26 Fevral - Xocalı soyqırımı günü
Yaşar Abdullayev, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin sədri
Bəşər tarixinin ən qanlı və faciəli səhifələrindən
biri olan Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı həyata
keçirilmiş amansız zorakılıq aktı öz qəddarlığı və qeyri-insani üsulları ilə təkcə
bir xalqa deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət kimi tarixə həkk
olunmuşdur.
Ümummilli Lider Heydər Əliyev Xocalı faciəsini Azərbaycan
xalqına qarşı həyata keçirilmiş soyqırım kimi qiymətləndirərək bu hadisəni bəşər
tarixində görünməmiş vəhşilik nümunəsi adlandırmışdır. Bu siyasi-hüquqi qiymət
Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində atılan
mühüm addımların əsasını təşkil etmişdir.
Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində
1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
“Xocalı soyqırımı günü haqqında” qərar qəbul edilmişdir. Həmin qərar Xocalı
faciəsinə rəsmi hüquqi-siyasi qiymətin verilməsi, həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması və qurbanların xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət
kəsb etmişdir. Bu sənəd Azərbaycan dövlətinin öz tarixi yaddaşına və ədalət
prinsipinə sadiqliyinin bariz nümunəsidir. Xocalı soyqırımının tanıdılması
istiqamətində atılan bu addım həm də gələcək nəsillərə həqiqətlərin
çatdırılması, faciənin unudulmaması və beynəlxalq miqyasda obyektiv qiymət
alması məqsədini daşıyır.
Xocalı faciəsinin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi
istiqamətində dövlət səviyyəsində ardıcıl tədbirlər həyata keçirilir. 2024-cü
il fevralın 26-da Xocalı-Əsgəran avtomobil yolunun üzərində Xocalı Soyqırımı
Memorial Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. 2025-ci il fevralın
25-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xocalı şəhərində
Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam
imzalamışdır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan
memorial kompleksdə faciənin baş verdiyi gecənin dəhşətli hadisələri, Xocalının
tarixi və coğrafi əhəmiyyəti, işğaldan əvvəlki həyat, həmçinin dinc əhaliyə
qarşı törədilmiş cinayətin faktları əks olunacaq. Burada rayonun maketi, şahid
ifadələri, qurbanların taleləri, sənədli materiallar və videoməlumatlar vasitəsilə
Xocalı həqiqətləri ziyarətçilərə təqdim ediləcək. Eyni zamanda, şəhərin
işğaldan azad olunması və cinayətkarların məsuliyyətə cəlb edilməsi istiqamətində
görülmüş işlər barədə məlumatlar da yer alacaq.
Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında
sağalmaz yara kimi yaşayır. Bu faciənin unudulmaması, dünya ictimaiyyətinə
doğru və dolğun şəkildə çatdırılması hər birimizin mənəvi borcudur. Şəhidlərimizin
əziz xatirəsini dərin ehtiramla yad edir, tarixi həqiqətlərin yaşadılması naminə
birliyimizi nümayiş etdiririk.
Rəylər
0 Rəy