MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN 2026-CI İLİN I YARIMİLİ ÜZRƏ FƏALİYYƏT HESABATI
Giriş
2026-cı ilin birinci
yarımili ərzində Mingəçevir şəhər bələdiyyəsi Azərbaycan Respublikasının Konstitusiyasını,
"Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları
haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında"
qanunları və digər normativ-hüquqi aktları rəhbər tutaraq fəaliyyət göstərmişdir.
Hesabat dövründə bələdiyyənin
əsas məqsədi yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, sakinlərin
sosial rifahının yaxşılaşdırılması, yerli əhəmiyyətli problemlərin həlli, şəhərin
abadlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi olmuşdur.
Təşkilati fəaliyyət
Bələdiyyənin iclasları təsdiq
olunmuş iş planına uyğun keçirilmiş, şəhərin inkişafı, büdcənin icrası, torpaq
münasibətləri, sosial məsələlər və digər aktual mövzular üzrə qərarlar qəbul
edilmişdir. 6 ay ərzində bələdiyyə üzvlərinin 13 ümumi iclası keçirilmiş, 111 məsələ
müzakirə olunmuşdur.
Daimi komissiyalar öz fəaliyyət
istiqamətlərinə uyğun məsələləri araşdırmış, müvafiq təkliflər hazırlayaraq bələdiyyənin
iclaslarına təqdim etmişdir.
Vətəndaşların
qəbulu və müraciətləri
Hesabat dövründə vətəndaşların
fərdi qəbulu mütəmadi təşkil edilmiş, bələdiyyə sədri və üzvləri tərəfindən məhəllələrdə
səyyar görüşlər keçirilmişdir. Bələdiyyə sədri tərəfindən 242 nəfər fərdi şəkildə
qəbul edilmiş, 6 məhəllədə sakinlərlə səyyari görüşlər olmuşdur.
Hesabat dövründə bələdiyyəyə vətəndaşlardan 570 ədəd ərizə və
məktub daxil olmuşdur. Müraciətlər əsasən maddi yardımla, sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaqla, fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması ilə,
tikinti-təmir işləri, arayış alınması ilə və s. ilə bağlıdır.
Daxil olan müraciətlər
qanunvericiliyin tələblərinə uyğun araşdırılmış, həlli bələdiyyənin səlahiyyətlərinə
aid olan məsələlər operativ həll edilmiş, digər müraciətlər isə aidiyyəti dövlət
qurumlarına göndərilmişdir.
Səyyar görüşlər sakinlərlə
birbaşa ünsiyyətin gücləndirilməsinə, mövcud problemlərin yerində öyrənilməsinə
və operativ tədbirlərin görülməsinə imkan yaratmışdır.
Sosial layihələr və humanitar fəaliyyət
Hesabat dövründə bələdiyyə
şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə, ahıl və tənha yaşayan
insanlara xüsusi diqqət göstərmişdir. 24 nəfər imkansız və imtiyazlı şəxsə 3700
manat pul yardımı edilmişdir. Şəhid Kərimov Şahin Heydər oğlunun məzarüstü abidəsi
hazırlanmış, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və
iştirakçılarinin, kimsəsiz şəxslərin dəfn mərasimləri bələdiyyə hesabına həyata
keçirilmişdir.
Qurban bayramı, Novruz
bayramı və digər əlamətdar günlər münasibətilə sosial aksiyalar keçirilmiş,
ehtiyacı olan ailələrə müxtəlif yardımlar göstərilmişdir. Ümumiyyətlə, bələdiyyə
2026-cı ilin birinci yarımilində social layihələrə (yardımlara) 12480 manat vəsait
sərf etmişdir.
Gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin təbliği və sağlam həyat tərzinin təşviqi
məqsədilə müxtəlif tədbirlər təşkil edilmişdir. Aşağıdakı tədbirlər bu qəbildəndir: 20 Yanvar – Ümumxalq Hüzn günündə “Müstəqillik
yolunun ilk addımı” mövzusunda “Dəyirmi masa”, Xocalı soyqırımına həsr edilmiş “Tarixdən
silinməyən həqiqət” mövzusunda Mingəçevirdə məskunlaşmış Xocalı sakinlərinin
iştirakı ilə anım tədbiri, Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü münasibəti
ilə “Dəyirmi masa”, 28 May – Müstəqillik gününə həsr edilmiş tədbir, 15 iyun –
Milli Qurtuluş gününə həsr edilmiş “Azərbaycanın dövlətçilik tarixinin dönüş
nöqtəsi” mövzusunda “Dəyirmi masa”, 26 iyun – Silahlı Qüvvələr gününə həsr
edilmiş YAP şəhər təşkilatı ilə birgə keçirilən “Dəyirmi masa”, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Gender bərabərliyi” mövzusunda
keçirdiyi təlimdə iştirak, Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin
inkişafına yönəlmiş Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi, bələdiyyədə
fəaliyyət göstərən gənc könüllülərlə və bələdiyyədə təcrübə keçən tələbələrlə
görüşlərin keçirilməsi, “Şəhərsalma və Memarlıq ili” ilə əlaqədar YAP şəhər təşkilatı
ilə birgə ağacəkmə kampaniyası və “Dəyirmi masa” nın təşkili və s.
Abadlıq
və ekoloji tədbirlər
Şəhərin müxtəlif yaşayış
massivlərində abadlıq təşəbbüslərinə dəstək verilmiş, yaşıllıq sahələrinin
qorunması və artırılması istiqamətində tədbirlər görülmüşdür.
Hesabat dövründə bələdiyyə tərəfindən şəhərin
müxtəlif ərazilərində aşağıdakı abadlıq işləri görülmüşdür: Uzun müddət baxımsız qalmış Natəvan küçəsindəki
yaşayış massivində torpaqlama, ərazinin hamarlanması, zibillərin daşınması və təmizlik
işləri aparılmışdır. Sakinlərin müraciətləri əsasında Naxçıvan küçəsi, 48 saylı
binanın arxa hissəsindəki boş ərazidə mini-park salınır. Layihə çərçivəsində ərazinin
tam abadlaşdırılması, idman meydançası, uşaq əyləncə qurğuları və fəvvarənin tikilməsi, kölgəlik və oturacaqların
qoyulması və s. işlərin görülməsi nəzərdə tutulub. Novruz bayramı ilə əlaqədar
ümumşəhər tədbirinin keçirildiyi S.
Vurğun parkının qarşısındakı tağlar təmir edilmiş, meydanda abadlıq işləri aparılmışdır. Bələdiyyənin
inzibati binasının yanındakı xiyabanda müxtəlif növ gül və bəzək kolları əkilmişdir.
N. Nərimanov küçəsi, 45 saylı binanın yaxınlığındakı mini-parkın su sistemi yenilənmişdir. Məhəllə
komitələrinin müraciətləri əsasında M. P. Vaqif küçəsindəki 12 saylı binanın
qarşısında yerləşən xeyir-şər mağarınin təmiri üçün tikinti materialları alənaraq
sakinlərə verilmişdir. M. Maqomayev prospekti, 4, 6, 8, 10, 12 saylı binaların
qarşısındakı xeyir-şər mağarları rənglənmişdir.
Bələdiyyənin balansında olan qəbiristanlıqlarda torpaq işləri görülmüş,
ağaclar budanmış, ərazilər səliqəyə salınmışdır.
2026-cı ilin birinci yarımilində abadlıq işlərinə
bələdiyyə büdcəsindən 53173 manat vəsait ayrılmışdır.
Məhəllələrin sanitariya vəziyyətinin
yaxşılaşdırılması, tullantıların vaxtında daşınması və ətraf mühitin mühafizəsi
ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq edilmişdir.
Maliyyə fəaliyyəti
Bələdiyyə büdcəsinin gəlirlərinin
artırılması istiqamətində tədbirlər görülmüş, yerli vergi və ödənişlərin
yığılması işi davam etdirilmişdir.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əmlak
vergisi 3,9 dəfə, fiziki şəxslərdən torpaq vergisi 43,2 faiz, icarəyə verilmiş torpaq
sahələrindən icarə haqqı 11 faiz, mehmanxana xidmətindən alınan ödəniş 12,2
faiz, bələdiyyə ərazisində müəyyən edilmiş yerlərdə yaradılmış dayanacaqlardan
alınan ödəniş 43,6 faiz, mövsümi ictimai-iaşə xidmətlərindən və bələdiyyənin
digər fəaliyyətindən daxil olan ödəniş 3,84 faiz çox yığılmışdır. Ümumilikdə, bələdiyyənin
2026-cı ilin 6 ayında gəlirləri 200405 manat olmuşdur.
Büdcə vəsaitləri
qanunvericiliyin tələblərinə uyğun olaraq məqsədyönlü və səmərəli istifadə
edilmiş, maliyyə intizamının təmin olunmasına xüsusi diqqət yetirilmişdir.
Dövlət büdcəsindən
ayrılmış dotasiya hesabına nəzərdə tutulan tədbirlərin icrası təmin edilmişdir.
Dövlət qurumları ilə
əməkdaşlıq
Şəhərin inkişafı ilə
bağlı məsələlərin həlli məqsədilə aidiyyəti nazirliklər, komitələr, icra
hakimiyyəti, kommunal xidmət təşkilatları və digər qurumlarla əməkdaşlıq davam
etdirilmişdir. Mərkəzi və yerli İcra Hakimiyyətlərindən və digər dövlət
qurumlarından 177 ədəd müraciət daxil olmuşdur.
Bir sıra müraciətlər əsasında
şəhər sakinlərini narahat edən problemlərin həlli istiqamətində birgə tədbirlər
görülmüşdür.
Beynəlxalq əlaqələr
Hesabat dövründə bələdiyyə
sədri və üzvləri müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmişlər. Bələdiyyə sədri
Moldovanın Kişinyov şəhərində keçirilmiş “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı”
İdarə Heyətinin iclasında iştirak etmiş, təşkilatın 15 illiyinə həsr olunmuş
konfransda spiker qismində çıxış etmişdir. Sədr “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı”
layihəsi çərçivəsində Bakıda və Naxçıvanda təşkil olunmuş beynəlxalq maarifləndirici
tədbirin iştirakçısı olmuşdur. Bələdiyyə sədri Mingəçevirlə “qardaşlaşmış” Belarus
Respublikasının Polotsk şəhərində “Şəhər günü” tədbirlərində nümayəndə heyətində
təmsil olunmuşdur. Bələdiyyə sədri və
üzvləri Avropa Birliyinin dəstəyi ilə Bakı şəhərində keçirilmiş “SECAP tədbirlərindən
hazır layihələrə: Layihələrin hazırlanması” mövzusunda beynəlxalq seminarda
iştirak etmişlər.
Bələdiyyənin beynəlxalq platformada fəal
iştirakı şəhərimizin dayanıqlı inkişafı, ekoloji təşəbbüslərin genişləndirilməsi
və beynəlxalq təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İctimaiyyətlə əlaqələr
Bələdiyyənin fəaliyyəti
ictimaiyyətə mütəmadi çatdırılmış, görülən işlər barədə məlumatlar kütləvi
informasiya vasitələrində və sosial media platformalarında yayımlanmışdır. Bələdiyyənin
saytında (mingechevir-belediyye.az), bələdiyyənin Facebook, İnstagram,
Tik-Tok səhifələrində və digər mətbu orqan və sosial şəbəkələrdə keçirilən
bütün tədbirlər, sosial, ekoloji layihələr barədə məlumatlar ictimaiyyətə
çatdırılmışdır.
Şəffaflığın və ictimai nəzarətin
gücləndirilməsi məqsədilə hesabatlılıq prinsiplərinə ciddi əməl edilmişdir.
Qarşıda
duran vəzifələr
2026-cı ilin ikinci
yarısında yerli büdcə gəlirlərinin artırılması, yeni sosial layihələrin həyata
keçirilməsi, məhəllələrdə abadlıq işlərinin genişləndirilməsi, yaşıllaşdırma tədbirlərinin
davam etdirilməsi, vətəndaş müraciətlərinin operativ həlli və əhali ilə əməkdaşlığın
daha da möhkəmləndirilməsi əsas prioritetlər olacaqdır.
Mingəçevir bələdiyyəsi bundan sonra da qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərərək şəhərin inkişafına, sakinlərin rifahının yüksəldilməsinə və yerli özünüidarəetmənin nüfuzunun artırılmasına xidmət edən layihələrin həyata keçirilməsini davam etdirəcəkdir.
Mingəçevir bələdiyyəsi
Rəylər
0 Rəy