Vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və
qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikası 18 oktyabr 1991-ci
ildə qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı”ndan irəli gələn müddəalar 1995-ci ildə ümummilli lider Heydər
Əliyevin rəhbərliyilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin
edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın da
başlıca qayəsini təşkil etdi.
Konstitusiyanın qəbul olunması siyasi sistemin
müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin
yaratdı. Müxtəlif illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə
və dəyişikliklərin edilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının
qorunmasına, vətəndaşların həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın
genişlənməsinə və inkişafına şərait yaratmışdır. Konstitusiyanın üçdə bir hissəsi insan hüquq
və azadlıqlarına, onların təminatına həsr edilib.
Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin
qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə
etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və
azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün
qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət
etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini
ehtiva edir.
Demokratik dövlətin əsas atributlarından olan bələdiyyələrin
də fəaliyyətində insan hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı qanunvericiliyin
tələbləri rəhbər tutulmalıdır.
Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir
formasıdır ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri
müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin
mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı
verir. Məhz
bu baxımdan yerli özünüidarəetmə idarəetmənin elə bir növüdür ki, o yerli
səviyyədə xalqın birbaşa iradəsi əsasında, seçki əsasında formalaşır. Bu
mövqedən çıxış edərək bələdiyyələr yerlərdə idarəetmənin həyata keçirilməsində
yerli əhalinin mənafelərini üstün tutmalı, öz fəaliyyətlərində insan və
vətəndaş hüquq və azadlıqlarına riayət edilməsi, insan hüquqlarının
müdafiəsinin təşkili kimi əsas fundamental prinsiplərə riayət etməyə borcludur.
Hər
bir bələdiyyə üzv və qulluqçusu qanunun aliliyini, insan hüquqlarını,
demokratik prinsipləri və etik davranış qaydalarını rəhbər tutaraq “Bələdiyyə
üzvlərinin etik davaranış qaydaları haqqında” və “Bələdiyyə qulluqçularının
etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası qanunlarının müddəalarına
əməl etməlidir.
Bu
Qanunların qəbul olunmasının əsas məqsədi yerli özünüidarə orqanlarının
və bələdiyyə qulluğunun nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə
orqanlarına və bələdiyyə üzv və qulluqçularına etimadının yüksəldilməsi, yerli
özünüidarə orqanlarının və bələdiyyə üzv və qulluqçularının fəaliyyətində
səmərəliliyin və şəffaflığın artırılması, onların fəaliyyətində maraqlar toqquşmasının
qarşısının alınmasıdır.
Bələdiyyə
üzv və qulluqçularının etik davranış qaydaları kimi peşəkarlıq və fərdi
məsuliyyətin artırılması, loyallıq,
insanların hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə və
işgüzar nüfuzuna hörmət, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət, mədəni
davranış, əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi, qərəzsizlik, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya
güzəştlərin əldə edilməsinə yol verilməməsi, korrupsiyanın qarşısının alınması,
hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının
alınması, ictimai və ya siyasi fəaliyyəti göstərmək olar. Sadalanan bu etik
davranış qaydalarının bələdiyyə üzv və qulluqçuları tərəfindən əməl olunmasına
nəzarəti bələdiyyənin sədri həyata keçirir. Belə ki, bələdiyyə sədri öz davranışı ilə etik davranış qaydalarına əməl olunmasına nümunə
göstərməlidir, tabeliyində olan bələdiyyə qulluqçuları arasında onların
tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır, tabeliyində olan
şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət
etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir, rəhbərlik etdiyi yerli
özünüidarə orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və
yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir.
Bu Qanunların müddəalarının bələdiyyə üzv
və qulluqçusu tərəfindən pozulduğu barədə hüquqi və ya fiziki şəxslərdən
şikayət və ya digər məlumatların daxil olduğu təqdirdə, eyni zamanda mediada bələdiyyə üzv və
qulluqçusu tərəfindən bu Qanunların müddəalarının pozulduğu və maraqlar
toqquşmasına yol verildiyi barədə məlumatların dərc edilməsi
bələdiyyə üzv və qulluqçusu barədə
intizam məsuliyyətinin yaranmasına əsas verir. Bildirilir ki, intizam
icraatı zamanı bələdiyyə üzv və qulluqçusu tərəfindən yol verilən hüquq
pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, bu barədə bələdiyyə
orqanının rəhbəri cinayət təqibi orqanına məlumat
verməlidir.
Bələdiyyə qulluqçuları barədə etik
davranış qaydalarının pozulmasına görə töhmət vermək, sonuncu xəbərdarlıqla
şiddətli töhmət vermək, aşağı vəzifəyə keçirmək, bələdiyyə qulluğundan azad
etmək, bələdiyyə üzvləri barədə isə xəbərdarlıq, töhmət kimi məsuliyyət tədbirləri
tətbiq edilir. İntizam tənbehi tətbiq edilərkən bələdiyyə üzv və qulluqçusunun
şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın
xarakteri nəzərə alınmalıdır. Eyni zamanda yuxarıda qeyd edilən intizam
tənbehlərindən hər hansı biri tətbiq olunmadan bələdiyyə qulluqçusuna yazılı və
ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Etik davranış qaydalarını pozmuş
bələdiyyə üzv və qulluqçusu barəsində intizam məsuliyyəti tədbiri pozuntunun
aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir. Qeyd edilir ki,
etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü üzvlükdən çıxmaq barədə
bələdiyyə iclasına ərizə verdikdə və bunun əsasında üzvlüyünə xitam verildikdə,
ona qarşı intizam məsuliyyəti tədbirləri tətbiq edilmir.
Bələdiyyələrin fəaliyyətində insan
hüquqlarının müdafiəsinin təminatı üsullarından biri kimi etik davranış
qaydalarına riayət edilməsi fəaliyyətin prioritet istiqamətini təşkil etməlidir.
Belə ki, bələdiyyələr yerli əhali ilə sıx təmasda olan bir idarəetmə forması olaraq
istər yerli idarəçilikdə, istər vətəndaş müraciətlərinə baxılan müddətdə
yuxarıda qeyd edilən etik davaranış qaydalarını öz işlərində rəhbər
tutmalıdırlar.
Bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarət həyata keçirilərkən, vətəndaş müraciətlərinə baxılan zaman bələdiyyələr
tərəfindən etik davranış qaydaları barədə qanunvericiliyin tələblərinə əməl
edilmədiyinə rast gəlinir. Bu halların qarşısının alınması ilə bağlı Ədliyyə
Nazirliyi tərəfindən tövsiyələr hazırlanaraq bələdiyyələrə göndərilir.
Göstərilənləri nəzərə alaraq bütün bələdiyyələrə
yerli özünüidarənin həyata keçirilməsində insan hüquqlarının müdafiəsində vacib
rol oynayan etik davranış qaydalarına əməl olunması, bununla bağlı yerli səviyyədə
maarifləndirmə işlərinin aparılması tövsiyə edilir.
Bələdiyyələrlə iş mərkəzi