Son illər Azərbaycanın turizm ölkəsinə çevrilməsi üçün həyata keçirilən dövlət siyasəti nəticəsində respublikada turizm infrastrukturu müasir tələblərə uyğun qaydada daha da inkişaf etdirilir. Təsadüfi deyil ki, turizm Azərbaycanda post-neft dövrü üçün bütövlükdə iqtisadiyyatın inkişafına stimul verəcək aparıcı sektor hesab edilir. Paytaxt Bakıda və bölgələrdə beynəlxalq standartlara cavab verən yeni mehmanxana və istirahət mərkəzlərinin tikilməsi, mədəni iaşə obyektlərinin inşası və ümumilikdə turizm infrastrukturunun müasirləşdirilməsi məqsədilə görülən işlər ölkəmizə ildən-ilə daha çox turist gəlməsini təmin edir.
Beynəlxalq
təcrübə göstərir ki, yerli özünüidarəetmə orqanları da turizmin inkişafında
mühüm rola malikdir. Bir çox ölkələrdə yerli səviyyədə iqtisadiyyatın digər sahələri
kimi, turizmin də planlaşdırılması, təşviqi və stimullaşdırılması bələdiyyələrin
fəaliyyət sferasına daxil edilir. Yerli özünüidarəetmə orqanları əhali qrupları
və sahibkarlarla bilavasitə təmasda olan qurum olduğundan, onların
maraqlarının, arzu və təkliflərinin nəzərə alınmasını təmin etməklə, yerli və
regional səviyyədə turizmin inkişafında müstəsna xidmətlərə malikdir.
Azərbaycanda
turizm sahəsində mövcud olan geniş imkanlar ölkəmizin bir sıra beynəlxalq təşkilatlarla
turizmin inkişafı istiqamətində əməkdaşlıq etməsinə şərait yaradır.
Ölkəmizdə turizmin inkişafında bələdiyyələr də maraqlı
olmalıdırlar. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan
Respublikası Qanununun 7-ci maddəsi, eləcə də “Yerli vergi və ödənişlər
haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi yerli
ödənişlərin tərkibi kimi, bələdiyyə ərazisində mehmanxana, sanatoriya, kurort və
turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişi də nəzərdə tutur. Həmin ödənişlər bələdiyyə büdcəsinin gəlir mənbələrindən
biridir. Təbii ki, hazırda Azərbaycanda turizmin inkişafı üçün daha çox
perspektivlərin açıldığı bir şəraitdə turistlərin müxtəlif yerli xidmətlərdən
yararlana bilməsi üçün mümkün imkanlardan istifadə etməlidirlər. Bələdiyyələr
bir sıra yerli xidmətlər göstərmək səlahiyyətinə malikdirlər və onların keyfiyyətini yaxşılaşdırmaqla həm də turizmin inkişafı üçün şərait
yaratmış olurlar. Bu isə
gələn turistlərin sayına müsbət təsir göstərir. Turistlərin sayının çox olması
isə sanatoriya-kurort, mehmanxana və turizm xidməti göstərən şəxslərdən daxil
olan vəsaitlərin artmasına, bu da öz növbəsində bələdiyyə büdcəsinin
dayanıqlılığının təmin olunmasına gətirib çıxarır. Bu baxımdan bələdiyyələr həm
turizmin inkişafında maraqlı, həm də bu inkişafa yerli səviyyədə şərait yarada
biləcək qurumlardan biridir.
İlkin
mərhələdə bələdiyyə ərazisində turizm potensialı araşdırılmalıdır. Bu araşdırma
iki istiqamətdə aparılmalıdır.
ü
Turizm
baxımından görməli yerlərin müəyyən edilməsi və məlumat bazasının yaradılması;
ü
Yerli turizm infrastrukturu ilə bağlı
informasiyanın toplanılması.
Turizm infrastrukturunun yaradılması və
investisiyanın cəlb edilməsi baxımından təşviqatın aparılması olduqca vacibdir.
Turizmi təşviq etmək məqsədilə yerli özünüidarəetmə orqanlarının təşəbbüsü ilə
müxtəlif görüşlər təşkil edilə bilər. Xüsusilə özəl sektor nümayəndələrinin belə
görüşlərə dəvət olunması arzuolunandır. Özəl sektor son illər, turizm sahəsində
böyük yatırımlar etdiyindən bu əməkdaşlıq aləti vasitəsilə yerli və regional səviyyədə
turizm infrastrukturunu inkişaf etdirmək mümkündür.
Məsələn, Bələdiyyə öz mülkiyyətində
olan torpaq sahəsində müəyyən infrastruktur yaratmaq və hər hansı bir turizm
obyektini inşa etmək məqsədilə müsabiqə elan etməklə, investorları cəlb edə bilər.
Bu mehmanxana, restoran və ya digər turizm obyekti ola bilər. Tikili hazır olub
fəaliyyətə başladıqdan sonra bələdiyyə davamlı maliyyə gəliri əldə edir. Belə
ki, investor torpaq vergisi ilə yanaşı, obyekt mehmanxana olduğu təqdirdə,
turistlər üçün əlavə mehmanxana rüsumu da ödəyir. Bir sözlə, bələdiyyə ərazisinə
investisiya cəlb etməklə yanaşı, uzunmüddətli perspektivdə maliyyə
dayanıqlılığını da təmin edir.
Yerli səviyyədə turizmin inkişafına yönəlmiş
xidmətlərə dair digər nümunələr də mövcuddur. Belə ki, qeyd edilməlidir ki, kənd
yerlərində kənd yaşıl turizmi daha çox inkişaf etmişdir. Bəzi hallarda yerli və
əcnəbi turistlər mehmanxanlarda deyil, kənd sakinlərinin təklif etdiyi evlərdə
gecələməyə üstünlük verirlər. Bu zaman bələdiyyə digər yerli qurumlarla birlikdə
gecələmə imkanları haqqında məlumat bazası yaratmaqla, rayon və regional səviyyədə
mübadilə edə bilər. Məsələn: turizm informasiya mərkəzlərində bu məlumatlar
yerləşdirilə və buraya gələn yerli və xarici turistlərə müxtəlif xidmətlər təklif
edilə bilər.
Bununla
yanaşı, kənd yerlərində çoxsaylı
ailə fermer təsərrüfatları vardır ki, onların istehsal etdiyi kiçik həcmli kənd
təsərrüfatı məhsullarını bazarlara çıxarmağa imkanları məhduddur. Yerli
özünüidarəetmə orqanları öz xidmətlərini göstərməklə, əhalidən məhsulu toplamaq
məqsədilə kiçik tədarük məntəqəsi yaradılmaqla, burada yığılan məhsul müvafiq
müştərilərə çatdırıla bilər. Artıq qalan məhsulu isə bələdiyyə hüquqi şəxs
təsis etməklə öz ərazisində kiçik bazar yaradaraq sata bilər.
Bələdiyyə öz ərazisində
turizm marşrutlarına yaxın bir yerdə tələbatdan və turizm növündən asılı
olaraq, müxtəlif turizm əşyalarının kirayəsini təşkil edə, habelə ərazinin
turizm cəhətdən təşviqinə böyük təsir göstərən “brend” məhsulları (kənd təsərrüfatı məhsulu, sənətkarlıq
nümunələri və s.) müəyyən təşviqat alətləri vasitəsi ilə (festivallar, reklam çarxları və s.) tanıtdıraraq
ölkə və beynəlxalq miqyasda məşhurlaşdıra bilər. Bundan başqa, məhsul yığımı zamanı müxtəlif maraqlı tədbirlər təşkil
edilməklə, yerli və beynəlxalq turistlər regiona cəlb oluna bilər.
Bələdiyyələr tələb və təklifə uyğun olaraq qeyd
olunanları həyata keçirməklə, turizmin inkişafına öz töhfələrini verə bilər.
Belə layihələr bələdiyyə büdcəsinə əlavə gəlir gətirməklə yanaşı, ölkəmizə gələn
turistlərin göstərilən xidmətlərdən razı qalmasını da təmin edəcəkdir.
Yerli özünüidarəetmə orqanları turizmin, eləcə də
tibbi turizmin inkişafında mühüm rola malikdir. Bələdiyyələr əhali ilə
bilavasitə təmasda olduğundan, onların maraqlarının, arzu və təkliflərinin
nəzərə alınmasını təmin etməklə yerli və regional səviyyədə turizmin
inkişafında müstəsna xidmətlər göstərə bilərlər.
Turizm marşrutları boyu bələdiyyələr hüquqi şəxs
təsis etməklə yerli özünəməxsusluğa uyğun səyyar ictimai iaşə, ticarət və s.
xidmətləri yarada bilərlər. Əsaslandırılmış layihələr təqdim edilərək subvensiya
vəsaiti hesabına bu istiqamətdə, həmçinin qonaq evlərinin, hostellərin, ictimai
iaşə obyektlərinin yaradılmasını təşkil etmək də turizm bölgələri ərazisində
yerləşən bələdiyyələrin diqqət mərkəzində olmalıdır.
Göstərilənləri nəzərə
alaraq bələdiyyələrin maliyyə dayanıqlılığının, o cümlədən əhalinin
məşğulluğunun təmin edilməsi məqsədilə yerli turizm infrastrukturunun inkişaf
etdirilməsi, bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi, yerli səviyyədə
turizmin təşviq edilməsi tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi