Məlum olduğu kimi bir-çox bələdiyyələr
tərəfindən əvvəlki illərdə yerli büdcə vəsaitləri hesabına qeyri-yaşayış təyinatlı
tikinti obyektləri (uşaq bağçaları, xəstəxanalar və s.) inşa edilmiş, lakin həmin
tikililərlə bağlı hər hansı sənədləşmə işləri aparılmamışdır.
Qeyd olunur ki, “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının 30 may 2023-cü il tarixli 885-VIQD
nömrəli Qanunu ilə həmin Qanunun 9.1-ci maddəsinə hərrac və ya müsabiqə
keçirilmədən bilavasitə bələdiyyə qərarı ilə bələdiyyə torpaqlarının mülkiyyətə
və ya icarəyə ayrılması ilə bağlı bir istisna hal da əlavə edilmişdir. Qeyd
olunan dəyişikliyə əsasən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunduğu
hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə
əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi
torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə
verilməsi də hərrac və ya müsabiqə keçirilmədən bilavasitə bələdiyyə qərarı ilə
həyata keçirilir.
“Azərbaycan Respublikasının 15
mart 2002-ci il tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 30
may 2023-cü il tarixli 886-VIQD nömrəli Qanunu ilə həmin Əsasnamənin 10-cu maddəsinə
də eyniməzmunlu dəyişiklik edilmişdir.
Qeyri-yaşayış təyinatlı bəzi
tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti
sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq
subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədi
ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi
tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər
haqqında” 2023-cü il 14 iyun tarixli Fərman (bundan sonra Fərman)
imzalanmışdır.
Fərmanda 2023-cü il iyunun 1-dək
tikilmiş obyektlərin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası,
təmiri və digər tikinti fəaliyyəti nəticəsində
yaradılmış bütün mərtəbələrin, yan divarların və dam örtüklərinin inşası daxil
olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların
istismarına icazə verilməsi qaydası müəyyənləşdirilmiş və aidiyyəti dövlət
orqanlarına müvafiq tapşırıqlar verilmişdir.
Qeyd olunan Fərmanın tələblərinə
uyğun olaraq aparılmış müayinənin nəticəsinə əsasən istismara hazırlığı barədə
müsbət rəy verilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi plana əsasən magistral
boru-kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat
infrastruktur obyektlərinin, suların və digər mühafizə zonalarında, neft-qaz
yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq
sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşməyən
qeyri-yaşayış binasının dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrində
inşa edildiyi hallarda həmin torpaq sahələri üzərində mülkiyyət və ya icarə
hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə
veriləcəyi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən tikintinin
sahibinə bildiriş göndərilir. Bildiriş həmçinin, elektron qaydada ƏMDX-nə və
torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda aidiyyəti bələdiyyəyə ötürülür.
Yaşayış məntəqəsinin ümumi
istifadədə olan torpaqlarında inşa edilmiş qeyri-yaşayış binasının istismarına
icazə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və
ya yerli icra hakimiyyəti orqanı tərəfindən həmin qeyri-yaşayış binasının yerləşdiyi
ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törədilmədikdə
verilir.
Şəhər inzibati ərazi vahidlərinin
inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin
inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati
ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən
qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin
qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin
sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər
nəzərə alınmaqla verilir.
Qeyri-yaşayış binasının yerləşdiyi
torpaq sahələrinin ölçüləri torpağın ayrılması barədə və ya torpağa dair hüquqmüəyyənedici sənədlərdə
göstərilən, yaxud tikinti layihəsində əks olunan tikinti ərazisinin hüdudları
ilə müəyyən olunur. Belə sənədlər olmadığı hallarda torpaq sahəsinin ölçüləri
qeyri-yaşayış binasının tikinti sahəsindən az olmamaq şərtilə Xidmət tərəfindən
müəyyən olunur.
Qanunun 9.1-ci maddəsində və
Əsasnamənin 10-cu bəndində nəzərdə tutulan istisna hallarda bələdiyyə
torpaqları hərrac və ya müsabiqə keçirilmədən bilavasitə bələdiyyə qərarı ilə
mülkiyyət və ya icarəyə bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.
Qeyri-yaşayış binasının yerləşdiyi
bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyət hüququnu təsdiq edən
sənəd təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildiriş əsas
götürülməlidir.
Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək
hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət
reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qanunvericiliyin
qeyd olunan tələbindən də aydın olduğu kimi bələdiyyələr torpaq sahələrini
mülkiyyətə və ya icarəyə ayırarkən həmin torpaq sahəsi üzərində öz mülkiyyət
hüquqlarını dövlət qeydiyyatına aldırmalıdırlar.
Bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinə
uyğun tədbirlər yekunlaşdıqdan, yəni qeyri-yaşayış binası və onun yerləşdiyi
torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına
alındıqdan sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən
həmin
tikili qiymətləndirilir və bələdiyyələrin balansına qəbul edilir.
Qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməsi tövsiyə
olunur.
Bələdiyyələrlə iş baş idarəsi