Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
04-11-2023, 19:39

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
“Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunlarına edilmiş dəyişikliklərdən irəli gələn tələblər barədə


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların, həmçinin sahibkarlıq subyektlərinin əmlak mənafeyinin qorunması üçün əvvəlki illərdə müvafiq icazə alınmadan və rəsmiləşdirilmədən tikilmiş yaşayış evləri və qeyri-yaşayış təyinatlı tikililərin sənədləşdirilməsi istiqamətində davamlı iş aparılır. Bu məqsədlə zəruri qanunvericilik bazasının yaradılması da diqqət mərkəzindədir.

Məhz bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 30 may 2023-cü il tarixli 885-VIQD nömrəli Qanunu ilə həmin Qanunun 9.1-ci maddəsinə hərrac və ya müsabiqə keçirilmədən bilavasitə bələdiyyə qərarı ilə bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə ayrılması ilə bağlı bir istisna hal da əlavə edilmişdir. Qeyd olunan dəyişikliyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunduğu hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi də hərrac və ya müsabiqə keçirilmədən bilavasitə bələdiyyə qərarı ilə həyata keçirilir.

Qanunvericiliyə edilmiş qeyd olunan dəyişiklikdən sonra qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2023-cü il 14 iyun tarixli Fərman imzalanmışdır.

Özbaşına həyata keçirilmiş tikililərin sənədləşdirilməsi ilə yanaşı qanunsuz tikinti işlərinin aparılması hallarının qarşısının alınması, bu kimi hallara imkan verən səbəb və şəraitin aradan qaldırılması istiqamətində də ciddi kompleks tədbirlər həyata keçirilir. Həmin tədbirlərin tərkib hissəsi olaraq qeyd olunur ki,  “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişiklik edilməsi barədə 30 may 2023-cü il tarixli Qanunlar qəbul edilmişdir.

Həmin Qanunlara edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə, qazpaylayıcı şəbəkəyə, su təchizatı şəbəkəsinə və kanalizasiya şəbəkəsinə qoşulması qadağandır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü (məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır) maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir.

Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Məcəlləyə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

Qanunvericiliyə edilmiş dəyişiklikdən aydın olur ki, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin müvafiq quruma belə məlumat verilməmiş, həmçinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılmamış tikinti obyektlərinin enerji, qaz, su ilə təchiz olunması, eyni zamanda kanalizasiya şəbəkəsinə qoşulması üçün hər hansı sənəd verilməsi qanunvericiliyin tələblərinə ziddir.

Lakin inzibati nəzarət həyata keçirilərkən bələdiyyələr tərəfindən vətəndaşlara qanunsuz inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin, eyni zamanda fərdi yaşayış evlərinin enerji təchizatı, qazpaylayıcı şəbəkələrə, su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması məqsədilə aidiyyəti xidmət mərkəzlərinə təqdim olunması üçün arayışların verilməsi hallarına rast gəlinir.

Qeyd olunur ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin səlahiyyətidir.

Eyni zamanda “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bələdiyyə orqanları - səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır.

Göstərilənlərə əsasən qanunvericiliyin tələblərinə riayət edilməsi, yerli özünüidarəetmənin qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində həyata keçirilməsi, yuxarıda göstərilənlərin gələcək fəaliyyətlərində nəzərə alınması bələdiyyələrə tövsiyə olunur.

 

 Bələdiyyələrlə iş mərkəzi

 

 

 

 

 

 

Digər tövsiyələr