Vüqar Rəhimzadə: “Bu gün Xətai bələdiyyəsi rayonun ictimai həyatında mühüm layihələrin həyata keçirilməsində fəal iştirak edir”
“Bələdiyyələrin fəaliyyəti cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edir”.
Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin təşkil etdiyi “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda Milli Məclisin deputatı Vüqar Rəhimzadə səsləndirib.
Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, son illərdə həyata keçirilən islahatlar və formalaşdırılmış zəngin qanunvericilik bazası bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların nailiyyətlərinin artırılması üçün geniş imkanlar yaradıb.
Deputat bildirib:
“Hesab edirəm ki, bələdiyyələr cəmiyyətlə əlaqələrin daha da gücləndirilməsi, ictimai münasibətlərin inkişaf etdirilməsi və vətəndaşlarla qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər. Bu baxımdan, yeni istehsal sahələrinin, kiçik müəssisələrin və təsərrüfat obyektlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Artıq bu istiqamətdə müəyyən addımlar atılır. Düşünürəm ki, gələcəkdə həmin təşəbbüslərin daha da genişləndirilməsi ölkəmizdə sosial-iqtisadi inkişaf proseslərinə mühüm töhfə verəcək.
Ölkəmizdə uğurlu fəaliyyəti və nümunəvi iş təcrübəsi ilə seçilən bələdiyyələr kifayət qədərdir. Yaşadığım Xətai bələdiyyəsinin fəaliyyətini xüsusi qeyd etmək istərdim. Xətai Bələdiyyəsi rayonun ictimai həyatında, abadlıq-quruculuq işlərində, sosial sahədə və digər mühüm layihələrin həyata keçirilməsində fəal iştirak edir. Bu cür təşəbbüslər yerli problemlərin həlli, əhalinin rifahının yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması baxımından olduqca vacibdir”.
Son illərdə bələdiyyələrin əldə etdiyi nailiyyətləri təqdirəlayiq hesab edən Vüqar Rəhimzadə bu uğurların cəmiyyət tərəfindən yüksək qiymətləndirilməsinin, bələdiyyələrin fəaliyyətinə ictimai dəstəyin artırılmasının və onların potensialından daha səmərəli istifadə olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Belediyye.info
Rəylər
0 Rəy