Şabranda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şabran Bələdiyyəsinin təşkilatçılığı ilə müəllimlərə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şabran Bələdiyyəsinin ərazisinə daxil olan şəhər və
kənd məktəblərinin rəhbərləri, qabaqcıl və fəal müəllimlər, eləcə də uzun illər
təhsil sahəsində çalışmış, hazırda təqaüddə olan müəllimlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər müəllimlik peşəsinin cəmiyyətin
inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında və savadlı, vətənpərvər gənc
nəslin yetişdirilməsində mühüm rolundan bəhs ediblər.
Qeyd olunub ki, müəllim yalnız bilik öyrədən deyil, həm də gələcək
nəsillərin dünyagörüşünün, şəxsiyyətinin və vətəndaşlıq mövqeyinin
formalaşmasına böyük töhfə verən dəyərli bir şəxsiyyətdir. Müəllim əməyinin nəticəsi
illər sonra yetişdirdiyi şagirdlərin uğurlarında öz əksini tapır.
Tədbirdə təqaüddə olan müəllimlərin də iştirakı xüsusi əhəmiyyət
daşıyıb. Onların uzun illər ərzində təhsil sahəsində göstərdikləri fədakar xidmətlər
minnətdarlıqla xatırlanıb, müəllimlik ənənələrinin yaşadılmasında xidmətləri
yüksək qiymətləndirilib.
Səmimi və xoş ab-havada keçən tədbirdə müəllimlərə xoş
arzular çatdırılıb, onların şərəfli və məsuliyyətli fəaliyyətlərinə görə təşəkkür
ifadə olunub.
Şabran Bələdiyyəsi olaraq bütün müəllimlərimizi – ömrünü təhsilə
və gələcək nəslin yetişdirilməsinə həsr edən fədakar ziyalılarımızı Beynəlxalq
Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı,
ailə səadəti və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq!
Müəllim əməyinə hörmət, gələcəyə verilən ən böyük dəyərdir!
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy