əvvəlki yazılış üzrə bələdiyyə büdcəsinə olan vahid qalıq məbləğinə, ödəmə müddətindən sonrakı gecikdirilmiş hər gün üçün vaxtında ödənilməmiş faiz hesablanan vergilər üzrə Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada faiz hesablanır;

7.18.3. vəsaitlərin büdcəyə ödənildiyi tarix, həmin məbləğlərin bələdiyyə büdcəsinə mədaxil edilməsi barədə ödəniş sənədlərində qeyd edilən tarixdir.

7.19. Əvəzləşmə və qaytarılmaların uçotu aşağıdakı qaydada aparılır:

7.19.1. ödəyicinin bələdiyyə büdcəsinə olan borclarının artıq ödəmələrlə və digər qaydada əvəzləşdirilməsi, habelə artıq ödənilmiş vəsaitlərin ödəyiciyə qaytarılması ilə əlaqədar əməliyyatlar şəxsi hesab vərəqəsinin müvafiq sütunlarında əks olunur;

7.19.2. əvəzləşmələr həm vеrgi ödəyicisinin mürаciəti əsаsındа, həm də оnun mürаciəti оlmаdаn аpаrılır. Əvəzləşmənin аpаrılmаsı bаrədə ödəyicinin mürаciəti оlduqdа, əvəzləşmə mürаciətin dахil оlduğu gündən sоnrа 2 iş günü ərzində аpаrılır. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələr digər vergilər, faizlər, və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirildikdə Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, ödəyiciyə şəxsi hesab vərəqəsindən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir;

7.19.3. artıq ödəmə olan vərəqə üzrə şəxsi hesab vərəqəsinin “Əməliyyatın adı” sütununda “_______ilə əvəzləşdirilmişdir” sözləri yazılmaqla, əvəzləşdirilən məbləğ əməliyyatın növü sütununda hesablama, qalığı olan vərəqəsi üzrə “Əməliyyatın adı” sütununda isə “_____ilə əvəzləşdirilmişdir” sözləri yazılmaqla əvəzləşdirilən məbləğ əməliyyatın növü sütununda azalma kimi qeyd olunur;

7.19.4. artıq ödənilmiş məbləğlər qalıq məbləğləri ilə əvəzləşdirildikdən sonra, ödəyicinin rəsmi müraciətinə əsasən qanunvericiliyə uyğun olaraq qaytarılır və bu “Artıq ödəmənin qaytarması” ekranına daxil edilir.

7.20. Ödəyicisi bəlli olmayan daxilolmaların uçotunun naməlum şəxsi hesab vərəqəsində aparılması və naməlum şəxsi hesab vərəqəsindən vəsaitlərin ödəyicinin şəxsi hesab vərəqəsinə aid edilməsi aşağıdakı qaydada aparılır:

7.20.1. Ödəniş sənədlərində ödəyicinin adını, VÖEN-i və ödənilmiş məbləğlərin ödəyicinin şəxsi hesab vərəqəsinə daxil edilməsi üçün əsas ola biləcək digər rekvizitlərini müəyyən etmək mümkün olmadıqda, bələdiyyələrin vergi xidməti orqanlarında bu vəsaitlərin uçotu, hər bir yerli (bələdiyyə) vergi və ödənişlər, maliyyə sanksiyası üzrə ayrılıqda açılmış vahid şəxsi hesab vərəqəsində aparılır.

7.20.2. Bu Qaydaların 7.20.1-ci yarımbəndində göstərilən hallarda, vəsaitlərin bələdiyyə büdcəsinə daxil olması barədə ödəniş sənədlərinin surətləri və ya elektron məlumatlar alındıqdan sonrakı 2 iş günü ərzində bələdiyyələrin vergi xidməti orqanları aidiyyəti təşkilatlarla vergi ödəyicisinin rekvizitlərinin dəqiqləşdirilməsini aparmalıdır.

7.20.3. Ödənilmiş vəsait naməlum şəxsi hesab vərəqəsinə daxil edildikdən sonra ödəyicinin rekvizitləri müəyyənləşdirildikdə, həmin məbləğlər naməlum şəxsi hesab vərəqəsindən azaldılaraq həmin ödəyicinin şəxsi hesab vərəqəsində nəzərə alınmalıdır.

7.21. Şəxsi hesab vərəqələrinin birləşməsi və bağlanması aşağıdakı qaydada aparılır:

7.21.1. ödəyici olan hüquqi şəxslərin ləğvi, sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə “VÖEN” altsistemində ərizə (məhkəmənin qərarı, ölüm haqqında şəhadətnamə və s.) qeydə alındıqdan sonra bələdiyyənin vergi xidməti orqanında ödəyicinin uçotunun ləğv edilməsi prosedurları proqram təminatı vasitəsilə yerinə yetirilir;

7.21.2. ödəyicilərin uçotunun ləğv edilməsi zamanı onun yekun bəyannamələrinin (hesabatların) qəbul edilməsi və kameral yoxlanılması, son səyyar vergi yoxlamasının aparılması, vergi borclarının ödənilməsi işləri qanunvericiliklə müəyyən olunmuş qaydada yerinə yetirilir;

7.21.3. ödəyicidə aparılmış səyyar vergi yoxlamasının nəticələri bələdiyyə informasiya sisteminin müvafiq altmodulu vasitəsi ilə şəxsi hesab vərəqəsində nəzərə alınır.

7.21.4. ödəyicinin bələdiyyə büdcəsinə olan borcu və faiz məbləğləri ödənilmədiyi halda onun VÖEN-ni və şəxsi hesab vərəqəsi bağlanıla bilməz;

7.21.5. ödəyicinin bələdiyyə büdcəsinə borcu olmadığı halda, bələdiyyənin vergi xidməti orqanının məsul vəzifəli şəxsi VÖEN-nin ləğv olunması barədə ərizədə qeydlər aparır və qanunvericilkdə nəzərdə tutulmuş prosedurlardan sonra VÖEN ləğv olunmaqla ödəyicinin şəxsi hesab vərəqəsi passiv vəziyyətinə keçirilir. Bu andan ödəyicinin şəxsi hesab vərəqəsi üzrə hər hansı qeydlərin aparılması imkanları tam bağlanmış olur;

7.21.6. yenidən təşkil ilə əlaqədar vergi uçotundan çıxarılan hüquqi şəxsin öhdəliklərini qəbul edən hüquqi şəxs (hüquqi şəxslər) barəsində VÖEN altmodulunda qeydlər aparılır. Bu qeydlər barədə məlumat “Yenidən təşkil olunmuş hüquqi şəxslər barədə hesabat”dan əldə edilir. Öhdəlikləri qəbul edən hüquqi şəxs (hüquqi şəxslər) “Yenidən təşkil olunmuş hüquqi şəxslər barədə hesabat”a və ödəyicinin iş qovluğuna tikilmiş təhvil aktına (bölünmə balansına) əsasən müəyyənləşdirilir;

7.21.7. hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir, bu zaman birləşən hüquqi şəxslərin şəxsi hesab vərəqələrində mövcud olan öhdəlikləri və ya artıq ödəmələr yeni yaranan hüquqi şəxsin şəxsi hesab vərəqəsinə keçirilir;

7.21.8. hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin şəxsi hesab vərəqəsində mövcud olan öhdəlikləri və ya artıq ödəmələr yenidən təşkil edilmiş hüquqi şəxsin şəxsi hesab vərəqəsinə keçirilir;

7.21.9. hüquqi şəxs onun bölünməsi şəklində yenidən təşkil edilərkən bölünməyə məruz qalmış hüquqi şəxsin şəxsi hesab vərəqəsində mövcud olan öhdəlikləri və ya artıq ödəmələr saldo şəklində bölünmə balansına uyğun olaraq yenidən təşkil edilmiş hüquqi şəxslərin hər birinin şəxsi hesab vərəqəsinə keçirilir.

8. Yerli (bələdiyyə) vergi və ödənişlərə nəzarətin həyata keçirilməsi və qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin görülməsi

8.1. Yerli (bələdiyyə) vergi və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında yerli büdcəyə ödənilməsinə nəzarət tədbirləri Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə” ilə tənzimlənir.

8.2. Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriya-kurort müəssisələrindən alınan yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə bu bənddə göstərilən səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət vergi orqanına müraciət etməlidir.

8.3. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”yə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir.

8.4. Bu Metodiki Vəsaitin 8.2-ci bəndində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir.

8.5. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir.

8.6. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər.

Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır.

8.7. Bu Metodiki Vəsaitin 8.6-cı bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır, yaxud belə qərarın çıxarılmasından imtina edir.

8.8. Ödəyiciyə bu Metodiki Vəsaitin 8.7-ci bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, hesablanmış faizlərin və ya tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir.

Yerli vergilərin qanunvericiliklə müəyyən olunmuş müddətlərdə ödənilməməsinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün lakin, bir ildən çox olmamaqla ödəyiciyə ödənilməmiş vergi məbləğinin 0,1 %-i həcmində faiz hesablanılır.

Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir.

8.9. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir.

8.10. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir.

8.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, hesablanmış faizlərin məcburi qaydada alınması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında (könüllü ödəniş halları istisna olmaqla) məhkəmələrə müraciət edirlər.

8.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

8.13. Bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəli şəxsləri özlərinin hüquqa zidd hərəkətlərinə (qərarlarına) və ya hərəkətsizliyinə, o cümlədən öz xidməti vəzifələrini yerinə yetirmədiyinə və ya lazımınca yerinə yetirmədiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Digər tövsiyələr