Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının
ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan
enerji mənbələrindən istifadə diqqət mərkəzindədir. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi
siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən
istifadənin genişləndirilməsindən ibarətdir.
Ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu
sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə
müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilmişdir. Son illərdə sahə üzrə
görülən işlər davam etdirilmiş və “Elektrik enerjisi istehsalında bərpa olunan
enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun
(bundan sonra – Qanun) icrasının təmin edilməsi məqsədilə müvafiq
qanunvericilik aktlarında dəyişikliklər edilmişdir.
Belə ki, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik
enerjisi istehsalçısının seçilməsi hərrac və ya birbaşa cəlbetmə yolu ilə Azərbaycan
Respublikasının Energetika Nazirliyi tərəfindən həyata keçirilir. Qanunun
8.7-ci maddəsinə əsasən hərrac və ya birbaşa cəlbetmə yolu ilə seçildikdən
sonra istehsalçı bu Qanunun 6-cı maddəsinə əsasən bərpa olunan enerji mənbələrinin
ərazisinin əhatə etdiyi torpaq sahəsi (su obyekti) üzərində hüquqların əldə
edilməsi ilə bağlı müqavilə (müqavilələr) bağlayır. Torpaq sahəsinin icarəyə
götürülməsi ilə bağlı müqavilə dövlət mülkiyyətində olan, habelə bu məqsədlər
üçün dövlət tərəfindən icarəyə götürülmüş torpaqlara münasibətdə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla), digər hallarda torpaq
sahəsinin mülkiyyətçisi ilə bağlanılır.
31 may 2023-cü il tarixdə “Bələdiyyə torpaqlarının idarə olunması
haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə və “Azərbaycan
Respublikasının 15 mart 2002-ci il tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və
razılaşdırılması haqqında Əsasnamə”nin 10-cu bəndinə edilmiş dəyişikliyə əsasən
bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının açıq torpaq hərracları
və ya müsabiqələrindən kənar əldə edilməsi ilə bağlı yeni istisna hal müəyyən
edilmişdir.
“Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan
Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə uyğun olaraq bərpa
olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsi dövlət mülkiyyətinə
və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə hərrac və ya
müsabiqə keçirilmədən bilavasitə bələdiyyənin qərarı ilə ayrılır.
Həmçinin Əsasnamənin 10-cu bəndinə edilmiş dəyişikliyin tələbinə görə
“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji
mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya
icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya
müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci,
25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
Elektrik enerjisinin istehsalçısı bələdiyyə torpaqlarından hər hansı
bir hüquqda torpaq sahəsinin ayrılması üçün bələdiyyəyə ərizə ilə müraciət
edir. Müraciət daxil olduğu gündən etibarən 15 gün müddətində bələdiyyə
iclasında baxılmalıdır.
Qeyd olunanlara əsasən qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərin
diqqətdə saxlanılması, bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi
torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyəyə müraciət daxil olduqda qanunvericiliyin
göstərilən tələblərinin nəzərə alınması bələdiyyələrə tövisiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi