Xocalı soyqırımı qurbanlarının xatirəsi güləş turniri ilə yad edildi
26 fevral 2026-cı il tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərbəst güləş turniri Olimpiya İdman Kompleksində keçirildi. Tədbir Qax bələdiyyəsi və Respublika Olimpiya İdman Liseyinin Qax şöbəsinin birgə təşkilatçılığı ilə baş tutdu.
Turnirin əsas məqsədi
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, gənclər arasında vətənpərvərlik
ruhunu gücləndirmək və idmanın inkişafına töhfə vermək idi. Tədbir
iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Açılış mərasimində
çıxış edən bələdiyyə sədri Eyvaz Orucov Xocalı faciəsinin xalqımızın yaddaşında
dərin iz buraxdığını vurğulayaraq belə tədbirlərin gənc nəslin tariximizi
unutmaması baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi. Tədbirdə bələdiyyə
üzvləri də iştirak edərək turnirin keçirilməsinə dəstək göstərdilər.
Respublika
Olimpiya İdman Liseyinin Qax şöbəsinin müdiri Ramil Məmmədli çıxışında idmanın
gənclərin fiziki və mənəvi inkişafında rolundan danışdı, turnirin ənənəvi
xarakter almasının vacibliyini qeyd etdi.
Yeni Azərbaycan
Partiyasının sədr müavini İlkin Abbasov isə çıxışında Xocalı həqiqətlərinin təbliğinin
vacibliyini vurğulayaraq bu cür idman yarışlarının həm xatirə, həm də vətənpərvərlik
baxımından böyük əhəmiyyət daşıdığını bildirdi.
Turnirdə müxtəlif
yaş qrupları üzrə güləşçilər mübarizə apardılar, maraqlı və gərgin
qarşılaşmalar izlənildi. Yarışın sonunda qaliblər diplom və mükafatlarla təltif
olundular.
Qeyd edək ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan bu cür turnirlərin keçirilməsi gənclər arasında vətənpərvərlik hissinin aşılanmasına, idmana marağın artırılmasına və şəhidlərimizin xatirəsinin yaşadılmasına xidmət edir.
Qax bələdiyyəsi
Rəylər
0 Rəy