Metodik vəsait
Yerli
özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması, qəbul edilməsi
və qüvvəyə minməsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası,
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu,
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan
Respublikası Prezidentinin 2011-ci
il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında
Əsasnamə”, Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 508 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının
hazırlanması və qəbul edilməsi Qaydaları” və digər hüquqi aktlarla tənzimlənir.
“Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun (bundan
sonra Konstitusiya Qanunu) tələbinə görə normativ xarakterli akt məhdud subyektlər
dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq
üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Bu Konstitusiya Qanununun
4-cü maddəsinə əsasən yerli özünüidarə orqanlarının qeyd olunanlar barədə qərarları
normativ xarakterli aktlar hesab edilir.
Konstitusiya
Qanununun 4.3-cü maddəsinə əsasən yerli özünüidarəetmə orqanlarının normativ xarakterli
aktları müvafiq normativ hüquqi akt əsasında qəbul edilməli və onun müvafiq normasına
istinad etməlidir. Yəni, bələdiyyələrin qəbul etdiyi normativ xarakterli aktlar
qəbul edilmə məqsədindən asılı olaraq həmin məsələni tənzimləyən normativ hüquqi
aktın (konstitusiya, qanun, fərman və s.) müvafiq normasına (maddəsi, bəndi, hissəsi)
əsaslanmalıdır.
Bələdiyyələrin
normativ xarakterli aktları Azərbaycan Respublikası Konstitusiyasına, referendumla
qəbul edilmiş aktlara, qanunlara, fərmanlara, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına uyğun
olmalı, həmin normativ hüquqi aktlarla ziddiyyət təşkil etməməlidir.
Yerli
özünüidarə orqanlarının normativ xarakterli aktları hazırlanarkən Azərbaycan Respublikasının
Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü, beynəlxalq hüququn hamılıqla
qəbul edilmiş prinsip və normalarının üstünlüyü, mütənasiblik, normayaratma fəaliyyətinin
demokratikliyi və şəffaflığı, normativ hüquqi aktların ziddiyyətsizliyi, insanların
hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət,
ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi və s.
prinsipləri nəzərə alınmalıdır.
Konstitusiya
Qanununa əsasən normativ xarakterli aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilmək məqsədilə aktın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinə göndərilməlidir. Yerli özünüidarə orqanlarının normativ xarakterli
aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda,
Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Dövlət
Reyestrinə daxil edilmək məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin
həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcıda mətn faylları formasında
təqdim edilir. Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə təqdim edilən normativ
xarakterli aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə olunur və Dövlət Reyestrinə
daxil edildikdən sonra hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir.
Hüquqi
ekspertizanın rəyi normativ xarakterli aktı hazırlayan orqan (qurum) tərəfindən
tərtib edilir. Rəydə normativ xarakterli aktın layihəsinin tənzimləmə sahəsinə aid
normativ tənzimləmənin vəziyyəti (qüvvədə olan konkret normativ hüquqi aktların
təhlili), normayaratma fəaliyyətinin əsas prinsiplərinə uyğunluğu, formasının və
mahiyyətinin uyğunluğu, normalarının onun məqsəd və vəzifələrinə uyğunluğu, normativ
tənzimləmə predmetinə uyğunluğu, daxili strukturunun məntiqliliyi, normaların qarşılıqlı
ziddiyyətsizliyi, müəyyən edilmiş qaydada və formada qəbul edilməsi, normayaratma
texnikasına uyğunluğu, sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma təzahürlərinin,
sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən digər müddəaların
mövcud olub-olmaması, aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər
edilməli olan aktların siyahısının düzgünlüyü və çıxarılan nəticə göstərilməlidir.
“Yerli
icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının
hazırlanması və qəbul edilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən yerli özünüidarə
orqanlarının normativ xarakterli aktları qərar formasında qəbul edilir.
Müvafiq
Qaydaların 2.4-cü bəndinə əsasən yerli özünüidarə orqanlarının normativ xarakterli
aktları hazırlanarkən hüquq məsələləri daimi komissiyasının (hüquqşünasın) iştirakı
mütləqdir. Habelə 2.6-cı bəndin tələblərinə əsasən isə normativ xarakterli aktda
digər dövlət orqanlarının fəaliyyəti ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət
orqanları ilə razılaşdırılmalıdır.
Həmçinin
yerli özünüidarə orqanları normativ xarakterli aktların layihələrini icra aparatlarının,
daimi və başqa komissiyalarının iştirakı ilə müstəqil surətdə hazırlaya və ya layihənin
hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi
qruplarına tapşırıq verə bilərlər.
“Hüquqi
aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi
qaydaları haqqında Əsasnamə”yə görə Dövlət Reyestri - Azərbaycan Respublikasında
qəbul edilən normativ hüquqi aktları, normativ xarakterli aktları, Azərbaycan Respublikası
Milli Məclisinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin sərəncamlarını, həmçinin onların rekvizitlərini
əks etdirən dövlət informasiya ehtiyatıdır. Hüquqi aktların Dövlət Reyestrinə daxil
edilməsi - qəbul edilmiş hüquqi aktların bu Əsasnamədə müəyyən edilmiş qaydada Dövlət
Reyestrinə daxil edilməsi, habelə əvvəllər Dövlət Reyestrinə daxil edilmiş hüquqi
aktlarda dəyişikliklərin edilməsi və onların qüvvəsinin itirilməsi ilə bağlı fəaliyyətdir.
Eyni zamanda qeyd edilən Əsasnaməyə əsasən
Naxçıvan Muxtar Respublikasının dövlət və yerli özünüidarə orqanlarının hüquqi aktları
Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilir.
Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestri Naxçıvan Muxtar
Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır və Dövlət Reyestrinin tərkib
hissəsidir.
Əsasnaməyə görə Dövlət Reyestrinə konkret (birdəfəlik)
təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə
qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan aktlar deyil,
məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə
tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ xarakterli aktlar daxil edilir.
Normativ xarakterli aktlar onları qəbul etmiş
orqanın (qurumun) rəhbəri, o olmadıqda
isə onun vəzifəsini icra edən şəxs tərəfindən imzalanmış müşayiət məktubu ilə birgə
müvafiq hüquqi ekspertizanın rəyi əlavə edilməklə Dövlət Reyestrinə təqdim edilir. Nizamnamə, əsasnamə, təlimat, reqlament, qayda
və norma nəzərdə tutan aktlar onları təsdiq edən aktla birgə təqdim olunur.
Əsasnamənin tələbinə görə Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə təqdim
edilən hüquqi aktlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən yeddi iş günü müddətində
Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas olub-olmamasına dair
yoxlanılır. Yoxlama aparılarkən hüquqi aktlar məcburi hüquqi ekspertizadan keçirilir.
Hüquqi aktlar qəbul edilidiyi gündən üç gün
müddətində Dövlət Reyestrinə təqdim edilmədikdə, keçirilmiş məcburi hüquqi ekspertiza nəticəsində hüquqi akt rədd
edildikdə və ya yenidən işlənilmək üçün onu qəbul etmiş orqana (quruma) qaytarıldıqda, aktın layihəsinin əlaqədar orqanlarla (qurumlarla)
razılaşdırılması (vizalanması) haqqında məlumatı əks edən sənədlər təqim edilmədikdə,
hüquqi aktın mətninin kağız daşıyıcısı üzərində hər hansı düzəliş olduqda, hüquqi
aktın kağız daşıyıcı ilə elektron daşıyıcıda olan mətnləri arasında uyğunsuzluq
olduqda həmin aktların Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilir.
Göstərilən çatışmazlıqlar 5 iş günü müddətində
aradan qaldırılaraq hüquqi akt Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə
yenidən təqdim edilir. Qeyd edilən müddətdə çatışmazlıqlar aradan qaldırılmadıqda,
Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilmiş hüquqi akt beş gün
müddətində onu qəbul etmiş orqanın (qurumun)
ayrıca qərarı ilə ləğv edilir və qərarın surəti Ədliyyə Nazirliyinə təqdim edilir.
Əsasnaməyə görə
hüquqi aktları qəbul edən orqanlar (qurumlar)
tərəfindən Dövlət Reyestrinə daxil edilməyən hüquqi aktların tətbiqi ilə bağlı məlumat
əldə edildikdə, Ədliyyə Nazirliyi bu aktların Dövlət Reyestrinə daxil edilmək üçün
təqdim olunması barədə onları qəbul etmiş orqanlara (qurumlara) müraciət edir. Bu müraciət on iş günü müddətində yerinə
yetirilmədikdə Dövlət Reyestrinə daxil edilmədən tətbiq edilən, hüquqi aktların
qüvvəsinin olmaması barədə məlumat Ədliyyə Nazirliyi tərəfindən Dövlət Reyestrinin
internet informasiya ehtiyatında dərc edilir.
Bildirilir ki,
Əsasnamədə müəyyən edilmiş müddətlərlə bağlı tələblərin pozulması (5 iş günü və
10 iş gününə dair) yerli özünüidarə orqanlarının qərarlarının etibarsız sayılması
barədə Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə müraciət edilməsinə
əsas verir.
Göstərilənləri nəzərə alaraq bələdiyyələrin normativ
xarakterli aktlarının hazırlanması, qəbul olunması və Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi zamanı yuxarıda qeyd edilən qanunvericilik
aktlarının tələblərinə əməl olunması tövsiyə edilir.
Bələdiyyələrlə iş mərkəzi