Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
09-07-2024, 18:49

Son xəbərlər

Bütün xəbərlər

Assosiasiyada Təmraz Tağıyevin yubileyi qeyd edilib 

Gündəlik Xəbərlər
14-02-2025 16:14

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Gündəlik Xəbərlər
14-02-2025 10:00

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
“Bələdiyyələrin birləşməsi ilə bağlı qanunvericilikdə edilmiş müvafiq dəyişikliklər barədə”

Ölkəmizdə 1999-cu ilin dekabrında ilk dəfə bələdiyyə seçkilərinin keçirilməsi demokratik inkişaf proesinə tarixinə mühüm hadisə kimi daxil olmuş və həmin gündən bələdiyyə institutu formalaşmağa başlamışdır.

Yerli özünüidarəetmə institutunun formalaşmasında xüsusi yeri olan bələdiyyələr ötən dövrlər ərzində daim dövlətin qayğısı ilə əhatə olunmuşdur. Onların fəaliyyətinə və inkişafına şərait yaradılmış, zəruri qanunvericilik aktları qəbul edilmişdir.

Son illər həyata keçirilmiş genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində və ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilən nailiyyətlər bələdiyyələrin fəaliyyətlərinin müasir səviyyədə qurulmasını tələb edir.

Azərbaycanda bələdiyyə qanunvericiliyi ilk dəfə yaradılarkən hər bir yaşayış məntəqəsində bələdiyyələrin yaradılmasının mümkünlüyünü özündə ehtiva etmişdir. Bu isə ən kiçik kəndlərdə belə bələdiyyələrin yaradılmasına gətirib çıxarmışdır. Bələdiyyələr formalaşdıqdan sonra aparılmış təhlillər göstərdi ki, bir çox bələdiyyələr nəinki sakinlərin problemlərini aradan qaldırmağa, yerli əhəmiyyətli məsələləri həll etməyə, hətta öz xərclərini qarşılamağa və fəaliyyətlərini davam etdirməyə qadir deyillər. Bu səbəbdən  maliyyə imkanları zəif, qanunvericiliklə üzərlərinə düşən vəzifələri yerinə yetirə bilməyən xırda bələdiyyələrin birləşdirilməsinin ən optimal variant olduğu qənaətinə gəlindi. Dünya təcrübəsi də göstərmişdir ki, bələdiyyələrin iqtisadi və maliyyə potensialının artırılması yollarından biri onların birləşməsidir. Azərbaycanda bu təcrübədən artıq iki dəfə istifadə edilmişdir.  Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə könüllü birləşmə əsasında 2009-cu və 2014-cü illərdə bələdiyyələrin birləşməsi prosesi baş tutmuşdur.

Bələdiyyələrin birləşdirilməsi məsələsi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda da nəzərdə tutulmuşdur. Belə ki, həmin Qanunun 13.1-ci maddəsinə əsasən bələdiyyə ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi, o cümlədən bələdiyyələr təşkil edilərkən, yenidən təşkil edilərkən (birləşdirilərkən, ayrılarkən) və ya ləğv olunarkən onların hüdudlarının müəyyənləşdirilməsi və dəyişdirilməsi onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri, habelə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq ərazi əhalisinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Hazırda isə ölkənin bələdiyyələrinin xeyli hissəsi kadr və maliyyə-iqtisadi potensiallarının zəif olması səbəbindən bələdiyyə idarəetməsini müasir tələblər səviyyəsində qurmaqda çətinlik çəkirlər, qanunvericiliklə onlara həvalə edilən  yerli özünüidarə funksiyalarını tam yerinə yetirə bilmirlər. Bu kimi amillər bələdiyyələrin birləşdirilməsi ilə bağlı qanunvericiliyə baxılması məsələsini zəruri etmişdir.

Qeyd olunanlar, həmçinin mütərəqqi beynəlxalq təcrübə nəzərə alınaraq, ölkəmizdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə bələdiyyələrin  maliyyə-iqtisadi, kadr potensialı, ərazinin coğrafı və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla mövcud, o cümlədən birləşmə nəticəsində yaradılmış bələdiyyələr üçün qanunvericilikdə aşağı hədd kimi əhalinin sayının 3000 nəfər, ev təsərrüfatlarının sayının isə 1000 vahid olması məqsədəmüvafiq hesab edilmişdir.

Bununla əlaqədar “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunlarında müvafiq dəyişikliklər edilmişdir. Qeyd olunan qanunlarda bələdiyyələrin müvafiq yerli əhalinin rəyini nəzərə almaqla könüllü birləşərək, yaxud ayrılaraq yeni bələdiyyələr təşkil edə bilmələri barədə norma qalmaqla yanaşı, yeni normalar əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin digər bələdiyyələrlə birləşməsinin zəruriliyini də nəzərdə tutur.

Qanunvericiliyin yeni dəyişikliklərinə əsasən ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edir.

Eyni zamanda qanunvericilikdə istisna hal kimi birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər xüsusiyyətlər nəzərə alınmaqla yol verilməsinin mümkünlüyü barədə norma da nəzərdə tutulmuşdur.

Bələdiyyə kollegial orqan olduğundan birləşmə ilə bağlı rəy bildirilməsinə dair məsələlər bələdiyyə iclasının müzakirəsinə çıxarılmalı, baxılan məsələlərə dair qərarlar qəbul edilməli, həmin qərar bələdiyyənin rəyi kimi Azərbaycan Respublikasının Milli Məclisinə göndərilməlidir. Qərarda həmçinin bələdiyyələrin adı ilə bağlı məsələlərə də münasibət bildirilməsi vacibdir. Belə ki, yeni qanunvericilik dəyişikliklərində qeyd edilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada yaranan bələdiyyənin adı birləşən bələdiyyələrin arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən edilir.

 “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il tarixli 16 aprel tarixli Fərmanında “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə uyğun olaraq, ev təsərrüfatlarının uçotu qaydasının təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Tapşırığın icrası ilə bağlı “Ev təsərrüfatlarının uçotu Qaydası”nın təsdiq edilməsi haqqında 22 may 2024-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəbul edilmişdir.

Həmin Qaydanın tələblərinə əsasən uçot Azərbaycan Respublikasının rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəlikləri tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi təsərrüfatbaşına uçot sənədlərinə və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun aparılır. Uçot aparılarkən ev təsərrüfatının daimi yaşayan üzvləri (bir şəxs və ya şəxslər qrupu) müəyyən edilir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir yaşayış sahəsində (fərdi yaşayış evində, mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər.

Uçot nümayəndəliklər tərəfindən yanvarın 1-dən 30-dək bütün təsərrüfatlarda təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə hər il yanvarın 1-i vəziyyəti və yaşayış məntəqələrində daimi yaşayan şəxslər üzrə aparılır. Ərazidə müvəqqəti məskunlaşmış təsərrüfatlar barədə məlumatlar xüsusi formada qeydə alınır. Bütün üzvləri vəfat edən, yaxud bütün üzvləri digər inzibati ərazi dairəsinə köçən ev təsərrüfatı uçotdan çıxarılır.

Uçotu aparan nümayəndəliklər hər il fevral ayının 10-dək ev təsərrüfatlarının və onların üzvlərinin sayı barədə müvafiq bələdiyyəyə və statistika orqanına məlumat verirlər.

Qeyd olunanları nəzərə alaraq bələdiyyələrin birləşdirilməsi ilə bağlı edilmiş müvafiq dəyişikliklərlə bağlı qanunvericilik aktlarının dərindən öyrənilməsi, fəaliyyətinizdə qanunvericiliyin tələblərinə riayət edilməsi tövsiyə  olunur.

 

 Bələdiyyələrlə iş baş idarəsi

Digər tövsiyələr