Ruslan Əhmədov: “Yerli gəlirlərin formalaşmasına təsir edən müəyyən problemlər də mövcuddur”
Bərdə bələdiyyəsinin maliyyə vəziyyəti və gəlirlərin artırılması istiqamətində görüləcək işlərlə bağlı Bərdə bələdiyyəsinin sədri Ruslan Əhmədovun Belediyye.infoya açıqlamasında qeyd edilir ki, bələdiyyənin maliyyə vəziyyəti, xərclərin strukturu və yerli büdcə gəlirlərinin artırılması məsələləri ilə bağlı müzakirələr aparılıb.
Sədr
qeyd edib ki, bələdiyyənin əsas xərclərini əməkhaqqı,
abadlıq-quruculuq işləri və əhalinin sosial müdafiəsi məqsədilə göstərilən
yardımlar təşkil edir. Ümumi büdcə xərcləri isə 252.000 manat təşkil edir.
Bələdiyyənin gəlirlərinin artırılması istiqamətində
əsas prioritetlərdən biri əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsidir.
Vətəndaşlara əmlak və torpaq vergilərinin vaxtında ödənilməsinin əhəmiyyəti
izah edilməli, vergi öhdəlikləri ilə bağlı məlumatlandırma işləri sistemli şəkildə
aparılmalıdır.
Bununla yanaşı, yerli gəlirlərin
formalaşmasına təsir edən müəyyən problemlər də mövcuddur. Belə ki, Əmlak Məsələləri
Dövlət Xidməti tərəfindən bələdiyyələrin ərazisində yerləşən və onların səlahiyyətlərinə
aid olan bəzi torpaq sahələrinin dövlət torpağı kimi qeydiyyata alınması yerli
vergi bazasının daralmasına səbəb olur. Bu məsələ bələdiyyənin gəlir
imkanlarına birbaşa təsir göstərir və müvafiq qurumlarla birgə araşdırılmasına
ehtiyac var.
Vergi daxilolmalarının dinamikasına nəzər
saldıqda, 2025-ci ildə 65.000 manat toplandığı halda, cari ildə büdcə daxilolmalarında müəyyən azalma qeydə alınıb. Bu azalmanın əsas səbəblərindən
biri kimi əmlak idarəsinin torpaq sahələrinin qeydiyyatı ilə bağlı müdaxilələri
və bunun nəticəsində bələdiyyənin vergi bazasının məhdudlaşması göstərilir.
Sədr hesab edir ki, bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi üçün onların səlahiyyətlərinə aid torpaq sahələrinin hüquqi statusu dəqiq müəyyənləşdirilməli, vergi bazasının qorunması istiqamətində müvafiq tədbirlər görülməlidir. Eyni zamanda, əhali ilə maarifləndirmə işləri gücləndirilməli, vergi yığımının səmərəliliyi artırılmalıdır.
Belediyye.info
Rəylər
0 Rəy