Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
09-07-2024, 18:43

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Korrupsiya hüquq pozuntularının aradan qaldırılmasının əhalinin yerli özünüidarəetməyə olan etimadının yüksəlməsində əhəmiyyəti barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Məhz həmin məqsədin həyata keçirilməsi üçün ölkə Prezidentinin rəhbərliyi ilə çoxşaxəli uğurlu siyasət həyata keçirilir ki, bu siyasətin daim gündəmdə olan, aktual istiqamətlərindən biri də korrupsiyaya qarşı mübarizə, korrupsiya hüquq pozuntularının qarşısının alınmasıdır.

Qanunun aliliyinə, sosial ədalətə təhlükə olan, ümumilikdə inkişafı ləngidən korrupsiya hallarının aradan qaldırılması üçün bu sahədə mübarizə tədbirlərinin davamlı və effektiv olması mühüm əhəmiyyət kəsb edir.

Təsadüfi deyil ki, dövlətimiz tərəfindən bu sahədə həyata keçirilən tədbirlər öz sistemliliyi və davamlılığı ilə fərqlənir. Belə ki, beynəlxalq təcrübədən faydalanmaqla yanaşı ölkəmizdə bu sahədə münasibətləri tənzimləyən bir sıra qanunlar, dövlət proqramları qəbul edilmişdir.

 Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” adlı ayrı fəslin nəzərdə tutulması məsələnin aktuallığını bir daha göstərmiş olur. Həmin fəsildə korrupsiya cinayətlərinə vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, rüşvət alma (passiv rüşvətxorluq), rüşvət vermə (aktiv rüşvətxorluq), vəzifə saxtakarlığı  aid edilmişdir.

          Məcəlləyə əsasən yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, bələdiyyə üzvləri və qulluqçuları, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının rəhbərləri və işçiləri, xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər “vəzifəli şəxs”lər kateqoriyasına daxil edilmişdir.

Korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsində “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi müstəsna rol oynamışdır.

Qanunun 1-ci maddəsinə əsasən korrupsiya vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qurumlar və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirir və bu sahədə məsuliyyət daşıyırlar. 

Belə pozuntulara gətirib çıxaran neqativ halların qarşısının alınması üçün Qanunda bir-sıra tədbirlər nəzərdə tutulmuşdur.

Belə ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Bu tələbləri pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Həmçinin vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.

Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma məxsus hesab edilir. Vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

 Həmçinin vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi yerli özünüidarəetmə orqanına akt üzrə təhvil verilməlidir.

Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri müvafiq yerli özünüidarəetmə orqanlarının iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir. Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq yerli özünüidarəetmə orqanları tərəfindən ləğv edilir.

Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

Bələdiyyə üzv və qulluqçularının korrupsiya hüquq pozuntularından çəkinməsinə yönəlmiş davranış qaydalarının formalaşdırılması istiqamətində “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunları da xüsusi əhəmiyyət kəsb edir. Bu Qanunların qəbul edilməsində məqsəd yerli özünüidarə orqanlarının, bələdiyyə üzv və qulluqçularının nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzv və qulluqçularına etimadının yüksəldilməsi, yerli özünüidarə orqanlarının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, korrupsiyanın və bələdiyyə üzv və qulluqçularının fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması olmuşdur.

Həmin Qanunlara əsasən bələdiyyə üzv və ya qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi qadağandır.

Bələdiyyə üzvünə və ya qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, o, belə təkliflərdən imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun özündən asılı olmayan səbəblərdən verilərsə, bələdiyyə üzvü bu barədə növbəti bələdiyyə iclasında bələdiyyə üzvlərinə, bələdiyyə qulluqçusu isə birbaşa rəhbərinə məlumat verməlidir. Həmin maddi nemətlər akt üzrə bələdiyyəyə təhvil verilməlidir.

Bələdiyyə üzvü hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə bələdiyyə iclasının rəyini, bələdiyyə qulluqçusu isə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

Həmçinin bələdiyyə üzvü və ya qulluqçusu öz fəaliyyəti dövründə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Bələdiyyə qulluqçusu xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda bələdiyyə qulluğuna qəbul olunduqda, həmçinin başqa vəzifəyə keçmə maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda bu barədə bələdiyyə orqanının rəhbərinə məlumat verməyə borcludur.

Bələdiyyə üzv və qulluqçusu etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalı və onlara əməl etməlidir. Etik davranış qaydalarına əməl olunmasında bələdiyyə sədrlərinin üzərinə böyük məsuliyyət düşür. Belə ki, bələdiyyə sədri bu istiqamətdə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət etməli və öz davranışı ilə etik davranış qaydalarına əməl olunmasına nümunə olmalıdır.

Ölkəmizin hazırkı inkişaf mərhələsində korrupsiyaya qarşı mübarizə üzrə görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin etmək məqsədilə qəbul edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır. Milli Fəaliyyət Planına əsasən yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlərdən və məqsədlərdən biridir. 


Qeyd olunan tapşırıqların icrası çərçivəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülmüş və hazırda da həmin tədbirlər davam etdirilməkdədir.

Həmçinin nazirlik tərəfindən “Bələdiyyə qulluqçularının xidməti fəaliyyətlərində məhdudiyyətlər, qadağalar və onların vəzifələri haqqında qanunvericiliyin tələbləri barədə”, “Bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması üçün tədbirlər barədə”, “Müasir çağırışlar fonunda bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılmasının zəruriliyi, bələdiyyələrin vəzifəli şəxslərinin korrupsiyaya və digər neqativ hallara şərait yaradan hərəkət və ya hərəkətsizlikləri barədə” tövsiyələr hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir. Eyni zamanda mütəmadi olaraq bu mövzularda bələdiyyə üzv və qulluqçuları ilə maarifləndirici tədbirlər həyata keçirilməsinə baxmayaraq təəssüf ki, bu sahədə qanun pozuntusu hallarına rast gəlinməkdədir.

Belə ki, ötən il ərzində inzibati nəzarət qaydasında həyata keçirilmiş tədbirlər nəticəsində ciddi qanun pozuntuları aşkar edilərək hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilmiş materiallar üzrə əsasən rüşvət vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanılmışdır.

  Beləliklə ölkə miqyasında həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərinə dəstək verilməsi, vətəndaşların bələdiyyələrə, onların vəzifəli şəxslərinin fəaliyyətinə olan etimadının yüksəldilməsində yerli özünüidarəetmə orqanlarının, onların sədrlərinin və əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür.

Yerli özünüidarəetmə sahəsində vətəndaş məmnunluğunun artırılması, vətəndaşlar tərəfindən bələdiyyələrə göstərilən etimadın və yerli özünüidarə orqanlarının əhali arasında nüfuzunun yüksəldilməsi məqsədilə bələdiyyə sədrləri, eləcə də bələdiyyə üzv və qulluqçuları tərəfindən qanunvericiliyin tələblərinin öyrənilməsi, həmin tələblərə riayət olunması, yerli özünüidarəetmə sahəsində korrupsiya hüquq pozuntularına yol verilməməsi və etik davranış qaydalarına əməl olunması tövsiyə edilir. 

  Bələdiyyələrlə iş mərkəzi

Digər tövsiyələr