Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
08-11-2024, 12:00

Son xəbərlər

Bütün xəbərlər

Assosiasiyada Təmraz Tağıyevin yubileyi qeyd edilib 

Gündəlik Xəbərlər
14-02-2025 16:14

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Gündəlik Xəbərlər
14-02-2025 10:00

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə


 

Torpaq ehtiyatları hər bir ölkənin davamlı inkişafının əsas elementlərindən biridir. Ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında aqrar sahə həmişə önəmli yer tutmuşdur. Aqrar sahənin inkişafına dair son illərdə qəbul olunmuş dövlət proqramlarında, normativ-hüquqi aktlarda torpaqların münbitliyinin qorunması, bərpası və mühafizəsi sahəsində icrası zəruri olan bir çox vacib tədbirlər nəzərdə tutulmuş və hazırda uğurla icra olunmaqdadır.

Qeyd olunmalıdır ki, torpaqlardan qanunvericiliyin tələblərinə uyğun istifadəyə nəzarətin gücləndirilməsi istiqamətində torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının məqsədli təyinatı üzrə istifadəsi, bu sahədə pozuntuların qarşısının alınması üçün aidiyyəti, o cümlədən yerli özünüidarə orqanları tərəfindən davamlı tədbirlər görülür. Buna baxmayaraq, bələdiyyələr tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına hələ də yol verilir.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməllərindən biri hesab edilir.

Torpaq münasibətlərinin tənzimlənməsi, eləcə də, torpaq üzərində mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası Azərbaycan Respublikasının Konstitusiyası və torpaq, mülki və digər qanunvericilikləri ilə müəyyən olunur.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir.

Bu Məcəllənin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Bu Məcəllənin 9-cu maddəsində Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi əhəmiyyətinə görə dəqiq və ardıcıllıqla müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur.

Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar:

- torpaq sahələrinin özbaşına tutulması;

- torpaq sahələrində qanunsuz tikinti aparılması;

- torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s.

Torpaq Məcəlləsinin 111-ci və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

Beləliklə, torpaq qanunvericiliyində qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq kateqoriyaları dövlət tərəfindən müdafiə olunur.

Belə müdafiə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, mülki və cinayət məsuliyyəti növlərində müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən   mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini, vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edir. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

Əmlak geri qaytarımadıqda və ya dəymiş ziyanı ödəmədikdə qeyd olunan məsələ ilə bağlı mülkiyyətçi tərəfindən müvafiq məhkəməyə müraciət edilir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində torpaqların  istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına, torpaqların münbit qatının korlanmasına, əkin yerinin yandırılmasına, torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə, torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələndirilməsinə, tikilməsinə və istismara verilməsinə, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət növləri müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə - yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

İlk növbədə qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin bu normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur.

Cinayət Məcəlləsinin bu maddəsində torpaq üzərində mülkiyyət hüququnun pozulması torpağın mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, Azərbaycan Respublikasının vahid torpaq fonduna daxil edilən torpaqların bütün kateqoriyalarına aid etmişdir. Eyni zamanda, qeyd olunan normanın dispozisiyasında nəzərdə tutulmuş torpaq üzərində mülkiyyət hüququnun pozulması mülkiyyət hüququnun hər bir elementinin - torpağa sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə hüququnun pozulması kimi başa düşülməlidir.

Cinayət Məcəlləsinin qeyd olunan normasında nəzərdə tutulan torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər isə torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və becərmədə ifadə edilmişdir. Bu əməllər öz növbəsində qeyd olunan cinayətin obyektiv cəhəti hesab edilir.

Cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma aparır və təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır və s.).

Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Qanunvericiliyə müvafıq qaydada şəxsin istifadəsinə ayrılmış torpaq sahəsi əvəzinə başqa torpaq sahəsini ələ keçirmə də torpaq sahəsini özbaşına dəyişdirmə hesab edilməlidir.

Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur.

Göründüyü kimi torpaqların qanunsuz istifadəsi halları qanunvericilikdə aydın formada göstərildiyi kimi  bu neqativ halların müəyyən edilərək  müvafiq tədbirlərin görülməsi torpaq mülkiyyətçilərinin vəzifə səlahiyyətlərinə aid olması da qanunvericilikdə öz əksini tapmışdır.

Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər.

Qeyd olunan hüquq normasının mahiyyətindən aydın olur ki, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin mühafizəsinin təşkili istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi onların vəzifələrinə aid edilmişdir. Bu zaman öz vəzifə səlahiyyətlərini hərəkət və ya hərəkətsizlik göstərərək icra edilməməsi cinayət qanunvericiliyinə əsasən  məsuliyyətə səbəb olur.

Bələdiyyənin vəzifəli şəxslərinin bu istiqamətdə öz vəzifə səlahiyyətlərini layiqincə həyata keçirməməsi nəticəsində ictimai mülkiyyətə ziyan dəyir, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin zəbt edilməsi halları geniş vüsət alır, torpaqları qanunsuz istifadə edənlər cəzasız qalır.

Göstərilənləri nəzərə alaraq bələdiyyə torpaqlarının mühafizəsini təmin edilməsi məqsədi ilə fəaliyyətinizdə qanunvericiliyin tələblərinə düzgün əməl edilməsi tövsiyə olunur.

 

        

                                                                                                Bələdiyyələrlə iş baş idarəsi

 

Digər tövsiyələr