Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
04-02-2025, 19:32

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə dair qanunvericiliyin tələbləri barədə tövsiyə


Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir.

Yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi və sakinlərin məmnunluğunun təmin edilməsi istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir tələblər nəzərə alınaraq aparılan islahatlar nəticəsində bələdiyyələrin fəaliyyəti xeyli təkmilləşmişdir. Belə ki, qəbul edilən dövlət proqramları, milli fəaliyyət planları və digər sənədlərdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş mühüm tapşırıqlar nəzərdə tutulur və uğurla icra edilir.

Qeyd etmək lazımdır ki, 2024-cü il ölkə üçün mühüm və əlamətdar ictimai-siyasi hadisələrlə zəngin olmuşdur, bunlardan biri də Azərbaycanda bələdiyyələrin yaradılmasının 25 ilinin tamam olması idi. Ötən müddət ərzində ölkədə bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi, habelə bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi, onlara dövlət dəstəyinin göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Yerli özünüidarənin təkmilləşdirilməsi, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması, yerli əhəmiyyətli məsələlərin həllində onların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə qəbul edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” 18 oktyabr 2024-cü il tarixli Qanunla 63 şəhər və rayon üzrə 1400 bələdiyyənin birləşməsi nəticəsində 480 yeni bələdiyyə yaradılmışdır. Həmçinin növbəti bələdiyyə seçkiləri 29 yanvar 2025-ci il tarixə təyin edilmişdir.

Bələdiyyələrin birləşməsi, eləcə də növbəti bələdiyyə seçkilərinin keçirilməsi yeni yaradılan və (və ya) yeni seçilən bələdiyyənin icra aparatının və digər icra strukturlarının formalaşdırılması, bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədlərin və bələdiyyə əmlakının təhvil verilməsi və digər bu kimi məsələlərin həlli zərurətini yaradır.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 211-ci maddəsinə əsasən bələdiyyənin səlahiyyət müddəti 5 ildir. Bələdiyyənin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyənin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.

“Bələdiyyələrin statusu haqqında” Qanunun 16-1-ci maddəsinə əsasən yeni seçilən bələdiyyənin ilk iclası Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra 5 iş günü müddətində keçirilir. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edir. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edir, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparır. Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq edilir.

Həmin Qanunun 19-cu maddəsinin 6-cı hissəsinin tələbinə görə səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri və ya bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxs 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin yeni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil verməlidir.

Bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması zamanı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2009-cu il tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı mülkiyyət, maliyyə va başqa məsələlərin həlli üçün yaradılan komissiyanın say tərkibi və fəaliyyət Qaydası”na əsasən Ədliyyə Nazirliyinin, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, müvafiq yerli icra hakimiyyəti orqanının və birləşən bələdiyyələrin hərəsindən bir nümayəndə olmaqla müvafiq komissiyalar yaradılır (komissiyalara Ədliyyə Nazirliyindən olan nümayəndə sədrlik edir).

Komissiya fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir. Komissiya üzvlərinin azı üçdə ikisi iclasda iştirak edərsə, komissiya öz səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir. Komissiyanın qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiyanın qərarları iclasda iştirak etmiş bütün komissiya üzvləri tərəfindən imzalanır. Qərarla razı olmayan komissiya üzvü öz imzası qarşısında qeyd etməklə xüsusi rəyini qərara əlavə edir.

Bələdiyyələr birləşərkən onların mülkiyyəti ayrı-ayrılıqda komissiyanın qəbul etdiyi qərar əsasında siyahıya alınır. Siyahıya alınmış əmlak hüquq varisliyi qaydasında komissiyanın qərarına uyğun olaraq akt əsasında yeni yaradılmış bələdiyyəyə təhvil verilir və bu əmlakla bağlı hüquqlar (vəzifələr) həmin bələdiyyəyə keçir.

Bildirilir ki, rəsmi sənədləri, ştampları və ya möhürləri talama, məhv etmə, zədələmə və ya gizlətmə qadağan olunmuş ictimai təhlükəli əməl sayılır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmə səbəbidir.

Azərbaycan Respublikası Konstitusiyasının 143, 144 və 145-ci maddələrinə görə bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir.

Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir:

1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;

2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;

3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;

4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;

6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;

7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;

9) yerli ekoloji proqramların qəbul və icra edilməsi.

Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar (yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə) qəbul edilir.

Bələdiyyənin bütün iclasları protokollaşdırılır. İclasın katibi iclasdan sonrakı 3 iş günü müddətində protokolu hazırlayır və imzalanması üçün iclasın sədrinə təqdim edir. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin və çıxışların qısa məzmunu, müzakirə olunan məsələlərə dair qəbul edilmiş qərarlar, habelə bununla bağlı keçirilmiş səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiq edilənədək, bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyə iclasının protokolu müvafiq kitabda qeydiyyata alınır və həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab edilir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyələr qəbul etdikləri aşağıdakı aktları (qərarları) qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində (“Bələdiyyələrlə iş” informasiya sistemi) yerləşdirməlidirlər:

Ø dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar;

Ø bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar;

Ø yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar; 

Ø yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar;

Ø bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar;

Ø bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar;

Ø qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur.

 

Nəzərə almaq lazımdır ki, yerli özünüidarə fəaliyyətinin səmərəliliyi, bələdiyyənin yerli əhəmiyyətli məsələləri həll etmə qabiliyyəti, o cümlədən qanunvericiliklə müəyyən olunmuş vəzifələrin vaxtında və dürüst icra edilməsi, bələdiyyəyə ictimai etimad və vətəndaş məmnunluğu bələdiyyənin icra aparatının fəaliyyətinin nə dərəcədə effektiv təşkil olunmasından asılıdır.

Bələdiyyənin icra aparatı yerli əhaliyə xidmət, iqtisadi, ekoloji, sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan idarə, şöbə və digər struktur bölmələrdən ibarət ola bilər.

Bələdiyyənin sədri bələdiyyənin icra aparatına rəhbərliyi həyata keçirir və yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən, digər işçiləri isə bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq vəzifəyə təyin edir.

Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.

Bələdiyyənin icra aparatının strukturu onun qarşısında duran vəzifələrdən və maliyyə vəziyyətindən asılı olaraq bələdiyyə iclasının qərarı ilə təsdiq edilir.

Bələdiyyənin icra aparatının səlahiyyətlərinə aşağıdakılar aiddir:

Ø bələdiyyəyə baxılmaq və təsdiq edilmək üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması;

Ø bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi;

Ø bələdiyyə sədrinin qəbul etdiyi qərarların yerinə yetirilməsi;

Ø bələdiyyənin qanunla müəyyən olunmuş səlahiyyətlərinin həyata keçirilməsinin təşkili;

Ø bələdiyyə mülkiyyətinin və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi;

Ø qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.

Lakin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı bir çox bələdiyyə tərəfindən icra aparatının onun qarşısında duran vəzifələr və maliyyə vəziyyəti nəzərə alınmadan formalaşdırıldığı, nəticədə yerli büdcə vəsaitlərinin böyük hissəsinin yerli özünüidarəetmənin prinsiplərinə və əhalinin mənafeyinə zidd olaraq bələdiyyənin saxlanması ilə bağlı xərclərin ödənilməsinə sərf edilməsi halları aşkar olunur.

Bələdiyyə əmlakından, o cümlədən yerli büdcə vəsaitlərindən istifadə zamanı nəzərə almaq lazımdır ki, bələdiyyənin əsas vəzifələri yerli əhəmiyyətli problemlərin həllini təşkil etmək, ərazidə yaşayan vətəndaşların qayğıları ilə məşğul olmaq, sakinlərin yaşayışı və istirahəti üçün sağlam mühit yaratmaq və qorumaqdan ibarət olduğundan yerli büdcə vəsaitləri ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı yerli əhəmiyyətli məsələlərin həllinə sərf edilməlidir.

Qeyd olunur ki, israf etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət məsuliyyəti yaradan qadağan olunmuş əməl sayılır.

Bir sıra bələdiyyələrin fəaliyyətində rast gəlinən digər pozuntu isə işçilərin ödənişli əsaslarla daimi peşə fəaliyyətinə cəlb olunması ilə bağlı qanunvericiliyin, o cümlədən “Bələdiyyə qulluğu haqqında” Qanunun tələblərinə riayət edilməməsidir.

İzah olunur ki, bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir. Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər.

Vətəndaşlar bələdiyyə qulluğuna müsabiqə əsasında qəbul edilirlər. Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq edilir.

Müsabiqə komissiyası öz fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir. Müsabiqə komissiyasının iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Sədr olmadıqda iclaslara sədrin müavini sədrlik edir.

Müsabiqə komissiyasının fəaliyyəti qanunçuluq, obyektivlik, şəffaflıq və bərabərlik prinsipləri əsasında həyata keçirilir.

Müsabiqə komissiyasının işinə müdaxilə yolverilməzdir.

Müsabiqə komissiyası namizədlərin müvafiq vəzifəyə uyğunluğunu onların bilik səviyyəsinə, peşə hazırlığına, ümumi dünyagörüşünə və müvafiq vəzifə üçün tələb olunan keyfiyyətlərə əsasən qiymətləndirir.

Qanunvericilikdə bələdiyyə qulluğuna qəbulla bağlı məhdudiyyətlər də nəzərdə tutulmuşdur. Belə ki, şəxslər bələdiyyə qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:

Ø bələdiyyənin sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;

Ø fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;

Ø məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;

Ø barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa.

Bələdiyyə üzvünün öz səlahiyyətlərini daimi əsasla icra etməsi (bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alması) ilə bağlı məsələlər “Bələdiyyələrin statusu haqqında” Qanunla tənzimlənir.

Həmin Qanunun 15-ci maddəsinə əsasən öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz.

Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinin (sədr və onun müavinləri daxil olmaqla) say həddi hər bir bələdiyyədə qanunvericiliklə müəyyən edilmiş üzvlərin sayından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

Ø 5 və ya 7 üzvü olan bələdiyyələrdə - 2 üzv;

Ø 9 və ya 11 üzvü olan bələdiyyələrdə - 3 üzv;

Ø 13 və ya 15 üzvü olan bələdiyyələrdə - 4 üzv;

Ø 17 və ya 19 üzvü olan bələdiyyələrdə - 5 üzv.

Əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətini həyata keçirərkən istehsal və ya xidmət fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və tərkibinə seçildiyi daimi komissiyanın iclasları zamanı daimi iş yerində orta əmək haqqı saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini yerinə yetirməkdən azad edilir.

Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə, 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir.

Başqa əsas iş yeri olan bələdiyyə üzvü (sədr və onun müavinləri daxil olmaqla) öz səlahiyyətlərini daimi əsasla icra etmək və əmək haqqını bələdiyyədən almaq üçün bələdiyyəyə yazılı müraciət etməlidir. Bələdiyyə sədri müraciət etmiş bələdiyyə üzvünün öz səlahiyyətlərini daimi əsasla icra etməsinə ehtiyac olduqda, 5 gün müddətində bu barədə bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürənə yazılı bildiriş göndərməlidir. Bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürən bildirişi aldığı tarixdən 5 gün müddətində əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq bələdiyyə üzvü ilə əmək müqaviləsinə xitam verməklə bu barədə bələdiyyəyə yazılı məlumat verməlidir.

Bələdiyyələrin səmərli fəaliyyətinə əngəl törədən digər amillər isə bələdiyyə üzvlərinin yerli özünüidarə ilə bağlı öhdəliklərinin icrasına laqeyd yanaşmaları, habelə bələdiyyənin daimi və başqa komissiyalarının formal fəaliyyətidir.

İzah olunur ki, qanunvericiliyə əsasən bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verməlidir.

Bələdiyyə üzvü daimi yaşamaq üçün bələdiyyənin hüdudlarından kənara köçdükdə və ya başqa səbəblərdən öz bələdiyyə ərazisində bələdiyyə üzvlüyü vəzifələrini yerinə yetirə bilmədikdə bələdiyyə üzvlüyü səlahiyyətlərinin öhdəsindən götürülməsi haqqında bələdiyyəyə ərizə verməlidir. Bələdiyyənin növbəti yığıncağı bələdiyyə üzvünün ərizəsinə baxıb müvafiq qərar qəbul etməli və bu qərarı həmin dairənin seçicilərinin nəzərinə çatdırmalıdır.

Bələdiyyə üzvü səlahiyyət müddəti ərzində hər hansı səbəbdən bələdiyyə tərkibindən çıxdıqda müvafiq bələdiyyə ərazisində Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq seçkilər keçirilir.

Həmçinin qeyd olunur ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun 17-ci maddəsinə əsasən bələdiyyə öz səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və qərar layihələrinin hazırlanması üçün, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyələrə məxsus hüquqi şəxslərin fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar yarada bilər. Daimi və başqa komissiyalar yaradılarkən yerli əhəmiyyətli məsələlər nəzərə alınır və onlar “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnamə, bələdiyyənin Nizamnaməsi əsasında fəaliyyət göstərir.

Bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

ü  yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekologiya, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb, bələdiyyənin iclasına və ya bələdiyyənin qərarına əsasən yerli əhalinin müzakirəsinə çıxarmaq;

ü  yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq;

ü  bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;

ü  seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək.

Daimi və başqa komissiyalar onları seçmiş bələdiyyə qarşısında məsuliyyət daşıyır və ona hesabat verir.

Bələdiyyənin daimi və başqa komissiyalarının say tərkibi bələdiyyə tərəfindən müəyyən edilir (azı üç bələdiyyə üzvündən ibarət olmalıdır). Bələdiyyənin daimi və başqa komissiyalarının tərkibinə daxil olan şəxslər bələdiyyə iclasında bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Bələdiyyə üzvü bir neçə daimi və başqa komissiyaların üzvü ola bilər. Bələdiyyə üzvü bir daimi və başqa komissiyanın sədri ola bilər.

Göstərilənlərin nəzərə alınaraq bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə əməl olunmaqla səmərəli təşkil edilməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş baş idarəsi

Digər tövsiyələr