Habil Qurbanov: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadi güc, diplomatik nüfuz və hərbi qüdrət əsas strateji dayaqlara çevrildi”
“Zəfər
elə bir tarixi hadisədir ki, onun əhəmiyyəti qazanıldığı günlə məhdudlaşmır,
bütöv bir xalqın gələcəyinə istiqamət verir. Azərbaycan xalqı üçün 8 Noyabr – Zəfər
Günü milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsidir. Bu Qələbə
uzun illər davam edən işğala son qoymaqla yanaşı, ölkəmizin qarşısında yeni
inkişaf imkanları açdı, xalqımızın öz gücünə inamını daha da artırdı. Zəfər
salnaməsi sübut etdi ki, milli maraqlara sədaqət, qətiyyətli rəhbərlik və
ümumxalq həmrəyliyi bir araya gəldikdə ən mürəkkəb tarixi vəzifələri belə yerinə
yetirmək mümkündür. Azərbaycanın azadlıq mübarizəsi ağır sınaqlardan keçib. Ermənistanın
təcavüzü nəticəsində torpaqlarımız işğal olunub, yaşayış məntəqələrimiz
dağıdılıb, yüz minlərlə insan doğma evindən didərgin düşüb. İnsanlarımız uzun
illər ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayıb, şəhid ailələri isə itkilərinin
ağrısını ədalətin bərpası arzusu ilə daşıyıblar. Təəssüf ki, beynəlxalq vasitəçilik
bu ağrılı problemə son qoya bilmədi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin
yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun fəaliyyəti ərzində real nəticənin əldə
olunmaması Azərbaycanın öz taleyini müəyyənləşdirmək üçün daha qətiyyətli
addımlar atmasını zəruri edirdi.”
Bu
sözləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfi-hüquqi təlimlər və
suverenlik şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru, professor Habil
Qurbanov aia.az&a verdiyi açıqlamasında deyib.
Müsahibimiz
bildirib ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu
tarixi məsuliyyəti üzərinə götürərək Azərbaycanın qarşısında aydın məqsəd müəyyənləşdirdi:
“Ərazi bütövlüyümüz bərpa edilməli, dövlətimizin suveren hüquqları bütün ölkə ərazisində
təmin olunmalı idi. Bu məqsədə çatmaq üçün ölkədə ardıcıl islahatlar aparıldı,
iqtisadi potensial gücləndirildi, müdafiə qabiliyyətinin yüksəldilməsi dövlət
siyasətinin əsas istiqamətlərindən biri oldu. Azərbaycan rəhbərliyi danışıqlar
prosesində öz prinsipial mövqeyini qorumaqla yanaşı, hərbi gücün artırılmasına
da xüsusi diqqət yetirdi. Müdafiə sənayesinin inkişafı bu strategiyanın mühüm tərkib
hissəsi idi. Yerli istehsal imkanlarının genişləndirilməsi, müasir hərbi
texnika və pilotsuz uçuş aparatlarının hazırlanması, silah və sursat təminatının
müxtəlif mənbələr hesabına təşkili ordumuzun imkanlarını artırdı. Paralel
olaraq, Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, enerji və nəqliyyat layihələri
ölkəmizin regional mövqeyini möhkəmləndirdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadi
güc, diplomatik nüfuz və hərbi qüdrət vahid məqsədə xidmət edən strateji
dayaqlara çevrildi. Vətən müharibəsinin başlanması Azərbaycan xalqının uzun illər
gözlədiyi tarixi məqamı yaratdı. Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi
genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına
başladı. Döyüş meydanında nümayiş etdirilən peşəkarlıq, cəsarət və yüksək döyüş
ruhu bütün dünyanın diqqətini cəlb etdi. Əsgər və zabitlərimiz hər qarış torpaq
uğrunda fədakarlıq göstərərək düşmənin müdafiə xətlərini yarıb irəlilədilər. Cəbhədən
gələn hər bir azadlıq xəbəri xalqın qəlbində yeni ümidlər oyadır, illərlə davam
edən həsrətin sona yaxınlaşdığını göstərirdi.”
Habil Qurbanov qeyd edib ki, qələbənin əsas xüsusiyyətlərindən biri Azərbaycan xalqının müharibəyə vahid amal ətrafında qoşulması idi: “Ön cəbhədə döyüşən hərbçilərimizin arxasında milyonlarla insanın mənəvi dəstəyi dayanırdı. Könüllü olaraq ordu sıralarına yazılan gənclər, şəhid ailələrinə dayaq olan vətəndaşlar, informasiya cəbhəsində ölkəmizin həqiqətlərini müdafiə edən soydaşlarımız ümumi mübarizənin iştirakçılarına çevrildilər. Müxtəlif siyasi baxışlara malik qüvvələrin milli məsələdə həmrəylik nümayiş etdirməsi dövlətçilik maraqlarının şəxsi və siyasi fərqlərdən üstün tutulduğunu göstərdi. “Dəmir yumruq” xalqın birliyini, sarsılmaz iradəsini və düşmən qarşısında əyilməyən qürurunu ifadə edən rəmz oldu. Şuşanın azad edilməsi bu mübarizənin zirvəsinə çevrildi. Qədim şəhərimizin düşmən işğalından qurtuluşu hərbi tariximizin ən parlaq səhifələrindən biri kimi yadda qaldı. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması və ardınca Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ölkəmizin tarixi Qələbəsini möhkəmləndirdi. Lakin Zəfərin əhəmiyyəti bununla bitmədi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində dövlət suverenliyimiz bütün ölkə ərazisində bərpa olundu. Xankəndidə Dövlət Bayrağımızın ucaldılması Azərbaycan tarixində yeni mərhələnin rəmzinə çevrildi. Bu uğurların arxasında siyasi iradə ilə yanaşı, informasiya və diplomatiya müstəvisində aparılan ardıcıl mübarizə də dayanırdı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müharibə zamanı dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələrlə Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı. Faktlara əsaslanan çıxışlar erməni təbliğatının təsirini zəiflətdi, münaqişənin tarixi və hüquqi mahiyyətini aydın şəkildə ortaya qoydu. Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək isə iki qardaş dövlət arasındakı münasibətlərin sarsılmazlığını bir daha nümayiş etdirdi. Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi bu qardaşlığın strateji məzmununu daha da gücləndirdi. Bu gün Zəfərin davamı azad edilmiş torpaqlarda aparılan quruculuq işlərində görünür. Qarabağ və Şərqi Zəngəzurda yeni yollar, tunellər, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa olunur. Doğma yurdlara qayıdan ailələr uzun illərin həsrətindən sonra öz evlərində məskunlaşır, yeni həyat qururlar. Məşğulluq proqramları, sosial xidmətlər və müasir infrastruktur insanların həmin ərazilərdə daimi yaşaması üçün şərait yaradır. Böyük Qayıdış Azərbaycanın müharibədən sonrakı inkişafının əsas istiqamətlərindən biri olmaqla, azadlığın real həyat və tərəqqi ilə tamamlandığını göstərir. Zəfər tarixinin əbədiləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Zəfər Gününün təsis edilməsi, qəhrəman hərbçilərimizin orden və medallarla təltif olunması, Zəfər parkının yaradılması və Vətən müharibəsi memorial kompleksinin qurulması gələcək nəsillərə ünvanlanan mənəvi mirasdır. Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət dövlətin öz qəhrəmanları qarşısında məsuliyyətinin ifadəsidir. Onların fədakarlığı heç vaxt unudulmayacaq, adları xalqımızın yaddaşında daim yaşayacaq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji xətt sayəsində Azərbaycan işğala son qoydu, suverenliyini bərpa etdi və quruculuğun yeni mərhələsinə qədəm qoydu. 8 Noyabrın əzəməti məhz bundadır: bu tarix həm keçmişin ədalətsizliyinə verilən qəti cavab, həm də gələcəyə inamla baxan güclü Azərbaycanın rəmzidir. Zəfər ruhu xalqımızı yeni uğurlara səsləyir və müstəqil dövlətimizin əbədi inkişaf yoluna işıq tutur” – deyə, Habil Qurbanov fikirlərini tamamlayıb.
https://aia.az/136802-habil-qurbanov-prezident-ilham-eliyevin-heyata-kecirdiyi-siyaset-neticesinde-iqtisadi-guc-diplomatik-nufuz-ve-herbi-qudret-esas-strateji-dayaqlara-cevrildi.html
Rəylər
0 Rəy