Parlamentdə
YAP-ın VIII qurultayında regional inkişafla bağlı qarşıya qoyulan vəzifələrə
dair konfrans keçirilib
Oktyabrın 21-də Milli Məclisin Regional məsələlər komitəsinin
təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional
inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda
konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclis sədrinin
birinci müavini Əli Əhmədov Qurultayda Prezidenti İlham Əliyevin səsləndirdiyi
fikirlərin ölkəmizin bu günü və gələcək inkişafı baxımından bir çox önəmli
mesajlarla yadda qaldığını qeyd edib. O, həyatın bütün sahələrində müşahidə
olunan texnoloji keçid, o cümlədən rəqəmsal inkişaf, süni intellektin tətbiqi
ilə bağlı məqamları qeyd edib, ideoloji baxımdan əvvəlki nəzəriyyələrin yeni cərəyanlarla
zənginləşərək dünyanın siyasi mənzərəsini dəyişdiyini söyləyib.
Əli Əhmədov bildirib ki, dövlətimizin başçısı Qurultayda
milli təhlükəsizliyin və identikliyin təmin edilməsi, ölkə iqtisadiyyatının
inkişaf etdirilməsi və dünya iqtisadi sistemində Azərbaycanın yerinin möhkəmləndirilməsi,
insanların rifahının daha da yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi
ilə əlaqədar müəyyən etdiyi vəzifələr ölkəmizin gələcək inkişaf strategiyasının
əsas yol xəritəsini təşkil edir.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş
Novruzov konfransın mövzusunun aktuallığını qeyd edərək, regionların
sosial-iqtisadi inkişafının qarşıda duran əsas vəzifələrdən olduğunu deyib.
Komitə sədri bildirib ki, dövlətimizin başçısı çıxışında mühüm mesajlar səsləndirərək
hər bir Azərbaycan vətəndaşı, xüsusilə də partiya üzvləri qarşısında mühüm vəzifələr
müəyyənləşdirib.
Konfransda parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir
Rzayev “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurultaydakı
çıxışında kənd təsərrüfatının ölkə iqtisadiyyatının inkişafında, regionlarda məşğulluğun
təmin edilməsində və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu”
mövzusunda məruzə ilə çıxış edib. Komitə sədri Azərbaycanın regional inkişaf
modelinin, Azərbaycan iqtisadiyyatının və kənd təsərrüfatının yüksəlişinin Ulu
Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Ümummilli Liderin
regionların, kənd təsərrüfatının, aqrar sektorun inkişafına böyük önəm
verdiyini, onun rəhbərliyi ilə bu sahədə mühüm islahatların həyata
keçirildiyini bildirib.
Tahir Rzayev regional inkişafda, iqtisadi sahədə aqrar
sektorun mühüm rolundan danışıb. O, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi
qayğı və diqqəti xüsusi vurğulayıb.
Milli Məclisin deputatı Vüqar Bayramov “Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Qurultaydakı çıxışında iqtisadi
inkişaf, maliyyə sabitliyi, investisiyaların cəlb edilməsi, enerji təhlükəsizliyi
və makrolayihələr ilə bağlı istiqamətlər haqqında” çıxış edib. O, Prezident
İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram
xarakterli çıxışında dayanıqlı inkişafın təmin edilməsinin, eyni zamanda,
balanslı və davamlı iqtisadi tərəqqiyə nail olunmasının əsas hədəflərdən biri
kimi göstərildiyini vurğulayıb.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi
Elmin Həsənov “Yerli özünüidarəetmənin inkişafı və bələdiyyələr qarşısında
duran vəzifələr və çağırışlar” mövzusunda çıxış edib. O, Prezident İlham
Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında müəyyənləşdirilən strateji vəzifələrə
toxunaraq, güclü dövlət, dayanıqlı iqtisadiyyat və sürətli quruculuğun ölkənin
inkişaf strategiyasının əsasını təşkil etdiyini vurğulayıb.
Daha sonra Milli Məclisin İntizam komissiyasının sədri Eldar
İbrahimov, parlamentin komitə sədrləri Hicran Hüseynova, Musa Quliyev, Şahin
İsmayılov, Anar İsgəndərov, deputatlar Tahir Mirkişili, Vüqar Rəhimzadə, Kamran
Bayramov, Məzahir Əfəndiyev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli
Assosiasiyasının sədri Təmraz Tağıyev və Azərbaycan Qəsəbə Bələdiyyələrinin
Milli Assosiasiyasının sədri Hümbət Hüseynov çıxış ediblər.
https://azertag.az















Rəylər
0 Rəy