Bütün bələdiyyələrə
Məlum olduğu kimi qanunvericiliyin tələblərinə əsasən bələdiyyə torpaqları qanunvericiliklə nəzərdə tutulmuş istisnalar olmaqla mülkiyyətə və icarəyə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə verilə bilər.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsində hərrac və ya müsabiqə keçirilmədən bilavasitə bələdiyyə qərarı ilə torpaq sahələrinin mülkiyyətə və ya icarəyə verilməsinin 2 halı nəzərdə tutulmuşdur:
· Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması;
· Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 30 may 2023-cü il tarixli 885-VIQD nömrəli Qanunu ilə həmin Qanunun 9.1-ci maddəsinə hərrac və ya müsabiqə keçirilmədən bilavasitə bələdiyyə qərarı ilə bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə ayrılması ilə bağlı bir istisna hal da əlavə edilmişdir. Qeyd olunan dəyişikliyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunduğu hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi də hərrac və ya müsabiqə keçirilmədən bilavasitə bələdiyyə qərarı ilə həyata keçirilir.
“Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 30 may 2023-cü il tarixli 886-VIQD nömrəli Qanunu ilə həmin Əsasnamənin 10-cu maddəsinə də eyniməzmunlu dəyişiklik edilmişdir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 30 may 2023-cü il tarixli 885-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 548 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli Fərmanı və “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 886-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli Fərmanı ilə müvafiq olaraq Qanunun 9.1-ci maddəsində və Əsasnamənin 10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinin Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi və “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin nəzərdə tutulduğu müəyyən edilmişdir.
Qeyd olunur ki, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2023-cü il 14 iyun tarixli Fərman (bundan sonra Fərman) imzalanmışdır.
Fərmanda 2023-cü il iyunun 1-dək tikilmiş obyektlərin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrin, yan divarların və dam örtüklərinin inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların istismarına icazə verilməsi qaydası müəyyənləşdirilmiş və aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilmişdir.
Qeyd olunan Fərmanın tələblərinə uyğun olaraq aparılmış müayinənin nəticəsinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi plana əsasən magistral boru-kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastruktur obyektlərinin, suların və digər mühafizə zonalarında, neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşməyən qeyri-yaşayış binasının dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrində inşa edildiyi hallarda həmin torpaq sahələri üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən tikintinin sahibinə bildiriş göndərilir. Bildiriş həmçinin, elektron qaydada ƏMDX-nə və torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda aidiyyəti bələdiyyəyə ötürülür.
Yaşayış məntəqəsinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyri-yaşayış binasının istismarına icazə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya yerli icra hakimiyyəti orqanı tərəfindən həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törədilmədikdə verilir.
Şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir.
Fərmana əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən istismara hazırlığı barədə müsbət rəy verilmiş qeyri-yaşayış binası onun yerləşdiyi torpaq sahəsi Qanuna əsasən müəyyənləşdirilmiş qaydada müvafiq bələdiyyə tərəfindən onun sahibinin öz mülahizəsi ilə mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra istismara qəbul edilir.
Fərmanın tələblərindən göründüyü kimi göstərilən hallarda tikili sahibinin öz seçimi, mülahizəsi əsasında torpaq sahəsi müvafiq bələdiyyə tərəfindən onun mülkiyyətinə və ya icarəsinə ayrılır.
Qeyri-yaşayış binasının yerləşdiyi və fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahələrinin ölçüləri torpağın ayrılması barədə və ya torpağa dair hüquqmüəyyənedici sənədlərdə göstərilən, yaxud tikinti layihəsində əks olunan tikinti ərazisinin hüdudları ilə müəyyən olunur. Belə sənədlər olmadığı hallarda fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri qeyri-yaşayış binasının tikinti sahəsindən az olmamaq şərtilə Xidmət tərəfindən müəyyən olunur.
Qanunun 9.1-ci maddəsində və Əsasnamənin 10-cu bəndində nəzərdə tutulan istisna hallarda bələdiyyə torpaqları hərrac və ya müsabiqə keçirilmədən bilavasitə bələdiyyə qərarı ilə mülkiyyət və ya icarəyə bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Şəxslər torpaq sahəsinin mülkiyyətinə və ya icarəsinə ayrılması ilə bağlı bələdiyyəyə ərizə ilə müraciət edirlər. Müraciətə daxil olduğu gündən etibarən 15 gün müddətində bələdiyyə iclasında baxılmalıdır.
Qeyri-yaşayış binasının yerləşdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin Fərmanın məqsədləri üçün fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi barədə onların ərizələrinə bələdiyyə iclasında baxılarkən binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildiriş əsas götürülməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qanunvericiliyin qeyd olunan tələbindən də aydın olduğu kimi bələdiyyələr torpaq sahələrini mülkiyyətə və ya icarəyə ayırarkən həmin torpaq sahəsi üzərində öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmalıdırlar.
Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və ya fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
Qanunun tələblərinə görə bələdiyyə torpaqları bilavasitə satıldıqda qiymətlər torpağın normativ qiymətindən az olmamaq şərti ilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir.
Əsasnamənin 23-cü bəndinə əsasən torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu bəndin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı (ƏMDX) tərəfindən 3 gün müddətində verilir. Sorğunun və bu sorğu əsazsında verilən məlumatların məzmunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyul 2014-cü il tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmişdir (əlavə olunur).
Fərmanın məqsədləri üçün bələdiyyələr tərəfindən qeyri-yaşayış obyektlərinin yerləşdiyi torpaq sahələri müraciət edən fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülahizəsinə görə bilavasitə onların icarəsinə ayrıldığı, həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsinin digər hallarında icarə haqqı (bazar məzənnələrinə uyğun) bələdiyyə tərəfindən müəyyən edilərkən torpağın satış qiymətinin müəyyənləşdirilməsi üçün yuxarıda qeyd olunan vasitələrdən istifadə oluna bilər.
Qanunvericiliyin qeyd olunan tələblərinə ciddi əməl edilməsi tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi