Ölkəmizdə aparılmış torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarət olmuşdur.
Aparılmış islahat zamanı müvafiq ərazi vahidi
daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən
torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə aid edilmişdir. Bələdiyyə
mülkiyyətinə verilmiş torpaq sahələrinə örüş, otlaq və biçənək sahələri də aid
edilmişdir. Həmin torpaq sahələri üzərində yaranan hüquq münasibətləri torpaq
qanunvericiliyi ilə tənzimlənir.
Azərbaycan Respublikası
Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndinin tələblərinə əsasən yaşayış məntəqələrinin
yaxınlığında yerləşən bələdiyyələrin mülkiyyətində olan örüş sahələri ödənişsiz
və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün ümumi istifadə
olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri
açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı
sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin
icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
Qanunvericiliyin qeyd
olunan tələbinin mahiyyətindən də aydın olduğu kimi bələdiyyə mülkiyyətində
olan örüş sahələri - ümumi istifadədə
olan örüş sahələri və bələdiyyənin
ehtiyat torpaq fondunda olan digər örüş sahələri istifadə xüsusiyyətlərinə
görə fərqləndirilir.
Bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin
mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri
əhalinin istifadəsinə müddətsiz verilir və torpaq vergisinə cəlb edilmir, həmin
örüş sahələri bilavasitə bələdiyyə qərarı ilə ayrılır.
Bələdiyyə
mülkiyyəti formalaşmağa başladığı zaman onların mülkiyyətinə verilmiş torpaq
sahələrinin tərkibində ümumi istifadədə olan örüş sahələri də nəzərdə
tutulmuşdur. Lakin bəzi hallarda həmin sahələrin dəqiq sərhədləri və həcmi müəyyən
edilməmişdir.
Bir sıra hallarda
ümumi istifadə üçün müəyyənləşdirilmiş örüş sahələri yaşayış məntəqəsindən
xeyli uzaq məsafədə yerləşir ki, bu da əhalinin ondan istifadə etməsinə çətinlik
yaradır və ya mümkünsüz edir.
Bəzi bələdiyyələr
tərəfindən ümumi istifadə üçün nəzərdə tutulan örüş sahələrinin müəyyən hissəsi
ayrı-ayrı şəxslərin icarəsinə ayrılmışdır.
Ötən müddət ərzində
yerli əhalinin, həmçinin də onların mal-qarasının sayında əsaslı artım olduğundan
əvvəllər ümumi istifadə üçün nəzərdə tutulmuş örüş sahələri bir çox hallarda faktiki
tələbatı ödəmir.
Bütün qeyd
olunanlar yerli əhalinin narazılığına, müxtəlif dövlət orqanlarına şikayət (o
cümlədən kollektiv şikayət) etmələrinə səbəb olur.
Həmçinin ümumi
istifadə üçün ayrılmış örüş sahələrinin həcmi və sərhədlərinin dəqiq müəyyən
edilmədiyi hallarda bələdiyyənin ehtiyat torpaq fondunda olan örüş sahələrinin
icarəyə ayrılması ilə bağlı məsələlərə baxılarkən qanunverciliyə uyğunluğu barədə
aidiyyəti dövlət qurumlarının rəy verməsində ciddi çətinliklər yaranır.
Qeyd olunanlara
əsasən yerli əhalinin mövcud və prespektiv dövr üçün heyvanlarının yemlənməsi
üçün tələbatı, əhalinin mal-qarasının sayı, son illərdə müşahidə edilən artım
dinamikası təhlil edilərək yerli əhalinin rəyi nəzərə alınmaqla, sərhədləri və ölçüləri yerquruluşu
qaydasında dəqiqləşdirilməklə ümumi istifadə üçün örüş sahələrinin ayrılması məsələsinə
yenidən baxılması zərurəti yaranmışdır.
Örüş, otlaq və biçənək sahələrinin
istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş
“Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə
istifadə edilməsi” Qaydalarına əsasən bələdiyyə mülkiyyətində olan örüş sahələri
və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə
müəssisələrinə verilir.
Örüş sahələrinin və biçənəklərin fiziki və hüquqi şəxslərin
istifadəsinə və ya icarəsinə verilməsi üçün tələbat hesablanarkən mal-qaranın
sayından, torpaq ehtiyatlarının həcmindən, sahənin tutumundan, coğrafi
yerləşməsindən, suvarma imkanından asılı olaraq bu torpaqların dəmyə sahəsində
hər hektarda 2-3 baş davar və 1 baş iribuynuzlu mal-qara, suvarılan sahəsində
isə müvafiq olaraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara otarılması (yemləndirilməsi)
nəzərdə tutulur.
Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla
mülkiyyətində olan örüş sahələrindən əhalinin ümumi istifadəsi üçün Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin
müvafiq qurumları ilə birlikdə həcminin və sərhədlərinin yerquruluşu qaydasında
dəqiqləşdirilməsi və xəritələşdirilməsi, həcmi dəqiq göstərilməklə örüş
sahələrinin ayrılması məsələsinə qısa müddət ərzində yenidən baxılması və həll
edilməsi tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi