Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
19-10-2024, 19:19

Son xəbərlər

Bütün xəbərlər

Assosiasiyada Təmraz Tağıyevin yubileyi qeyd edilib 

Gündəlik Xəbərlər
14-02-2025 16:14

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Gündəlik Xəbərlər
14-02-2025 10:00

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
İxtisaslaşmış kadrların bələdiyyə qulluğuna cəlb edilməsinin əhəmiyyəti barədə

Dövlət siyasətinin əsas məqsədlərindən biri iqtisadi və sosial cəhətdən demokratik dövlətin inkişafı üçün yerli özünüidarəetmə orqanlarının səmərəliliyini yüksəltməkdən ibarətdir.

Yerli özünüidarə orqanlarının səmərəli fəaliyyətinin başlıca şərtlərindən biri onların peşəkar kadr potensialına malik olmasıdır. Yerli əhəmiyyətli məsələlər üzrə qanunvericiliyə uyğun effektiv və çevik qərarların qəbulu və onların lazımi qaydada icrası bələdiyyə kadrlarının peşə hazırlığının səviyyəsindən çox asılıdır. 

Lakin bələdiyyələrin maliyyə imkanlarının zəif olması peşəkar kadrların qulluğa cəlb olunmasına, bələdiyyələrin keyfiyyətli fəaliyyət göstərməsinə mənfi təsir göstərən amillərdəndir. Müxtəlif sahələr üzrə ixtisaslaşmış kadrların olmaması yerli özünüidarəetmənin qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlərinin həyata keçirilməməsinə və ya qismən həyata keçirilməsinə, vətəndaş müraciətlərinin lazımi qaydada həll edilməməsinə və təbii olaraq da vətəndaş məmnunluğunun təmin olunmamasına, əhalinin bələdiyyələrə olan inamının itməsinə gətirib çıxarır. Bu problemləri aradan qaldırmaq üçün qanunvericiliyin tələbləri barədə məlumatlı olan, eyni zamanda ayrı-ayrı vəzifələr üzrə ixtisaslaşmış şəxslərin bələdiyyə qulluğuna qəbul edilməsi olduqca vacibdir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin nəticələri      bələdiyyələrin və onların vəzifəli şəxslərinin fəaliyyətində bələdiyyə idarəçiliyi ilə bağlı xarakterik qanun pozuntularına yol verildiyini göstərir. Belə ki, təcrübədə bələdiyyə sədrləri tərəfindən bələdiyyənin icra aparatının düzgün təşkil olunmaması, təcrübəli, ixtisaslaşdırılmış kadrların bələdiyyənin icra aparatına cəlb edilməməsi, bələdiyyə qulluğuna qəbul qaydalarının pozulması kimi hallara rast gəlinir.

Təhlillər zamanı müəyyən olunmuşdur  ki, bəzi bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq vətəndaşlar bələdiyyə qulluğuna bələdiyyə qərarı olmadan və ya müsabiqə keçirilmədən qəbul edilirlər.

Həmçinin bəzi bələdiyyələrdə bələdiyyə qulluğuna qəbulun keçirilməsi məqsədi ilə  müsabiqə komissiyası yaradılmamışdır.

Bundan əlavə bələdiyyə orqanlarında xüsusi bilik tələb olunan vəzifələrə qeyri peşə sahibləri təyin olunur, işçilərin bilik səviyyələri yoxlanılmır, təyin ediləcək vəzifəyə uyğunluğu araşdırılmır.

 Eyni zamanda bələdiyyələrin icra aparatında nəzərdə tutulan vəzifənin icrası yalnız bələdiyyə qulluqçusu olan şəxslərin səlahiyyətinə aid olduğu halda, ayrı-ayrı şəxslərlə xidməti müqavilələr bağlanılır. 

 Yuxarıda göstərilənlərə əsasən qanunvericiliyin tələblərinə düzgün əməl edilməməsi bələdiyyələrdə qeyri-peşəkar kadrların formalaşmasına, işin keyfiyyətinin aşağı səviyyəyə düşməsinə, bələdiyyənin fəaliyyətində qanunçuluğun təmin edilməməsinə  səbəb olur.

Bələdiyyələrin fəaliyyətində yol verilən qanun pozuntularının müəyyənləşdirilməsi ilə yanaşı, onları doğuran səbəblər, bu pozuntulara yol verilməsinə imkan verən şərait də təhlil edilmişdir. Belə ki, bu pozuntuları doğuran səbəb və şərait əsasən aşağıdakılardan ibarətdir:

bələdiyyənin təkbaşına idarə edilməsi;

bir çox hallarda bələdiyyə üzvlərinin tam fəaliyyətsizliyi;

bələdiyyə komissiyalarının formal fəaliyyət göstərməsi;

bələdiyyə-vətəndaş münasibətlərinin düzgün qurulmaması, yerli əhalinin ictimai nəzarətinin olmaması;

bələdiyyənin vəzifəli şəxslərinin qanunu bilməmələri, öz vəzifələrini və məsuliyyətlərini dərk etməmələri;

peşəkar bələdiyyə qulluqçusu korpusunun formalaşmaması.

Məlumat üçün bildirilir ki, ötən dövrlər ərzində Ədliyyə Nazirliyi tərəfindən bələdiyyə qulluğu ilə bağlı münasibətləri tənzimləyən müxtəlifməzmunlu tövsiyələrin bələdiyyələrə göndərilməsinə baxmayaraq bu sahədə yenə də bir sıra problemlər hələ də qalmaqda davam edir.

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin icra aparatında vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi bələdiyyə qulluqçusu hesab edilir, onların statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.

Həmin Qanunun 5-1-ci maddəsinə görə bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər. Bu məqsədlə bələdiyyənin qərarı ilə müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini təsdiq edilir və 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət tərkibdə bələdiyyənin müsabiqə komissiyası yaradır. Müsabiqə komissiyası öz fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir. Müsabiqə komissiyasının iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

Eyni zamanda qanunvericiliyə əsasən şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edildikdə, məhkumluğu ödənilməmiş və ya götürülməmişsə, bələdiyyənin sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqində dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda həmin şəxslərin bələdiyyə qulluğuna qəbul edilməsi qadağan edilir.

Bələdiyyələrin işinin düzgün qurulması üçün ixtisaslaşmış kadrlar bələdiyyə qulluğunda işə cəlb olunmalıdır. Misal olaraq, bələdiyyələrdə vergi, muhasibat uçotu, hüquq, eləcə də kargüzarlıq və arxiv işi sahəsində təcrübəli və peşəkar işçilər fəaliyyət göstərməlidir.

Bələdiyyələrin işinin idarə olunmasında kadrların hazırlığı aşağıdakı istiqamətlərdə həyata keçirilməlidir:

1) Bələdiyyə fəaliyyətinin tam şəkildə təşkili, fəaliyyətlərin əlaqələndirilməsi ilə bağlı ümumi idarəçilik sferasında mütəxəssislərin hazırlanması;

 2) Ayrı-ayrı fəaliyyət sahəsində ixtisaslaşmış bələdiyyə qulluqçularının hazırlanması.

 Bələdiyyə qulluğuna qəbul edilmiş şəxslərin peşə hazırlığı bir sıra tələblərə cavab verməlidir:

Həm nəzəri, həm də praktiki biliklərə yiyələnməlidir;

Yerli özünüidarəetmədə idarəçilik prinsiplərini öyrənməlidir;

Bələdiyyə idarəetməsinin bazar iqtisadiyyatı mühitində rolunu dərindən başa düşməlidir;

Müasir analitik metodlardan istifadə etməyi bacarmalı və izah etməlidir;

 İdarəetmə sahəsi ilə bağlı problemlərin həlli metodlarını bilməli, praktikada istifadə etməyi bacarmalıdır;

Yerli əhali ilə mədəni və etika çərçivəsində davranmalı, təcrübəsindən onların mənafelərini müdafiə etmək üçün istifadə etməlidir.

Mühasibat uçotunun prinsip və işləmə mexanizminə bələd olmalı, beynəlxalq standartların tələblərinə cavab verməlidir.    

Kifayət qədər təcrübəli və hüquqi cəhətdən məlumatlı olmalıdırlar.

 Ümumilikdə kadrlar ilk növbədə yüksək peşəkarlıq göstəricilərinə nail olmalı, yeni texnologiya və üsullardan istifadə etməyi bacarmalıdırlar.

“Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən şəxsin, cəmiyyətin, bələdiyyənin və dövlətin maraqları naminə bələdiyyə qulluqçusu öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur.

Bələdiyyə qulluqçusu etik davranışı və peşəkar fəaliyyəti ilə yerli özünüidarə orqanlarına inamı artırmalı və möhkəmləndirməlidir.

Göstərilənləri nəzərə alaraq bələdiyyələrdə müsabiqə komissiyalarının təşkili və fəaliyyət göstərməsinə, ixtisaslaşmış kadrların qulluğa qəbul məsələlərinə diqqətin artırılması və bu sahədə  qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət olunması tövsiyə olunur.

Bələdiyyələrlə iş baş idarəsi


 


 


Digər tövsiyələr