AZƏRBAYCANDA YERLİ ÖZÜNÜİDARƏETMƏNİN TARİXİ İRSİ VƏ BƏLƏDİYYƏÇİLİK GÜNÜNÜN TƏSİSİ MƏSƏLƏSİ
AZƏRBAYCANDA YERLİ
ÖZÜNÜİDARƏETMƏNİN TARİXİ İRSİ VƏ BƏLƏDİYYƏÇİLİK GÜNÜNÜN TƏSİSİ MƏSƏLƏSİ
Yerli
özünüidarəetmə orqanları demokratik idarəçilik sisteminin mühüm institusional
komponentlərindən biri olmaqla, əhalinin yerli əhəmiyyətli məsələlərin həllində
iştirakını, ictimai maraqların təmsil olunmasını və yerli səviyyədə
idarəetmənin həyata keçirilməsini təmin edən mexanizmdir. Bu institutun
inkişafı yalnız hüquqi normaların və idarəetmə strukturlarının formalaşması ilə
deyil, həm də tarixi təcrübənin, institusional yaddaşın və ictimai ənənələrin
qorunması ilə bağlıdır.
Yerli
özünüidarəetmə institutunun cəmiyyətdəki rolunun artırılması, bələdiyyə
mədəniyyətinin təbliği, sakinlər və bələdiyyələr arasında sosial məsuliyyət
bağlarının möhkəmləndirilməsi, habelə bu sahədə çalışan şəxslərin əməyinin
qiymətləndirilməsi məqsədilə müvaviq əlamətdar günün təsis edilməsi mühüm sosial-hüquqi və institusional əhəməyyətə
malikdir.
Bu
baxımdan bayramın adı kimi “Bələdiyyə işçilərinin
peşə bayramı günü” və ya dahada geniş fəlsəfəni əks etdirən “Bələdiyyəçilik
günü” ifadələrinin seçilməsi, eləcədə bələdiyyələrimiz üçün tarixi varislik
prinsipinə uyğun əlamətdar günün müəyyənləşdirilməsi
yerli özünüidarəetmə sisteminin
inkişafı, cəmiyyətdə bu institutun rolunun gücləndirilməsi və bələdiyyə
qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm və əhəmiyyətli
bir addım olardı.
Azərbaycanda
bu əlamətdar günün təsis edilməsi təşəbbüsü tarixi yaddaş, institusional
davamlılıq və yerli özünüidarəetmənin ictimai nüfuzu baxımından nəzərdən
keçirilməlidir.
Bunları
nəzərə alaraq təklifin əsasını Azərbaycan bələdiyyəçilik tarixinin aşağıdakı üç
mühüm mərhələsi təşkil edir:
1. Bakı Şəhər Dumasına ilk seçkilərin keçirilməsi tarixi,
2. Dumanın fəaliyyətə başladığı tarix,
3. Müasir Azərbaycan bələdiyyələrinin formalaşdığı tarix,
Birinci
tarix Bakı Şəhər Dumasına ilk seçkilərin keçirilildiyi 1877-ci ilin 6-9 dekabr
tarixlərini əhatə edir. Bu səbəbdən 9 dekabr yəni seçkilərin bitdiyi son tarixi
bələdiyyə günü kimi qəbul etmək olar. Tarixdə Bakı şəhər özünüidarəetməsinin seçkili
nümayəndəlik əsasında formalaşmasının əsası qoyulan gün kimi 9 dekabr tarixi böyük əhəmiyyət kəsb edir.
İkinci tarix seçkilər vasitəsilə formalaşdırılmış Bakı Şəhər
Dumasının fəaliyyətə başlamadığı 1878-ci ilin yanvar ayının 8-ni, yəni şəhər özünüidarəetmə orqanının rəsmən fəaliyyətə
başladığı tarixi ifadə edir. Bu tarix, həmçinin bələdiyyəçilik yaddaşının
qorunması və yerli özünüidarəetmə ənənələrinin təşviq edilməsi baxımından
xüsusi simvolik məna daşıyır.
Üçüncü tarix 12 dekabr 1999-cu il müstəqil Azərbaycan
Respublikasında ilk bələdiyyə seçkilərinin keçirildiyi və müasir bələdiyyə
sisteminin formalaşmasında mühüm mərhələ təşkil edən əlamətdar tarixi hadisədir.
Bu
tarixlərdən hər biri fərqli tarixi və hüquqi məzmun kəsb edir. Buna görə də onların
bir-birini əvəz edən hadisələr kimi deyil, Azərbaycanın yerli özünüidarəetmə
tarixinin müxtəlif inkişaf mərhələlərini əks etdirən tarixlər kimi qiymətləndirilməsi
daha əsaslı yanaşma olardı.
Bakı Şəhər
Dumasının fəaliyyəti şəhərin abadlaşdırılması, sanitariya və səhiyyə
məsələləri, təhsil, kommunal təsərrüfat və digər yerli əhəmiyyətli sahələrlə
bağlı qərarların qəbul edilməsini əhatə edirdi. Bununla belə, həmin dövrün
şəhər özünüidarəetmə sistemi müasir demokratik standartlarla eyniləşdirilə
bilməzdi. Seçki hüququ əmlak və digər meyarlarla məhdudlaşdırılır, əhalinin
geniş təbəqələri idarəetmə prosesində bərabər iştirak imkanına malik deyildi. Bu
tarixi xüsusiyyətlər Bakı Şəhər Dumasının əhəmiyyətini azaltmır, əksinə, onun
fəaliyyətini öz dövrünün hüquqi-siyasi və sosial şəraiti daxilində
qiymətləndirməyin vacibliyini göstərir.
Bakı Şəhər
Dumasının tarixi Azərbaycan şəhər idarəçiliyində seçkili yerli nümayəndəlik
təcrübəsinin öyrənilməsi üçün mühüm mənbədir. Bu təcrübənin müasir bələdiyyə
sistemi ilə hüquqi eynilik təşkil etməməsinə baxmayaraq, onun yerli
özünüidarəetmənin tarixi inkişafında tutduğu yer ayrıca araşdırılmalıdır.
Azərbaycan
Respublikasında müasir yerli özünüidarəetmənin konstitusion əsasları 1995-ci
ildə qəbul edilmiş Konstitusiya ilə müəyyən edilmişdir. Konstitusiyanın
142–146-cı maddələri yerli özünüidarəetmənin təşkilati və hüquqi əsaslarını,
bələdiyyələrin statusunu və fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirir. 1999-cu
il dekabrın 12-də keçirilmiş ilk bələdiyyə seçkiləri müstəqil Azərbaycan
Respublikasında müasir bələdiyyə institutunun praktiki fəaliyyətə başlaması
baxımından mühüm hadisə olmuşdur.
Bu mərhələ
XIX əsrin şəhər özünüidarəetmə təcrübəsindən hüquqi baxımdan fərqlənir. Müasir
bələdiyyələr müstəqil Azərbaycan dövlətinin konstitusion quruluşu, milli
qanunvericilik və yerli özünüidarəetmənin müasir hüquqi prinsipləri əsasında
fəaliyyət göstərir. Bununla belə, hər iki tarixi mərhələnin araşdırılması yerli
səviyyədə idarəetmənin təşəkkülü, inkişafı və cəmiyyətlə münasibətlərinin
dəyişməsi haqqında bütöv təsəvvürün formalaşmasına kömək edə bilər.
Bələdiyyələr üçün əlamətdar
günün təsis edilməsinin ictimai və institusional əhəmiyyəti:
Peşə sahiblərinin
xüsusi günlərin təsis edilməsi yalnız təqvimdə müəyyən bir tarixin qeyd
olunması ilə məhdudlaşmır. Belə günlər müvafiq sahənin tarixi yaddaşının
qorunmasına, ictimai əhəmiyyətinin tanıdılmasına və həmin sahədə çalışan
şəxslərin əməyinin qiymətləndirilməsinə xidmət edə bilər. Bələdiyyə gününün
təsis edilməsi də bu baxımdan bir neçə istiqamətdə əhəmiyyət daşıya bilər.
İlk
növbədə, bu təşəbbüs yerli özünüidarəetmənin tarixi inkişafının elmi və ictimai
müstəvidə daha geniş araşdırılmasına şərait yarada bilər. Bakı Şəhər Dumasının
fəaliyyəti, şəhər idarəçiliyinin tarixi təcrübəsi və müasir bələdiyyələrin
hüquqi statusu ilə bağlı tədqiqatların təşviqi tarixi irsin qorunmasına töhfə
verər.
İkinci
istiqamət bələdiyyə üzvlərinin, sədrlərin və bələdiyyə qulluqçularının
fəaliyyətinin ictimai səviyyədə tanınmasıdır. Yerli problemlərin həllində,
ərazilərin abadlaşdırılmasında, sosial təşəbbüslərin dəstəklənməsində və
vətəndaşların müraciətlərinin araşdırılmasında bələdiyyələrin fəaliyyəti yerli
idarəetmənin mühüm istiqamətlərindəndir.
Üçüncü
istiqamət yerli özünüidarəetmə mədəniyyətinin inkişafıdır. Tarixi yaddaşın
qorunması ilə yanaşı, vətəndaşların yerli məsələlərin həllində iştirakının
təşviqi və bələdiyyələrin cəmiyyətlə əlaqələrinin gücləndirilməsi də diqqət
mərkəzində saxlanılmalıdır.
Hansı tarix seçilməlidir?
Bələdiyyə
gününün hansı tarixdə qeyd olunması məsələsi tarixi, hüquqi və ictimai
meyarların birlikdə qiymətləndirilməsini tələb edir.
9 dekabr 1877-ci
ilin dekabrında keçirilmiş ilk Duma seçkilərinin tarixi elmi və arxiv
araşdırmaları əsasında dəqiqləşdirilməli, bu hadisənin yerli özünüidarəetmə
tarixindəki əhəmiyyəti qiymətləndirilməlidir.
8 yanvar
1878 il tarixi Bakı Şəhər Dumasının fəaliyyətə başlaması ilə bağlı olduğu üçün
yerli özünüidarəetmənin tarixi irsini və institusional başlanğıcını simvolizə
edə bilər. Bu tarix əsasında Bələdiyyəçilik gününün təsis edilməsi təşəbbüsü
XIX əsrin şəhər idarəçiliyi təcrübəsinin müasir ictimai yaddaşda qorunmasına
imkan yaradar.
12 dekabr
tarixi isə müasir Azərbaycan bələdiyyələrinin yaranması ilə birbaşa bağlıdır.
Buna görə həmin tarixin müasir bələdiyyə sisteminin yaranma günü kimi qeyd
olunması məsələsi də ayrıca nəzərdən keçirilməlidir.
Mənim
təklifim bu üç tarixin aidiyyəti dövlət orqanları, tarixçilər, hüquqşünaslar və
bələdiyyə assosiasiyalarının iştirakı ilə birgə müzakirəyə çıxarılmasıdır. Bu
hadisələrin birlikdə araşdırılması tarixi yaddaşın zənginləşdirilməsinə və
bələdiyyəçilik institutunun inkişaf yolunun daha dolğun təqdim olunmasına
xidmət edə bilər. Müzakirənin nəticəsində həm tarixi faktlara, həm də müasir
bələdiyyə institutunun hüquqi xüsusiyyətlərinə uyğun qərarın qəbul edilməsi
mümkün ola bilər.
Bələdiyyə məsələləri üzrə
ekspert,
hüquqşünas Fərman Salmanlı
Rəylər
0 Rəy