Azərbaycanın bərpa olunmuş dövlət suverenliyinə fəlsəfi-hüquqi baxış
Habil QURBANOV,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfi-hüquqi təlimlər və suverenlik şöbəsinin müdiri,
hüquq üzrə elmlər doktoru, professor
Müasir dövrdə dövlət suverenliyi anlayışı əvvəlki dövrlərlə
müqayisədə daha geniş məzmun kəsb edir. Klassik siyasi-fəlsəfi yanaşmada
suverenlik hakimiyyətin aliliyi, müstəqilliyi və dövlətin öz ərazisində
hakimiyyət həyata keçirmək hüququ ilə əlaqələndirilirdi. Lakin qloballaşma,
informasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsallaşma, kiberməkanın
genişlənməsi və süni intellektin ictimai həyatın müxtəlif sahələrinə daxil
olması suverenlik anlayışına yeni ölçülər əlavə etmişdir.
Suverenlik daha çox hüquqi termin kimi qarşıya çıxsa da,
onun fəlsəfi mənası daha dərin köklərə söykənir. Fəlsəfi baxımdan suverenlik
yalnız dövlətin sərhədləri daxilindəki ali hakimiyyət deyil, həm də insan iradəsinin,
kollektiv mənliyin və azadlığın təzahürüdür. Suverenlik konstitusiya və beynəlxalq
hüququn dövlət hakimiyyəti ilə bağlı əsas anlayışlarından birini təmsil edir.
Müasir dövrdə suverenlik yalnız dövlətin ərazi bütövlüyünün və siyasi müstəqilliyinin
təmin edilməsi ilə məhdudlaşmır. Qeyd etdiyim kimi, qloballaşma,
informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal
informasiya məkanının genişlənməsi, süni intellektin ictimai münasibətlərə
nüfuz etməsi, hibrid təhdidlərin artması və informasiya müharibələrinin yeni
formalarının meydana çıxması suverenlik anlayışının məzmununa yeni elementlər gətirmişdir.
Ənənəvi yanaşmada suverenlik dövlətin öz ərazisində ali
hakimiyyətə malik olması və xarici münasibətlərdə müstəqil fəaliyyət göstərməsi
kimi izah edilirdi. Lakin XXI əsrdə dövlətin sərhədlərinin fiziki baxımdan
qorunması ilə yanaşı, cəmiyyətin informasiya və ideoloji məkanının təhlükəsizliyinin
təmin edilməsi də suverenliyin mühüm şərtlərindən birinə çevrilmişdir. Bu
baxımdan Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham
Əliyevin 2 oktyabr 2026-cı ildə YAP-ın VIII Qurultayında etdiyi çıxış
xüsusi elmi və siyasi əhəmiyyət daşıyır. Prezident çıxışında Azərbaycanın ərazi
bütövlüyünün və suverenliyinin bərpasından sonrakı yeni tarixi mərhələni səciyyələndirmiş,
dövlət müstəqilliyi, iqtisadi müstəqillik, hərbi potensial, informasiya mühiti,
təhsil, vətənpərvərlik və ideoloji təhlükəsizlik məsələlərini vahid strateji
yanaşmada təqdim etmişdir.
Dövlət başçısının çıxışında xüsusilə diqqətçəkən müddəalardan
biri ideoloji təhlükəsizliyin fiziki təhlükəsizliklə müqayisədə əhəmiyyətinin
vurğulanmasıdır. Belə ki, ideoloji risklərin dövlət sərhədlərini tanımadığı,
onların internet, kiberməkan və süni intellekt mühitində yayıla bildiyi qeyd
edilmişdir. Bu yanaşma göstərir ki, müasir dövlətin təhlükəsizlik konsepsiyası
yalnız hərbi və fiziki təhlükələrin qarşısının alınmasına deyil, həm də cəmiyyətin
ideoloji dayanıqlılığının formalaşdırılmasına əsaslanmalıdır.
Azərbaycan Konstitusiyasının preambulasında xalqın suveren
hüququndan istifadə etməklə dövlət müstəqilliyinin, suverenliyin və ərazi
bütövlüyünün qorunması, demokratik quruluşun, vətəndaş cəmiyyətinin və hüquqi
dövlətin təmin edilməsi əsas məqsədlər sırasında müəyyən edilmişdir.
Konstitusiyanın 1-ci maddəsinə əsasən, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan
xalqıdır.
2-ci maddə isə xalqın sərbəst və müstəqil şəkildə öz müqəddəratını
həll etmək və idarəetmə formasını müəyyən etmək hüququnu onun suveren hüququ
kimi təsbit edir.
Tarixə ekskursiya etsək görərik ki, insanlar daim həyat fəaliyyətlərini
davam etdirmək üçün dövlət hakimiyyətini, onun sahibini müəyyən etməyə
çalışmışlar. Hazırda suverenliyin hakimiyyətin xarakterik xüsusiyyəti olması da
bununla əlaqəlidir. Bu, anlayış olaraq yaransa da, konseptual bazaya sahibdir.
Konsepsiya olaraq Jan Boden tərəfindən işlənib hazırlanmışdır. Klassik
suverenlik nəzəriyyəsi suverenliyin konseptual bazasını təşkil edir. Müasir
dövrdə isə suverenlik anlayışı köklü dəyişmə prosesindədir. Bu transformasiyanın
səbəbi XX əsrə dayanır. Çünki keçən əsrdə dünyamız konseptual bazaya təsir edən
dəyişikliklərlə üzləşmişdir.
Suverenlik anlayışını hüquqi baxımdan təhlil etdikdə o, beynəlxalq
hüquqda dövlətlərin bərabərliyini təmin etsə də, müasir dövrdə məhdudlaşdırılır.
Qanunvericilik və icraedici səlahiyyətlər, eləcə də məhkəmə hakimiyyətini özündə
ehtiva edən konstitusiyanın hüquqları baxımından suverenlik dövlətin
konstitusiyasına əsasən həyata keçirilən ali hakimiyyətin atributudur. Ümumi mənada
isə suverenlik anlayışına iki mövqedən yanaşılmalıdır: xalqın suverenliyi və
dövlət suverenliyi. Xalqın suverenliyi prinsipi Azərbaycan Konstitusiyasının
2-ci maddəsində açıqlanır. Dövlət suverenliyi dövlət hakimiyyətinin vahidliyində
və aliliyində, habelə onun orqanlarının hüquqi aktlarının bütün hüquqi və
fiziki şəxslər üçün məcburi xarakter daşımasında ifadə olunur. Suverenlik dövlətin
daxili və xarici işlərində heç bir xarici qüvvənin müdaxiləsi olmadan müstəqil
şəkildə qərarlar qəbul etməsi hüququdur. Suverenlik dövlətlərə valyuta
buraxmaq, vergi toplamaq və dövlət xidmətləri göstərmək kimi bir sıra imkanları
da verir. Eləcə də dövlət bu statusu qazanaraq öz hüquq sistemini saxlaya
bilir. Beynəlxalq müqavilələr imzalanan zaman isə suveren dövlətin məcburi
deyil, könüllü iştirakı təmin olunur.
Azərbaycan Respublikasının suverenliyi xalqın öz müqəddəratını
müəyyənetmə hüququnun və milli birliyinin simvoludur. Azərbaycan
Respublikasının suverenliyi tarixi, hüquqi və siyasi müstəvidə uzun və mürəkkəb
bir inkişaf yolu keçmişdir. Hüquqi baxımdan izah etsək, dövlətin hüquq
sistemini müəyyən edən əsas qanun kimi qəbul edilən Azərbaycan Respublikası
Konstitusiyasının 1-ci maddəsində qeyd edildiyi kimi, ölkəmizdə "Azərbaycan
Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır"
ifadəsi ilə xalq suverenliyi prinsipi təsbit olunmuşdur.
Suverenliyin Azərbaycan Respublikasında əldə olunması müstəqilliyin
və ərazi bütövlüyünün təminatı prosesi ilə sıx bağlıdır. Bu prosesə fəlsəfi və
hüquqi yanaşma fərqli pəncərələrdən baxmağı zəruri edir. Bu istiqamətdə Qarabağ
münaqişəsinin həll yolunun tapılması milli identikliyin təcəssümü kimi dəyərləndirilə
bilər.
Suverenliyin dövlətçilik ənənələrinin, müstəqilliyin və beynəlxalq
nüfuzun təməlini təşkil etdiyini nəzərə alaraq, Azərbaycanda Ümummilli Lider
Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyası uğurla davam etdirilir və
suverenliyimiz qətiyyətlə qorunur. Bu irs xalqımızın müstəqillik yolunda ən
böyük təminatıdır. Nəzərə alsaq ki, müstəqil və suveren ölkə olmaq hər xalqa nəsib
olmamışdır. Lakin Azərbaycan Respublikası tarix boyu işğallara məruz qalmasına
baxmayaraq, suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qoruyub
saxlamağa müvəffəq olmuşdur. Dövlət suverenliyimiz, müstəqilliyimiz və ərazi
bütövlüyümüz müxtəlif tarixi mərhələlərdə təhdidlərə məruz qalmışdır. Vətən
müharibəsində və antiterror tədbirlərində tarixi qələbələr sayəsində isə bütün ərazilərimizdə
suverenliyimiz bərpa olundu. Bu, Azərbaycan Konstitusiyasının 11-ci maddəsində
yer alan dövlətin ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin praktiki
reallığıdır. 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan
torpaqlar azad edildi. Bu, dövlətin suverenliyinin və ərazi bütövlüyünün bərpasında
dönüş nöqtəsi oldu. Bu dönüş nöqtəsinin hüquqi bazasını XXI əsrin ilk
kapitulyasiya aktı hesab edilən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat
təşkil edir. Ermənistan bu aktla kapitulasiya şərtlərini qəbul edən ölkə kimi
tarixə düşdü.
Bununla da Azərbaycan xalqı Ulu Öndərin müqəddəs vəsiyyətinə
əməl etdi və öz torpaqlarını işğaldan azad edərək Heydər Əliyev ideyalarının təntənəsini
bütün dünyaya nümayiş etdirdi.
Xalqımız ötən əsrin 90-cı illərinin əvvəlində Ulu Öndərin qətiyyəti
və dərin zəkası ilə siyasi böhrandan necə xilas olmuşdusa, bu əsrin əvvəllərində
də məhz Ümummilli Liderimizin siyasi kursunu və inkişaf strategiyasını inamla
davam etdirən Prezident İlham Əliyevin gərgin səyləri və yenilməz iradəsi sayəsində
30 illik erməni işğalına son qoydu. Bu tarixi hadisə bir daha göstərdi ki, Heydər
Əliyevin dövlətçilik məktəbi hər zaman olduğu kimi, bu gün də aktuallığını
qoruyub saxlayır və ölkəmizin daha da qüdrətlənməsi işinə öz misilsiz töhfələrini
verməkdə davam edir.
Müstəqil milli dövlətçiliyimizin memarı, Ümummilli Lider
Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Azərbaycanın ən yeni
tarixinin mühüm və şərəfli səhifələrini təşkil edir. Çünki xalqımız öz dövlətçiliyinin
dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar edilməsinə Ulu Öndər Heydər
Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur. Dünya təcrübəsi göstərir ki, dövlətin
davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, məhkəmə-hüquq və
qanunvericilik sisteminin formalaşdırılması vacib şərtdir. Məhz bu səbəbdən də
hələ Azərbaycana birinci rəhbərliyi dövründə artıq müstəqil dövlətimizin möhkəm
bünövrəsini qoyan Ulu Öndər respublikanın məhkəmə-hüquq və qanunvericilik
sistemində də mühüm islahatlar həyata keçirmişdir.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli
tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan
konstitusionalizminin inkişafında əsaslı dönüş mərhələsi kimi xarakterizə
olunur. Ulu Öndərin gərgin səyləri nəticəsində ölkədə qısa bir müddət ərzində
dayanıqlı ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra onun müəllifi
olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış yeni Konstitusiya 1995-ci ildə
ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi. Məhz bu Konstitusiya əsasında
Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyuldu,
hüquq islahatlarının aparılmasına başlanıldı. Ulu Öndər həmin dövrdə yeni
yaradılmış Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək
qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edən mühüm qanun və məcəllələrin
qəbul edilməsinə nail oldu.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr
tarixli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət
Suverenliyi Günü elan edilmişdir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən
biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu,
2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin
5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2025-ci
ili Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan
etmişdir. Bu addım suverenliyimizin tam bərpa edilməsinin ölkə səviyyəsində
tarixi il kimi kollektiv yaddaşda saxlanılmasına yönələn tədbirlərin keçirilməsinə
şərait yaratmışdır.
2 oktyabr 2026-cı ildə keçirilmiş YAP-ın VIII Qurultayı Azərbaycanın
ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonrakı yeni siyasi mərhələdə
keçirilən mühüm ictimai-siyasi hadisə oldu. Prezident İlham Əliyev çıxışında
qeyd etdi ki, qurultay Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa
etməsindən sonra yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. Bu müddəa
suverenliyin Azərbaycan dövlətçiliyi üçün artıq yalnız strateji məqsəd deyil,
yeni siyasi reallığın əsası kimi nəzərdən keçirildiyini göstərir. Prezident
İlham Əliyevin çıxışında 2020-ci il İkinci Qarabağ müharibəsində əldə edilmiş Zəfər
və 2023-cü ilin sentyabr hadisələri Azərbaycanın ərazi bütövlüyünün və
suverenliyinin bərpası kontekstində qiymətləndirilir.
Burada elmi baxımdan diqqət yetirilməli əsas məsələ ondan
ibarətdir ki, ərazi bütövlüyünün bərpası suverenliyin yalnız hüquqi-ərazi tərəfini
təşkil edir. Suverenliyin davamlı olması üçün dövlətin siyasi, iqtisadi,
informasiya, mədəni və ideoloji dayanıqlılığı da təmin edilməlidir. Dövlət
başçısının çıxışında məhz bu yanaşmanın izlərini görmək mümkündür. Çıxışda Azərbaycanın
iqtisadi müstəqilliyi, hərbi potensialı, xarici siyasətdə müstəqil mövqeyi və
informasiya məkanının qorunması bir-biri ilə əlaqəli məsələlər kimi təqdim
olunur. Bu yanaşma müasir suverenlik anlayışının kompleks xarakter daşıdığını
göstərir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident
İlham Əliyevin çıxışı Azərbaycanın suverenliyinin tam bərpasından sonrakı yeni
tarixi mərhələnin mühüm siyasi-strateji istiqamətlərini müəyyənləşdirən
proqramdır. Çıxışın fəlsəfi və sosioloji təhlili göstərir ki, müasir şəraitdə
suverenlik yalnız ərazi bütövlüyü və siyasi müstəqilliklə məhdudlaşmır.
Suverenlik fəlsəfi baxımdan insan iradəsinin və kollektiv
kimliyin təzahürü olaraq hüquqi və siyasi strukturların əsasını təşkil edir.
Tarixi inkişaf boyu mütəfəkkirlər tərəfindən müxtəlif formalarda izah edilmiş
bu anlayış müasir dövrdə insan hüquqları və elmi-texnoloji inkişaf kimi
çağırışlarla qarşı-qarşıyadır. Azərbaycan kontekstində isə suverenlik milli
iradənin və ərazi bütövlüyünün bərpası ilə özünün fəlsəfi əhəmiyyətini bir daha
göstərmişdir. Hazırda Azərbaycan Respublikası Cənubi Qafqazın strateji və
siyasi baxımdan mühüm dövlətlərindən biri kimi suverenliyini bərpa etmiş və onu
beynəlxalq aləmdə tanıtmışdır. İstər xalq suverenliyi, istərsə də dövlət
suverenliyi hüquqa əsaslanan münasibətlər çərçivəsində demokratik cəmiyyətin təşəkkülünə
və inkişafına xidmət etməlidir. Bu iki suverenliyin harmonik sintezi xalqı
hakimiyyətə, hakimiyyəti isə xalqa yaxınlaşdırmalı, xalqın siyasi iradəsi ilə
dövlətin siyasi iradəsini ümumi məqsədlər ətrafında uzlaşdırmalıdır. Azərbaycan
Respublikası bu harmonik sintezə ən yüksek səviyyədə nail olmuş güclü bir dövlətdir.
Azərbaycanın suverenliyi Konstitusiya ilə təsbit olunub, qanunların aliliyi və
milli maraqların qorunması ilə təmin edilib.
Beləliklə, müasir Azərbaycan üçün suverenliyin qorunmasının
yeni mərhələsi suveren dövlət quruculuğunun sosial, ideoloji, informasiya və
intellektual əsaslarının daha da möhkəmləndirilməsini tələb edir. Bu prosesdə
elm, təhsil və fəlsəfi-sosioloji tədqiqatlar xüsusi rol oynayır.
Məhz buna görə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
"Suverenlik və ideoloji təhlükəsizliyin təminatında fəlsəfənin və
sosiologiyanın vəzifələri" mövzusunda elmi-nəzəri konfrans keçirməsi
müasir Azərbaycanın dövlətçilik və ictimai inkişaf gündəliyi baxımından mühüm
elmi əhəmiyyət daşıyır. Suverenliyi qorumaq yalnız dövlət sərhədlərini qorumaq
deyil; suverenliyi qorumaq həm də milli şüuru, milli yaddaşı, hüquqi dövlət
prinsiplərini, insanın düşüncə azadlığını və cəmiyyətin intellektual
dayanıqlılığını qorumaqdır.
Rəylər
0 Rəy