Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların,
həmçinin sahibkarlıq subyektlərinin əmlak mənafeyinin qorunması üçün əvvəlki
illərdə müvafiq icazə alınmadan və rəsmiləşdirilmədən tikilmiş yaşayış evləri və
qeyri-yaşayış təyinatlı tikililərin sənədləşdirilməsi istiqamətində davamlı iş
aparılır. Bu məqsədlə zəruri qanunvericilik bazasının yaradılması da diqqət mərkəzindədir.
Məhz
bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 30 may 2023-cü il tarixli 885-VIQD nömrəli Qanunu ilə həmin
Qanunun 9.1-ci maddəsinə hərrac və ya müsabiqə keçirilmədən bilavasitə bələdiyyə
qərarı ilə bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə ayrılması ilə bağlı
bir istisna hal da əlavə edilmişdir. Qeyd olunan dəyişikliyə əsasən müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
olunduğu hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin
nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti
obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə
satılması və ya icarəsinə verilməsi də hərrac və ya müsabiqə keçirilmədən
bilavasitə bələdiyyə qərarı ilə həyata keçirilir.
Qanunvericiliyə edilmiş qeyd olunan dəyişiklikdən
sonra qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz
istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması,
habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının
tanınmasının səmərəli şəkildə təşkili məqsədi ilə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin
istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2023-cü il 14
iyun tarixli Fərman imzalanmışdır.
Özbaşına həyata keçirilmiş tikililərin sənədləşdirilməsi
ilə yanaşı qanunsuz tikinti işlərinin aparılması hallarının qarşısının
alınması, bu kimi hallara imkan verən səbəb və şəraitin aradan qaldırılması
istiqamətində də ciddi kompleks tədbirlər həyata keçirilir. Həmin tədbirlərin tərkib
hissəsi olaraq qeyd olunur ki, “Elektroenergetika
haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları
haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişiklik edilməsi barədə 30
may 2023-cü il tarixli Qanunlar qəbul edilmişdir.
Həmin Qanunlara edilmiş dəyişikliyə əsasən Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb
olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə
barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin
başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan
inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə,
qazpaylayıcı şəbəkəyə, su təchizatı şəbəkəsinə və kanalizasiya şəbəkəsinə
qoşulması qadağandır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə
başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və
ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin
80.1-ci və 80.3-cü (məlumatlandırma
icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin
memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin
11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və
miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə
tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır) maddələrində nəzərdə
tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin
memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə
torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin
surətini həmin orqana təqdim edir.
Barəsində məlumatlandırma icraatının tətbiq
edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Məcəlləyə
əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı
üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın
hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin
üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin
alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin,
habelə Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi
ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün
tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin
planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və
tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
Qanunvericiliyə edilmiş dəyişiklikdən aydın olur
ki, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və
ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan,
lakin müvafiq quruma belə məlumat verilməmiş, həmçinin tikinti layihəsinin
memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin ərazilərin
zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və
yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə
uyğunluğu yoxlanılmamış tikinti obyektlərinin enerji, qaz, su ilə təchiz
olunması, eyni zamanda kanalizasiya şəbəkəsinə qoşulması üçün hər hansı sənəd
verilməsi qanunvericiliyin tələblərinə ziddir.
Lakin inzibati nəzarət həyata keçirilərkən bələdiyyələr
tərəfindən vətəndaşlara qanunsuz inşa edilmiş və ya tikilməkdə olan tikinti
obyektlərinin, eyni zamanda fərdi yaşayış evlərinin enerji təchizatı,
qazpaylayıcı şəbəkələrə, su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması məqsədilə
aidiyyəti xidmət mərkəzlərinə təqdim olunması üçün arayışların verilməsi
hallarına rast gəlinir.
Qeyd olunur ki, “Yerli icra hakimiyyətləri haqqında
Əsasnamə”yə əsasən ərazidə
yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən
arayışlar və digər arayışlar vermək inzibati ərazi dairələri üzrə və sahə
inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin səlahiyyətidir.
Eyni zamanda
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci
maddəsinə əsasən bələdiyyə orqanları - səlahiyyətləri çərçivəsində
yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə
bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan
orqanlardır.
Göstərilənlərə əsasən qanunvericiliyin tələblərinə
riayət edilməsi, yerli özünüidarəetmənin qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlər
çərçivəsində həyata keçirilməsi, yuxarıda göstərilənlərin gələcək fəaliyyətlərində
nəzərə alınması bələdiyyələrə tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi