Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
08-11-2024, 12:02

Son xəbərlər

Bütün xəbərlər

Assosiasiyada Təmraz Tağıyevin yubileyi qeyd edilib 

Gündəlik Xəbərlər
14-02-2025 16:14

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Gündəlik Xəbərlər
14-02-2025 10:00

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Bələdiyyə torpaqlarının ayrılması zamanı yol verilən xarakterik pozuntular və onların qarşısının alınması barədə

Ölkəmizdə bələdiyyələr torpaq münasibətlərinin tənzimlənməsi sahəsində aktiv iştirakçı tərəflərdən biridir. Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş təməl mülkiyyət hüququ prinsiplərinə uyğun olaraq bələdiyyə torpaqlarının idarəedilməsi yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinə aiddir. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

Bu hüququn həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunlarından və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlarından irəli gələn tələblərə əməl edilməsi zəruridir.

Lakin bələdiyyələrin fəaliyyətində qanunçuluğa riayət olunması baxımından həyata keçirilən inzibati nəzarət nəticələrinin təhlil və ümumiləşdirmələri göstərir ki, bələdiyyə torpaqlarının idarə edilməsi zamanı çoxsaylı pozuntulara yol verilir. Bunlar əsasən aşağıdakılardan ibarətdir:

·              müvafiq icra hakimiyyəti orqanlarından rəylər alınmadan torpaq sahələrinin mülkiyyətə və icarəyə ayrılması;

·              hərrac və ya müsabiqə keçirilmədən qanunsuz olaraq bələdiyyə qərarı ilə və ya bələdiyyə sədri tərəfindən təkbaşına torpaq sahələrinin icarəyə verilməsi;

·              kənd təsərrüfatlı təyinatlı torpaqların təyinatının qanunsuz dəyişdirilməsi;

·              örüş və biçənək sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə və ya icarəsinə ayrılması;

·              torpaq sahələrinin real dəyərindən xeyli ucuz satılması və icarə haqqının formalaşmış bazar qiymətindən xeyli aşağı icarəyə verilməsi və əvvəlki illərdə icarəyə ayrılmış torpaq sahələri ilə bağlı icarə haqqı məbləğinin real bazar qiymətinə uyğunlaşdırılmaması;

·              torpaqların icarəyə verilməsi zamanı icarə müddətinin pozulması;

·              torpaqların zəbtinə şərait yaradılması;

·              zəbt olunmuş torpaqların geri qaytarılması ilə bağlı tədbirlərin görülməməsi ;

Qeyd edilən xarakterik pozuntularla bağlı qanunvericilikdə konkret müəyyənləşdirilmiş normalar mövcud olsa da, hələ də əksər bələdiyyələr tərəfindən bu tələblər ciddi qaydada pozulur.

ü Bir çox hallarda bələdiyyənin mülkiyyət hüququ tanınmadan, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri olmadan, hərrac və ya müsabiqə keçirilmədən və qanunvericilikdə nəzərdə tutulan digər prosedur qaydalara riayət edilmədən bələdiyyə iclasının müzakirəsinə çıxarılaraq qərar qəbul edilmədən bələdiyyə sədrləri tərəfindən təkbaşına tərtib edilmiş qərarlarla torpaq sahələri icarəyə və ya mülkiyyətə ayrılır, eyni zamanda torpaqların təyinatına uyğun istifadəsinə nəzarət həyata keçirilmir.

Bildirilir ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla (fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla) bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə  hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

Azərbaycan Respublikasın Torpaq Məcəlləsinin tələblərinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikasının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (və ya müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin rəyi alındıqdan sonra qəbul edilir.

ü Kənd təsərrüfatlı təyinatlı torpaqlar (əkin və ya örüş) yalnız kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilməli olduğu halda, təyinatı üzrə ayrılmır, qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalara riayət edilməməsi nəticəsində  örüş və biçənək sahələrində təyinatına uyğun olmayaraq əkin və ya əsaslı tikinti işləri aparılır, süni göllər yaradılır və yaxud buna bənzər qanunsuzluqlara yol verilir.

 “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardan məqsədli təyinatına uyğun səmərəli istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr onların mülkiyyətində olan torpaqların istifadəsinə və  mühafizəsinə nəzarət funksiyalarını torpaqlardan səmərəsiz istifadə edilməsi nəticəsində bələdiyyə torpaqlarına vurulan zərərin ödənilməsi, habelə torpaq qanunvericiliyinin pozulması barədə məhkəməyə müraciət edilməsi və qanunvericiliklə müəyyən edilmiş digər üsullarla həyata keçirə bilərlər.

Həmin Qanunun 2-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi məqsədli rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaqdan məqsədli istifadə edilməməsi, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilməməsi, eləcə də istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına yol verilməsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində icarə hüququna xitam verilməsinin əsaslarından biridir

Torpaq sahəsindən təyinatına uyğun olmayan şəkildə istifadə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb  olur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində torpaq sahəsindən, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlardan təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində, kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə isə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

ü    Torpaq sahələrinin qiymətləndirmə normaları pozularaq real icarə dəyərindən xeyli aşağı qiymətə ayrı-ayrı şəxslərin icarəsinə verilir. Həmçinin örüş sahələri icarəyə ayrılarkən qanunvericilikdə nəzərdə tutulmuş müddətdən artıq müddətə  icarəyə ayrılır, əvvəlki illərdə icarəyə ayrılmış torpaq sahələri üzrə icarə haqlarının real bazar qiymətinə uyğunlaşdırılmır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 96-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, bələdiyyələr tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən torpaq sahələri barəsində əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə, lakin torpağın normativ qiymətindən az olmayaraq müəyyən edilir.

ü    Bəzi hallarda bələdiyyə torpaqları icarəyə verilərkən qanunvericilikdə nəzərdə tutulmuş icarə müddətlərində pozuntulara yol verilir.

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.9-cu maddələrinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə göstərilir. Bu halda tərəflərin razılığı dedikdə, müqavilənin qüvvədə olma müddətinin normativ hüquqi aktlarda müəyyən edilmiş müddətlər çərçivəsində olması anlaşılır. Razılaşma qanuna uyğun olmalıdır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələbinə görə torpaq sahəsinin icarəyə verilmə müddətinin qurtarması  torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsi əsaslarından biri kimi göstərilir.

Həmin Məcəllənin 75-ci maddəsinə əsasən torpaq üzərində icarə hüququna məhkəmə tərəfindən xitam verilir. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.

ü    Bələdiyyə mülkiyyətinə aid torpaq sahələrini özbaşına tutulmuş (zəbt edilmiş) şəxslər barəsində vaxtında lazımı tədbirlər görülmür. Hansı ki, qanunvericilkdə nəzərdə tutlmuş tədbirlərin görülməsi bələdiyyələrin vəzifəli şəxslərinin bir başa vəzifə səlahiyyətlərinə aid edilərək öz vəzifə səlahiyyətlərini hərəkət və ya hərəkətsizlik göstərərək icra etməmələri onların məsuliyyətinə səbəb olan hal kimi nəzərdə tutulmuşdur.

Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.

Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, habelə bələdiyyə torpaqlarının istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilir. Bələdiyyə torpaqlarının özbaşına tutularaq istifadə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Göstərilənləri nəzərə alaraq, bələdiyyə torpaqlarının mühafizəsinin təmin edilməsi məqsədi ilə icarəyə və ya istifadəyə verilmiş torpaq sahələrinin məqsədli təyinatına və hüquqi rejiminə uyğun daha səmərəli istifadə edilməsi, habelə bu sahədə baş verən qanun pozuntularının qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi tövsiyə olunur.

                                  Bələdiyyələrlə iş baş idarəsi

Digər tövsiyələr