Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
09-07-2024, 18:46

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Yerli səviyyədə turizmin inkişafında bələdiyyələrin iştirakı barədə

  Son illər Azərbaycanın turizm ölkəsinə çevrilməsi üçün həyata keçirilən dövlət siyasəti nəticəsində respublikada turizm infrastrukturu müasir tələblərə uyğun qaydada daha da inkişaf etdirilir. Təsadüfi deyil ki, turizm Azərbaycanda post-neft dövrü üçün bütövlükdə iqtisadiyyatın inkişafına stimul verəcək aparıcı sektor hesab edilir. Paytaxt Bakıda və bölgələrdə beynəlxalq standartlara cavab verən yeni mehmanxana və istirahət mərkəzlərinin tikilməsi, mədəni iaşə obyektlərinin inşası və ümumilikdə turizm infrastrukturunun müasirləşdirilməsi məqsədilə görülən işlər ölkəmizə ildən-ilə daha çox turist gəlməsini təmin edir.

Beynəlxalq təcrübə göstərir ki, yerli özünüidarəetmə orqanları da turizmin inkişafında mühüm rola malikdir. Bir çox ölkələrdə yerli səviyyədə iqtisadiyyatın digər sahələri kimi, turizmin də planlaşdırılması, təşviqi və stimullaşdırılması bələdiyyələrin fəaliyyət sferasına daxil edilir. Yerli özünüidarəetmə orqanları əhali qrupları və sahibkarlarla bilavasitə təmasda olan qurum olduğundan, onların maraqlarının, arzu və təkliflərinin nəzərə alınmasını təmin etməklə, yerli və regional səviyyədə turizmin inkişafında müstəsna xidmətlərə malikdir.

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanlar ölkəmizin bir sıra beynəlxalq təşkilatlarla turizmin inkişafı istiqamətində əməkdaşlıq etməsinə şərait yaradır.

Ölkəmizdə turizmin inkişafında bələdiyyələr də maraqlı olmalıdırlar.  “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi, eləcə də “Yerli vergi və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi yerli ödənişlərin tərkibi kimi, bələdiyyə ərazisində mehmanxana, sanatoriya, kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişi də nəzərdə tutur.                        Həmin ödənişlər bələdiyyə büdcəsinin gəlir mənbələrindən biridir. Təbii ki, hazırda Azərbaycanda turizmin inkişafı üçün daha çox perspektivlərin açıldığı bir şəraitdə turistlərin müxtəlif yerli xidmətlərdən yararlana bilməsi üçün mümkün imkanlardan istifadə etməlidirlər. Bələdiyyələr bir sıra yerli xidmətlər göstərmək səlahiyyətinə malikdirlər və onların keyfiyyətini yaxşılaşdırmaqla həm də  turizmin inkişafı üçün şərait yaratmış olurlarBu isə gələn turistlərin sayına müsbət təsir göstərir. Turistlərin sayının çox olması isə sanatoriya-kurort, mehmanxana və turizm xidməti göstərən şəxslərdən daxil olan vəsaitlərin artmasına, bu da öz növbəsində bələdiyyə büdcəsinin dayanıqlılığının təmin olunmasına gətirib çıxarır. Bu baxımdan bələdiyyələr həm turizmin inkişafında maraqlı, həm də bu inkişafa yerli səviyyədə şərait yarada biləcək qurumlardan biridir.

İlkin mərhələdə bələdiyyə ərazisində turizm potensialı araşdırılmalıdır. Bu araşdırma iki istiqamətdə aparılmalıdır.

ü Turizm baxımından görməli yerlərin müəyyən edilməsi və məlumat bazasının yaradılması;

ü  Yerli turizm infrastrukturu ilə bağlı informasiyanın toplanılması.

    Turizm infrastrukturunun yaradılması və investisiyanın cəlb edilməsi baxımından təşviqatın aparılması olduqca vacibdir. Turizmi təşviq etmək məqsədilə yerli özünüidarəetmə orqanlarının təşəbbüsü ilə müxtəlif görüşlər təşkil edilə bilər. Xüsusilə özəl sektor nümayəndələrinin belə görüşlərə dəvət olunması arzuolunandır. Özəl sektor son illər, turizm sahəsində böyük yatırımlar etdiyindən bu əməkdaşlıq aləti vasitəsilə yerli və regional səviyyədə turizm infrastrukturunu inkişaf etdirmək mümkündür.

    Məsələn, Bələdiyyə öz mülkiyyətində olan torpaq sahəsində müəyyən infrastruktur yaratmaq və hər hansı bir turizm obyektini inşa etmək məqsədilə müsabiqə elan etməklə, investorları cəlb edə bilər. Bu mehmanxana, restoran və ya digər turizm obyekti ola bilər. Tikili hazır olub fəaliyyətə başladıqdan sonra bələdiyyə davamlı maliyyə gəliri əldə edir. Belə ki, investor torpaq vergisi ilə yanaşı, obyekt mehmanxana olduğu təqdirdə, turistlər üçün əlavə mehmanxana rüsumu da ödəyir. Bir sözlə, bələdiyyə ərazisinə investisiya cəlb etməklə yanaşı, uzunmüddətli perspektivdə maliyyə dayanıqlılığını da təmin edir.

    Yerli səviyyədə turizmin inkişafına yönəlmiş xidmətlərə dair digər nümunələr də mövcuddur. Belə ki, qeyd edilməlidir ki, kənd yerlərində kənd yaşıl turizmi daha çox inkişaf etmişdir. Bəzi hallarda yerli və əcnəbi turistlər mehmanxanlarda deyil, kənd sakinlərinin təklif etdiyi evlərdə gecələməyə üstünlük verirlər. Bu zaman bələdiyyə digər yerli qurumlarla birlikdə gecələmə imkanları haqqında məlumat bazası yaratmaqla, rayon və regional səviyyədə mübadilə edə bilər. Məsələn: turizm informasiya mərkəzlərində bu məlumatlar yerləşdirilə və buraya gələn yerli və xarici turistlərə müxtəlif xidmətlər təklif edilə bilər.

Bununla yanaşı, kənd yerlərində çoxsaylı ailə fermer təsərrüfatları vardır ki, onların istehsal etdiyi kiçik həcmli kənd təsərrüfatı məhsullarını bazarlara çıxarmağa imkanları məhduddur. Yerli özünüidarəetmə orqanları öz xidmətlərini göstərməklə, əhalidən məhsulu toplamaq məqsədilə kiçik tədarük məntəqəsi yaradılmaqla, burada yığılan məhsul müvafiq müştərilərə çatdırıla bilər. Artıq qalan məhsulu isə bələdiyyə hüquqi şəxs təsis etməklə öz ərazisində kiçik bazar yaradaraq sata bilər.

Bələdiyyə öz ərazisində turizm marşrutlarına yaxın bir yerdə tələbatdan və turizm növündən asılı olaraq, müxtəlif turizm əşyalarının kirayəsini təşkil edə, habelə ərazinin turizm cəhətdən təşviqinə böyük təsir göstərən “brend” məhsulları (kənd təsərrüfatı məhsulu, sənətkarlıq nümunələri və s.) müəyyən təşviqat alətləri vasitəsi ilə (festivallar, reklam çarxları və s.) tanıtdıraraq ölkə və beynəlxalq miqyasda məşhurlaşdıra bilər. Bundan başqa, məhsul yığımı zamanı müxtəlif maraqlı tədbirlər təşkil edilməklə, yerli və beynəlxalq turistlər regiona cəlb oluna bilər.

Bələdiyyələr tələb və təklifə uyğun olaraq qeyd olunanları həyata keçirməklə, turizmin inkişafına öz töhfələrini verə bilər. Belə layihələr bələdiyyə büdcəsinə əlavə gəlir gətirməklə yanaşı, ölkəmizə gələn turistlərin göstərilən xidmətlərdən razı qalmasını da təmin edəcəkdir.

Yerli özünüidarəetmə orqanları turizmin, eləcə də tibbi turizmin inkişafında mühüm rola malikdir. Bələdiyyələr əhali ilə bilavasitə təmasda olduğundan, onların maraqlarının, arzu və təkliflərinin nəzərə alınmasını təmin etməklə yerli və regional səviyyədə turizmin inkişafında müstəsna xidmətlər göstərə bilərlər.

Turizm marşrutları boyu bələdiyyələr hüquqi şəxs təsis etməklə yerli özünəməxsusluğa uyğun səyyar ictimai iaşə, ticarət və s. xidmətləri yarada bilərlər. Əsaslandırılmış layihələr təqdim edilərək subvensiya vəsaiti hesabına bu istiqamətdə, həmçinin qonaq evlərinin, hostellərin, ictimai iaşə obyektlərinin yaradılmasını təşkil etmək də turizm bölgələri ərazisində yerləşən bələdiyyələrin diqqət mərkəzində olmalıdır.

Göstərilənləri nəzərə alaraq bələdiyyələrin maliyyə dayanıqlılığının, o cümlədən əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yerli turizm infrastrukturunun inkişaf etdirilməsi, bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi, yerli səviyyədə turizmin təşviq edilməsi tövsiyə olunur.

 

  Bələdiyyələrlə iş mərkəzi

 

 

 

Digər tövsiyələr