Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
04-04-2023, 15:18

Son xəbərlər

Bütün xəbərlər

Solovyov erməni milyonçuların puluna satılıb

Gündəlik Xəbərlər
27-03-2024 17:04

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Bələdiyyə torpaqlarından istifadənin ümumi qaydalar

Torpaq ehtiyatları hər bir ölkənin davamlı inkişafının əsas elementlərindən biridir. Ölkəmizdə torpaq münasibətlərinin tənzimlənməsi, o cümlədən torpaqlardan qanunvericiliyin tələblərinə və məqsədli təyinatına uyğun istifadəsi, torpaqların münbitliyinin qorunması, bərpası və mühafizəsi sahəsində davamlı tədbirlər görülür.

Torpaqlardan səmərəli istifadə edilməsi, daha qiymətli torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii və antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin, meşə fondunun bərpası və artırılması məqsədilə torpaqların mühafizəsi aidiyyəti dövlət orqanları tərəfindən diqqətdə saxlanılır.

Bələdiyyə torpaqları yerli özünüidarəetmənin iqtisadi əsaslarından birini təşkil edir. Bu baxımdan qanunvericilikdə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrə bir çox səlahiyyətlər, o cümlədən bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi, torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi və s. kimi məsələlər aid edilmişdir.

ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək tədbirləri çərçivəsində müxtəlif dövrlərdə torpaqların idarə edilməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri ilə bağlı tövsiyələr hazırlanmış, seminarlar və başqa maarifçilik tədbirləri keçirilmiş, bir sıra hallarda isə yol verilmiş qanun pozuntularında cinayət əlamətləri müəyyən edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmiş və bu materiallar əsasında ayrı-ayrı təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb edilmişlər. Buna baxmayaraq, torpaqların təyinatı üzrə istifadə edilməməsi, icarəyə götürülmüş əkinə yararlı torpaqların uzun müddət istifadəsiz qalması və başqa qanun pozuntularına hələ də yol verilir.

Qeyd olunur ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək onların müstəsna hüququdur.

Bələdiyyələr onların mülkiyyətində olan torpaqların istifadəsinə və mühafizəsinə nəzarət funksiyalarını müxtəlif üsullarla həyata keçirə bilərlər:

ü torpaqlardan səmərəsiz istifadə edilməsi nəticəsində bələdiyyə torpaqlarına vurulan zərərin və kənd təsərrüfatı itkilərinin ödənilməsi;

ü torpaq qanunvericiliyinin pozulması barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırılması;

ü öz əraziləri daxilində torpaq qanunvericiliyinin və torpağın mühafizəsi tələblərinin pozulması ilə həyata keçirilən tikinti işlərinin, habelə faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji-kəşfiyyat və başqa işlərin dayandırılması, aşkar edilən pozuntuların aradan qaldırılmasına qədər göstərilən işlərin qadağan edilməsi təklifi ilə müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilməsi;

ü torpaqların münbitliyinin yaxşılaşdırılması, onların istifadəsi və mühafizəsi üzrə investisiya proqramlarının ekspertizasının həyata keçirilməsində iştirak edilməsi və s.

Torpaqların mühafizəsinin təşkilinin başqa bir istiqaməti torpaqlardan məqsədli təyinatına görə istifadə edilməsidir. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin Torpaq Məcəlləsində və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

Torpaq Məcəlləsinin 73-cü maddəsinə görə torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsi, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilməməsi, eləcə də istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına yol verilməsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində icarə hüququna xitam verilməsinin əsaslarından biridir. icarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər.

Torpaqların münbitliyinin təmin edilməsi istiqamətində əsas məsələlərdən biri də əkin yerlərinin mühafizəsidir. Qanunvericiliyin tələblərinə əsasən əkinə­yararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi sahəsində işin gücləndirilməsi üçün əkin yerlərinin yandırılması qadağan edilmişdir.

əkin yerlərinin mühafizəsi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyəti nəzərə alınaraq bu sahədə qanunvericiliklə müəyyən edilmiş vəzifələrin bələdiyyə üzvləri və qulluqçuları tərəfindən öyrənilərək tətbiq edilməsi zəruridir. Eyni zamanda bununla əlaqədar əhali arasında torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən olunmuş rejimə uyğun istifadə edilməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması, habelə torpağın münbit qatının korlanmasına yol verilməməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin vaxtaşırı həyata keçirilməsi də tövsiyə olunur.

Yaşayış məntəqələrinin torpaqlarından ümumi istifadə qaydaları isə “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi ilə tənzimlənir.

Yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılmış bələdiyyə torpaqlarından şəhərlərin, qəsəbələrin və kəndlərin baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yer-təsərrüfat quruluşu planlarına müvafiq surətdə istifadə edilir.

Yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət etmək üçün müvəqqəti inşa edilən səyyar köşklər və digər tikililər şəhərsalma və memarlıq norma və qaydalarına uyğun olmalı, ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməməlidir.

şəhərətrafı zonaların bələdiyyə mülkiyyətinə aid torpaqları bu zonaların təsdiq edilmiş planlaşdırma layihəsinə uyğun olaraq istifadə edilir. Bu torpaqlar xüsusi mühafizə olunur və orada sanitariya-gigiyena, sağlamlaşdırma funksiyaları və əhalinin istirahətinin təşkili məqsədləri ilə bir araya sığmayan tikili və qurğuların inşa edilməsinə yol verilmir.

şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin bələdiyyə torpaqlarından istifadə qaydaları Azərbaycan Respublikasının torpaq qanunvericiliyi, "şəhərsalmanın əsasları haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanunları ilə, habelə onlara uyğun olaraq qəbul olunmuş müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.

Göstərilənləri nəzərə alaraq bələdiyyə torpaqlarından istifadə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunması, o cümlədən bu sahədə pozuntuların qarşısının alınması məqsədilə bələdiyyələrin səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

https://justice.gov.az/categories/1986

Digər tövsiyələr