Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
02-09-2023, 15:37

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Yaşayış məntəqələrinin ərazilərinin sanitariya qaydalarına, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsi sahəsində bələdiyyələrin vəzifələri barədə

Yaşayış məntəqələrinin ərazilərinin sanitariya qaydalarına,  gigiyena və ekoloji normativlərə uyğun olaraq tənzimlənməsi, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsi sahəsində bələdiyyələrin vəzifələri barədə

Məlum olduğu kimi son zamanlar şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına,  gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi,  məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması, sənaye və məişət tullantılarının qalaqlanması və zərərsizləşdirilməsi zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsinə diqqət daha da artmışdır.

Bu sahədə qanun pozuntularının aşkarlanması ilə əlaqədar aidiyyəti dövlət qurumları tərəfindən bir sıra bələdiyyələrin vəzifəli şəxsləri barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) inzibati xəta haqqında protokollar tərtib edilərək inzibati məsuliyyətə cəlb olunurlar.

Qeyd edilən məsələlərlə bağlı mövcud vəziyyət, həmçinin şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına,  gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi,  məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması, sənaye və məişət tullantılarının qalaqlanması və zərərsizləşdirilməsi ilə bağlı bələdiyyələrin hüquq və vəzifələri barədə qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı məsələlər bir daha öyrənilmişdir.

 Qeyd olunmalıdır ki, qanunvericilikdə məişət tullantılarının yığılması və daşınması ilə bağlı bələdiyyələrin üzərinə birbaşa vəzifə qoyulmamış, yalnız bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində də öz əksini tapmışdır.

 “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərindən aydın olur ki, yerli ekoloji proqramların məqsədi dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər.

Qanunvericiliyin qeyd edilən tələblərindən aydın olur ki, dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələləri ilə bağlı yerli ekoloji proqramlar bələdiyyələrin maliyyə imkanlarına uyğun olaraq nəzərdə tutula bilər, məişət tullantıllarının yığılması, nəql edilməsi, yerləşdirilməsi və  zərərsizləşdirilməsinin həyata keçirilməsi bələdiyyələrin vəzifəsi deyil, hüququdur.

Bildirilir ki, “şəhərlər və digər yaşayış məntəqələri ərazisinin təmizlənmə və yığışdırılma sistemi məişət tullantılarının (yaşayış sahələrinin ərazisində toplanmış təsərrüfat-məişət, həmçinin yaşayış və ictimai binaların, ticarət müəssisələrinin, ictimai iaşə və mədəni-məişət sahələrinin tullantılarının, küçə tullantılarının, süpürüntülərinin və digər məişət tullantılarının) məqsədyönlü yerləşdirilməsi, tezliklə kənar edilməsi, zərərsizləşdirilməsi və utilizə edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.04.2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi barədə Qaydaları” ilə tənzimlənir.

Qeyd edilən məsələlərlə bağlı qanun pozuntularının qarşısının alınması məqsədi ilə  şəhərlər və digər yaşayış məntəqələri ərazisində bərk məişət tullantıları yığılan tutumların yerləşdirilməsi üçün xüsusi sahələr ayrılmalı, ayrılan sahələr açıq, döşəməli, sukeçirməyən örtüklü və imkan daxilində yaşıllıqla əhatələnmiş olmalı və sahələr elə seçilməlidir ki, tullantıların iyi yaşayış sahəsinə yönəlməsin.Tutumların sayının və həcminin müəyyən olunması üçün onlardan istifadə edəcək əhalinin sayı, tullantıların yığılma norması, tullantıların müvəqqəti saxlanılması müddəti nəzərə alınmalıdır.

Həmçinin  yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla, yaşayış və ictimai binaların, mədəni-məişət obyektlərinin tikintisi, təmiri, bərpası zamanı əmələ gələn tullantılar tikinti təşkilatlarının nəqliyyatı ilə xüsusi ayrılmış ərazilərə, eləcə də sənaye müəssisələrinin utilizə olunmayan tullantıları bu tullantılar üçün nəzərdə tutulmuş xüsusi qurğulara və ya poliqonlara daşınmalıdır. Şəxsi ev ərazilərində tutumların, həyət ayaqyolularının və çirkab quyusunun yerləşdirilməsi ev sahibləri tərəfindən müəyyən olunur. İstehsalat tullantılarının (təhlükəli və təhlükəsiz) və təkrar xammalın məişət tullantıları üçün nəzərdə tutulmuş tutulmalarda yerləşdirilməsinə yol verilmir.

Məişət tullantılarının əmələ gəlmə yerlərində müvəqqəti saxlanılması üçün ayrılmış xüsusi sahələrdə aidiyyəti qurumlar tərəfindən metal tutumlarla təmin olunmuş meydançaların yaradılması və zərərsizləşdirmək məqsədilə məişət tullantılarının tutumlara (urnalara) atılması zəruridir.Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Meydançalar tutumların sayına və həcminə uyğun olaraq tikilərkən tutumlara əhalinin və tullantı daşıyan avtomaşınların yaxınlaşmasının mümkünlüyü, digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmaması meydançalardakı tutumlardan tullantıların küləklə sovrularaq ətraf ərazilərə yayılmaması, həyətlərdə uşaq meydançalarından və bağçalardan, məktəblərdən, sağlamlıq və istirahət zonalarından, mədəniyyət ocaqlarından, ictimai iaşə obyektlərindən və mağazalardan aralıda yerləşdirilməsi kimi şərtlər nəzərə alınmalıdır.

Bütün meydan və küçələrdə, bağlarda, parklarda, şəhər nəqliyyatı dayanacaqlarında, metro girişlərində və s. ərazilərdə aidiyyəti qurumlar tərəfindən, vağzallarda, aeroportlarda, dəniz limanlarında, bazarlarda və digər yerlərdə isə bu təşkilatların rəhbərliyi tərəfindən kifayət qədər tutumlar (urnalar) qoyulmalıdır. Məişət tullantılarının daşınmasını, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə, aidiyyəti qurumlar, həmçinin müqavilə əsasında tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilər.

Aidiyyəti qurumlar, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər: 

-  yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını və daşınmasını təmin etməyə;

-  hər bir xüsusiləşdirilmiş avtomaşın üçün marşrut qrafikini tərtib etməyə;

-  istismar şəraitinin dəyişməsinə uyğun olaraq marşrut qrafikində dəyişiklik etməyə;

-  təsdiq olunmuş marşrut qrafikinin dəqiq yerinə yetirilməsini təmin etməyə;

-  tullantıların tam yığışdırılmasını və poliqonlarda yerləşdirilməsini təmin etməyə;

-  tullantıların daşınması üzrə xüsusiləşdirilmiş avtomaşınların başqa məqsədlər üçün istifadə edilməməsinə;

-  tullantıların qarışmasına yol verməməyə;

-  tullantılar avtomaşınlara yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantıların ətrafa səpələnməsinin qarşısını almağa, ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə;

-  məişət tullantılarının yığışdırılaraq daşınması üçün bağlanmış müqavilələrin bütün şərtlərini tam şəkildə yerinə yetirməyə;

-  tullantıların uçotunu aparmağa borcludurlar.

“Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində aidiyyəti qurumlar dedikdə  həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları nəzərdə tutulur.

Qeyd olunur ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9-cu bəndinə əsasən istehsalat və məişət tullantılarının yığılması və daşınması işinin təşkil edilməsi, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlərin görülməsi və tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasının təmin edilməsi yerli icra hakimiyyəti başçısının vəzifələri kimi göstərilmişdir.

Bərk məişət tullantılarının saxlanılması və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır.

Küçələrin, həyətlərin və şəhərlər və digər yaşayış məntəqələrinin digər ərazilərinin, həmçinin ümumi istifadə yerlərinin və çimərliklərin təmiz saxlanılması vəziyyətinə nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi həyata keçirilir.

Zaqatala rayonu Aşağı Tala bələdiyyəsinin sorğusu əsasında Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsi tərəfindən verilmiş cavab məktubunda məişət tullantlarının yığılması, nəql edilməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsinin həyata keçirilməsi ilə bağlı bələdiyyənin vəzifəsinin olmaması, eləcə də Aşağı Tala bələdiyyəsinin vəzifəli şəxsi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun qanuna uyğun olmadığı bildirilmişdir.

Məlumat üçün bildirilir ki, Zaqatala rayonu Aşağı Tala bələdiyyəsinin sədri Vüqar Əbdürəhmanov barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə 2000 (iki min) manat inzibati cərimə tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08.06.2023-cü il tarixli qərarı bələdiyyənin şikayəti əsasında Zaqatala rayon Məhkəməsinin 27.07.2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir.

İzah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə, həmçinin həmin Məcəllənin 266-cı maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına və şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı  qanunla müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur.

Məlumat üçün bildirilir ki, “Polis” haqqında Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının hüququdur və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1 və 5.11-ci bəndlərinə əsasən İnzibati Xətalar Məcəlləsinin 266.1, 266.2, 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  266.3 və 266.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır.

Qeyd olunanlara əsasən yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin çirklənmədən qorunması, yaxşılaşdırılması, abadlaşdırılması və bu sahədə digər məsələlərin həlli üçün bələdiyyə büdcəsinin imkanları daxilində qanunvericiliyin tələblərinə əsasən əlavə tədbirlərin görülməsi, bələdiyyənin inzibati ərazisində göstərilən məsələlərlə bağlı qanun pozuntuları olduqda aidiyyəti qurumlara dərhal məlumat verilməsi, həmçinin bələdiyyələrin vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar əsassız inzibati xəta haqqında protokolların tərtib edilməsi hallarında onların ləğv edilməsi üçün inzibati və ya məhkəmə qaydasında müraciət edilməsi tövsiyə olunur.

Ədliyyə Nazirliyinin  Bələdiyyələrlə iş mərkəzi

Digər tövsiyələr