Respublikada son illərdə əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional sahələrdə əhəmiyyətli irəliləyişə nail olunmuşdur.
Qeyd olunan sahələr üzrə ölkəmizdə baş verən mütəmadi yeniliklər mövcud qanunvericilik aklarının mütəmadi təkmilləşdirilməsini, dəyişən ehtiyaclara adekvat reaksiya verilməsini tələb edir. Bu baxımdan müvafiq istiqamətlərdə, o cümlədən yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi ilə bağlı qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi əsas prioritet istiqamətlərdən olmuşdur.
Bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi, onların fəaliyyətində korrupsiya hüquqpozmalarını yaradan səbəb və şəraitin aradan qaldırılması, yerli büdcənin formalaşmasında mövcud problemlərin aradan qaldırılaraq büdcə gəlirlərinin artırılması, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bir sıra qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuş, onlardan “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişikliklər edilməsi barədə 2024-cü il 18 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu ölkə Prezidentinin 2024-cü il 2 dekabr tarixli müvafiq Fərmanı ilə qüvvəyə minmişdir.
Müvafiq Qanunlarda bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılması, bəzi maddələrin qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi, normaların daha aydın və birmənalı ifadə edilməsi, eləcə də icra müddətlərinin dəyişdirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulmuşdur. Ümumilikdə hər iki Qanunda nəzərdə tutulan dəyişikliklər bələdiyyələrin fəaliyyətinin şəffaflığını artırmaq və inzibati nəzarətin effektivliyini təmin etmək məqsədi daşıyır.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra-Qanun) nəzərdə tutulan dəyişikliklər aşağıdakılardan ibarətdir.
Belə ki, adıçəkilən Qanunun 16-cı maddəsi üzrə epidemiya əleyhinə rejim, sanitar gigiyena və karantin rejimi olduqda bələdiyyə iclaslarının onlayn formatda keçirilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb.
Digər dəyişiklik isə yeni seçilmiş bələdiyyələrin ilk iclaslarının keçirilməsi qaydası ilə bağlıdır. Müvafiq dəyişikliyə əsasən yeni seçilən bələdiyyənin ilk iclasının Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra 5 iş günü müddətində keçirilməsi və keçirilən seçkilərdən sonra ilk bələdiyyə iclaslarına ən yaşlı bələdiyyə üzvünün sədrlik etməsi nəzərdə tutulmuşdur.
Əvvəlki Qanunun tələblərinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslərin ərizələrinə bələdiyyələr tərəfindən 10 gün müddətində baxılırdısa, bu müddət yeni dəyişikliklərə əsasən 15 iş günü təşkil etmişdir.
Həmçinin Qanunun müvafiq maddələrində bələdiyyələrin tabeliyində olan müəssisə və təşkilatlar sözü “bələdiyyəyə məxsus hüquqi şəxslər” ifadəsinə dəyişdirilmiş, eləcə də Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş vətəndaşların müraciətlərinə mahiyyəti üzrə cavab verilməsi ilə bağlı müddəa daha aydın və təfsilatlı ifadə olunmuşdur. Belə ki, fiziki və hüquqi şəxslərin müraciətlərinə bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunları, inzibati icraatla bağlı müraciətlərə isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada baxılması nəzərdə tutulmuşdur.
Qanunda edilmiş növbəti dəyişiklik isə bələdiyyə hesabatlarının aidiyyəti üzrə təqdim edilməsi ilə bağlıdır. Qanunun 52-2-ci maddəsində müddətlər daha da konkretləşdirilərək təkmilləşdirilmiş, o cümlədən bələdiyyə orqanlarının fəaliyyətinə inzibati nəzarəti gücləndirmək, habelə bu sahədə şəffaflığı və operativliyi təmin etmək məqsədilə hesabatların bələdiyyə iclasında təsdiq edildikdən dərhal sonra qərara əlavə olunaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməsi ilə bağlı yeni hissə əlavə olunmuşdur.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət mexanizmlərinin asanlaşdırılması, bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması məqsədilə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra- Qanun) bələdiyyə qərarlarının onlayn qaydada təqdim olunması, araşdırmaların aparılması ilə bağlı müddətlərə dair mühüm dəyişikliklər edilmişdir.
Əvvəlki Qanunun 6-cı maddəsində bələdiyyə aktlarının surətinin həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərilməsi qeyd olunurdusa, hazırkı dəyişiklikdə bələdiyyə aktlarının qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməsi ilə bağlı müddəa təsbit olunmuşdur (eyni dəyişiklik “Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublilasının Qanununun 48-cı maddəsində də nəzərdə tutulmuşdur).
Bununla yanaşı, bələdiyyənin fəaliyyətinin inzibati nəzarət icraatı qaydasında araşdırılması ilə əlaqədar əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli öyrənilməsi üçün əlavə araşdırma tələb olunduğu hallarda müddətlərin uzadılması ilə bağlı dəyişikliklər də mövcudddur. Belə ki, yeni dəyişikliyə əsasən inzibati nəzarəti həyata keçirən orqan ona göndərilmiş bələdiyyə aktının qanunvericiliklə nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğunluğunu müəyyənləşdirmək məqsədilə əlavə araşdırma eləcə də, icraat zamanı əlavə məlumatların və ya sənədlərin əldə edilməsi tələb edildikdə, inzibati nəzarəti həyata keçirən orqanın həmin müddətin 30 iş günü uzadılmasının mümkünlüyü qeyd olunur.
Eyni zamanda inzibati nəzarət icraat zamanı təqdim edilən bələdiyyə aktlarının, o cümlədən məlumatların və ya sənədlərin müvafiq informasiya sistemi ilə göndərilməsi ilə bağlı Qanunun aidiyyəti bəndlərində uyğunlaşdırılma aparılaraq konkretləşdirilmiş və yeni redaksiyada verilmiş, bir sıra ifadələr yeni terminologiya ilə əvəz edilmişdir.
Göstərilənlərə əsasən yuxarıda qeyd olunan Qanunlara edilmiş dəyişikliklərin bələdiyyə üzvləri və qulluqçuları tərəfindən dərindən öyrənilərək mənimsənilməsi və fəaliyyətlərində nəzərə alınması tövsiyə olunur.
Müvafiq sənədlərin linki tanış olmaq üçün əlavə olunur.
Bələdiyyələrlə iş baş idarəsi
https://belediyye.gov.az/activity?id=2