Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Məhz həmin məqsədin həyata keçirilməsi üçün ölkə Prezidentinin rəhbərliyi
ilə çoxşaxəli uğurlu siyasət həyata keçirilir ki, bu siyasətin daim gündəmdə
olan, aktual istiqamətlərindən biri də korrupsiyaya qarşı mübarizə, korrupsiya
hüquq pozuntularının qarşısının alınmasıdır.
Qanunun aliliyinə, sosial ədalətə təhlükə olan, ümumilikdə
inkişafı ləngidən korrupsiya hallarının aradan qaldırılması üçün bu sahədə
mübarizə tədbirlərinin davamlı və effektiv olması mühüm əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, dövlətimiz tərəfindən bu sahədə həyata
keçirilən tədbirlər öz sistemliliyi və davamlılığı ilə fərqlənir. Belə ki, beynəlxalq
təcrübədən faydalanmaqla yanaşı ölkəmizdə bu sahədə münasibətləri tənzimləyən bir
sıra qanunlar, dövlət proqramları qəbul edilmişdir.
Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər
cinayətlər” adlı ayrı fəslin nəzərdə tutulması məsələnin aktuallığını bir daha
göstərmiş olur. Həmin fəsildə korrupsiya cinayətlərinə vəzifə
səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxsin
səlahiyyətlərini mənimsəmə, rüşvət alma (passiv rüşvətxorluq), rüşvət vermə
(aktiv rüşvətxorluq), vəzifə saxtakarlığı aid edilmişdir.
Məcəlləyə əsasən yerli özünüidarə orqanlarını təmsil edən şəxslər,
bələdiyyə üzvləri və qulluqçuları, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının rəhbərləri
və işçiləri, xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya
inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər “vəzifəli şəxs”lər
kateqoriyasına daxil edilmişdir.
Korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar
edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət
orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin
qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsində “Korrupsiyaya
qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi müstəsna
rol oynamışdır.
Qanunun 1-ci maddəsinə əsasən korrupsiya vəzifəli şəxslərin öz
statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan,
vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn
imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar
və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd
edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq
vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli
şəxslərin ələ alınmasıdır.
Bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qurumlar və
vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata
keçirir və bu sahədə məsuliyyət daşıyırlar.
Belə pozuntulara gətirib çıxaran neqativ
halların qarşısının alınması üçün Qanunda bir-sıra tədbirlər nəzərdə
tutulmuşdur.
Belə ki, vəzifəli şəxslərin yaxın qohumları,
seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna
olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Bu
tələbləri pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30
gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda
tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin
şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
Həmçinin vəzifəli şəxs xidməti vəzifələrinin
qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya
onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür
mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə
və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir
etməmək şərtilə kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən
istifadə hallarına şamil olunmur.
Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə
əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği
əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz.
Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata
keçirdiyi dövlət orqanına, yerli
özünüidarəetmə orqanına və ya quruma məxsus hesab edilir. Vəzifəli
şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı
qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini
öyrənməlidir.
Həmçinin vəzifəli
şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif
olunduğu hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair
nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan
səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi
və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi yerli özünüidarəetmə orqanına akt
üzrə təhvil verilməlidir.
Vəzifəli şəxslər tərəfindən
qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin
dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Qanunsuz əldə edilmiş əmlakı
könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş
imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə,
qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və
ya imtiyazların dəyəri müvafiq yerli
özünüidarəetmə orqanlarının iddiası əsasında məhkəmə tərəfindən dövlətin
nəfinə ödənilir. Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul
olunmuş aktlar müvafiq yerli özünüidarəetmə
orqanları tərəfindən ləğv edilir.
Korrupsiya ilə əlaqədar
hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi,
inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
Bələdiyyə üzv və qulluqçularının
korrupsiya hüquq pozuntularından çəkinməsinə yönəlmiş davranış qaydalarının
formalaşdırılması istiqamətində “Bələdiyyə üzvlərinin etik davranış qaydaları
haqqında” və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanunları da xüsusi əhəmiyyət kəsb edir. Bu Qanunların qəbul
edilməsində məqsəd yerli özünüidarə orqanlarının, bələdiyyə üzv və
qulluqçularının nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə
orqanlarına və bələdiyyə üzv və qulluqçularına etimadının yüksəldilməsi, yerli
özünüidarə orqanlarının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması,
korrupsiyanın və bələdiyyə üzv və qulluqçularının fəaliyyətində maraqlar
toqquşmasının qarşısının alınması olmuşdur.
Həmin Qanunlara əsasən bələdiyyə üzv və ya
qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər
əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi qadağandır.
Bələdiyyə üzvünə və ya qulluqçusuna qanunsuz maddi
və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda,
o, belə təkliflərdən imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər,
imtiyazlar və ya güzəştlər onun özündən asılı olmayan səbəblərdən verilərsə,
bələdiyyə üzvü bu barədə növbəti bələdiyyə iclasında bələdiyyə üzvlərinə,
bələdiyyə qulluqçusu isə birbaşa rəhbərinə məlumat verməlidir. Həmin maddi
nemətlər akt üzrə bələdiyyəyə təhvil verilməlidir.
Bələdiyyə üzvü hədiyyənin qəbul edilməsi və ya
qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ
barədə bələdiyyə iclasının rəyini, bələdiyyə qulluqçusu isə birbaşa rəhbərinin
rəyini öyrənməlidir.
Həmçinin bələdiyyə üzvü və ya qulluqçusu öz fəaliyyəti
dövründə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə
səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Bələdiyyə
qulluqçusu xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət
yarana biləcəyi hallarda bələdiyyə qulluğuna qəbul olunduqda, həmçinin başqa
vəzifəyə keçmə maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda bu barədə
bələdiyyə orqanının rəhbərinə məlumat verməyə borcludur.
Bələdiyyə üzv və qulluqçusu etik davranış
qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının
alınması ilə bağlı normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalı
və onlara əməl etməlidir. Etik davranış qaydalarına əməl olunmasında bələdiyyə
sədrlərinin üzərinə böyük məsuliyyət düşür. Belə ki, bələdiyyə sədri bu
istiqamətdə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət etməli və öz
davranışı ilə etik davranış qaydalarına əməl olunmasına nümunə olmalıdır.
Ölkəmizin hazırkı inkişaf mərhələsində korrupsiyaya qarşı mübarizə üzrə görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin etmək məqsədilə qəbul edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır. Milli Fəaliyyət Planına əsasən yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlərdən və məqsədlərdən biridir.
Qeyd olunan
tapşırıqların icrası çərçivəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
tərəfindən müvafiq tədbirlər görülmüş və hazırda da həmin tədbirlər davam
etdirilməkdədir.
Həmçinin nazirlik
tərəfindən “Bələdiyyə qulluqçularının xidməti fəaliyyətlərində
məhdudiyyətlər, qadağalar və onların vəzifələri haqqında qanunvericiliyin tələbləri
barədə”, “Bələdiyyə üzv və
qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması üçün
tədbirlər barədə”, “Müasir çağırışlar fonunda
bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılmasının zəruriliyi,
bələdiyyələrin vəzifəli şəxslərinin korrupsiyaya və digər neqativ hallara
şərait yaradan hərəkət və ya hərəkətsizlikləri barədə” tövsiyələr hazırlanaraq bütün
bələdiyyələrə göndərilmişdir. Eyni zamanda mütəmadi olaraq bu mövzularda
bələdiyyə üzv və qulluqçuları ilə maarifləndirici tədbirlər həyata keçirilməsinə
baxmayaraq təəssüf ki, bu sahədə qanun pozuntusu hallarına rast gəlinməkdədir.
Belə ki, ötən
il ərzində inzibati nəzarət qaydasında həyata keçirilmiş tədbirlər
nəticəsində ciddi qanun pozuntuları aşkar edilərək hüquqi qiymət verilməsi üçün
aidiyyəti üzrə istintaq orqanlarına göndərilmiş materiallar üzrə əsasən rüşvət
vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə
saxtakarlığı maddələri ilə cinayət işi başlanılmışdır.
Beləliklə ölkə
miqyasında həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərinə dəstək
verilməsi, vətəndaşların bələdiyyələrə, onların vəzifəli şəxslərinin fəaliyyətinə
olan etimadının yüksəldilməsində yerli özünüidarəetmə orqanlarının, onların sədrlərinin
və əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür.
Yerli özünüidarəetmə
sahəsində vətəndaş məmnunluğunun artırılması, vətəndaşlar tərəfindən bələdiyyələrə
göstərilən etimadın və yerli özünüidarə orqanlarının əhali arasında nüfuzunun
yüksəldilməsi məqsədilə bələdiyyə sədrləri, eləcə də bələdiyyə üzv və
qulluqçuları tərəfindən qanunvericiliyin tələblərinin öyrənilməsi, həmin tələblərə
riayət olunması, yerli özünüidarəetmə sahəsində korrupsiya hüquq pozuntularına yol
verilməməsi və etik davranış qaydalarına əməl olunması tövsiyə edilir.
Bələdiyyələrlə iş mərkəzi