İkinci
Qarabağ müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər
Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsi
və işğal olunmuş torpaqlarımızın azad edilməsi tariximizə qızıl hərflərlə
yazılmışdır. Bu qələbənin əldə edilməsində Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı
ilə yanaşı, ölkə başçısının müdrik siyasəti əhəmiyyətli rol oynamışdır. İlham
Əliyevin “Qarabağ Azərbaycandır” çağırışı ilə böyük Zəfərə aparan diplomatiyası
Azərbaycanın dünya birliyi tərəfindən qüdrətli bir ölkə kimi yenidən kəşf
olunmasına gətirib çıxardı. Ölkəmiz nəinki regionda, eləcə də beynəlxalq aləmdə
tamamilə yeni bir dövrə qədəm qoydu. Bu diplomatiya Ümummilli Lider Heydər
Əliyevin uzaqgörən siyasətinin və diplomatik uğurlarının davamı və bir daha təsdiqi
idi.
Məlumdur
ki, Ermənistanın hərbi təcavüzü nəticəsində əzəli tarixi torpağımız Dağlıq
Qarabağ və ətraf yeddi rayonumuz işğal edilmiş, Azərbaycan əhalisi etnik təmizləməyə
məruz qalaraq bir milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişlər.
Münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə həllini müxtəlif
bəhanələrlə uzadan, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin
işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb
edən dörd qətnaməsinin icrasına məhəl qoymayan Ermənistan ona sərf edən
status-kvonu davam etdirərək 30 ilə yaxındır ki, torpaqlarımızı işğal altında
saxlamışdır. Bu ərazilərin zəngin təbii ehtiyatlarını özbaşına və vəhşicəsinə
istismar edərək qanunsuz məskunlaşma həyata keçirmiş, tarixi, mədəni və dini
abidələrimizi məhv etmişlər.
Ermənistan
silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-i tarixindən Azərbaycana başlayan
hücumu nəticəsində Ali Baş Komandanın göstərişlərinə əsasən ordumuz əks-hücum əməliyyatlarını
həyata keçirmişdir. Rəşadətli Ordumuz Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etmək uğrunda böyük qəhrəmanlıq
göstərmişdir.
Davam
edən döyüşlərdə qələbəmizin kuliminasiya nöqtəsi Şuşa şəhərinin azad edilməsi və
Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa
çatdı.
Milli
müstəqilliyimizin simvolu olan 9 noyabr Dövlət Bayrağı Günü ərəfəsində belə əlamətdar
hadisənin yaşanması xalqımızı ruhlandırmış, ordumuzun daha da irəli getməsinə
böyük stimul yaratmışdır.
Ermənistan
üzərinə götürdüyü kapitulyasiya tələblərinin yerinə yetirilməsi barədə razılığa
gəldi, şərtlərə uyğun olaraq Ağdam, Kəlbəcər, Laçın rayonlarını işğaldan azad
etmək məcburiyyətində qaldı.
Qarabağ
Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı
birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi
bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Ötən ilin noyabrında Xankəndidə
keçirilən Zəfər paradı ölkəmizin gücünün və ordumuzun qüdrətinin daha bir
parlaq qələbəsi kimi tarix səhifələrinə yazıldı. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı
suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
İşğaldan
azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və
əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun
yaradılması xüsusi əhəmiyyətə malikdir.
Xüsusilə vurğulamaq lazımdır ki, müharibədən sonrakı dövrdə dövlətimizin
başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinə, Qarabağ müharibəsi
əlillərinə və onların ailə üzvlərinə yüksək diqqət və qayğısını əsirgəmirlər.
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid
ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, habelə Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və
tapşırığı ilə həyata keçirilən sosial dəstək və yardım aksiyaları, şəhid və
qazi ailələrinə xüsusi həssaslıq və qayğı ilə yanaşılması xalqımız tərəfindən
daim rəğbət və sevgi ilə qarşılanır.
Məcburi
köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsi üçün Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı
ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilərək icrasına başlanılmışdır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə,
Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı
təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir.
Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin
reallaşdırılması məqsədilə işğaldan azad edilmiş ərazilərə
böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi
müəyyən olunması, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü
və genişmiqyaslı layihələr əhalinin dayanıqlı məskunlaşmasında və davamlı
iqtisadi inkişafın təmin olunmasında böyük əhəmiyyətə malikdir.
Vətən
müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə hava limanlarının,
avtomobil və dəmir yollarının tikintisi, bərpa-quruculuq işləri, iqtisadi
fəaliyyətin, o cümlədən
nəqliyyat-kommunikasiya xətlərinin bərpası, enerji
infrastrukturunun qurulması, şəbəkə
və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, xüsusilə Zəngəzur dəhlizinin
açılması istiqamətində mühüm işlər görülmüşdür.
İşğaldan azad
edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və
geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər
inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında
aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmış, Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.
Qeyd olunan ərazilərin iqtisadi
potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri
regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil
müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Bununla əlaqədar regionun
sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi
və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2023-cü 28 noyabr tarixli 4182 nömrəli Sərəncamı ilə
“Qarabağ Universiteti” təsis edilmişdir.
Dövlət
başçısı tərəfindən xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə
çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət
kəsb edən misilsiz qələbəmizin əbədiləşdirilməsi məqsədilə əlamətdar günlərin
qeyd edilməsi ilə bağlı bir sıra mühüm Sərəncamlar da qəbul edilmişdir.
“Azərbaycan Respublikasında Anım Gününün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 02
dekabr tarixli 2311 nömrəli Sərəncamına əsasən Vətən müharibəsində
qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilmiş
torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını
fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti
olaraq hər il sentyabrın 27-si Anım Günü kimi qeyd olunur.
“Azərbaycan Respublikasında Zəfər Gününün
təsis edilməsi haqqında” Dövlət başçısının 2020-ci il 03 tarixli 2314 nömrəli
Sərəncamı ilə isə hər il noyabr ayının 8-i “Zəfər Günü” kimi qeyd edilməkdədir.
Həmçinin Şuşanın Azərbaycan
xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni- mənəvi dəyəri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 02 dekabr tarixli 3096 nömrəli Sərəncamına əsasən 2022-ci il “Şuşa
ili” elan edilmişdir.
Azərbaycan
Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan
Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq 2024-cü
ilin sentyabr ayının 19-da ölkə başçısı tərəfindən hər il sentyabrın 20-sinin
Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunması ilə bağlı
Sərəncam imzalanmışdır.
Vətən müharibəsində
əldə olunmuş tarixi zəfərin daim yaşadılması və işğaldan azad edilmiş ərazilərdəki
şəhərlərin günlərini təsis etmək məqsədilə “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü
il iyul ayının 7-də 4013 nömrəli Sərəncam qəbul olunmuşdur. Həmin Sərəncama əsasən
hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri
kimi təntənəli şəkildə qeyd olunur. Cari ilin sentyabr ayının 18-də müvafiq Sərəncama
sentyabrın 20-sinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
kimi qeyd olunması ilə bağlı yeni məzmunda dəyişiklik edilmişdir.
26
avqust – Laçın şəhəri günü
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və
Ağdərə şəhərləri günü
4 oktyabr – Cəbrayıl şəhəri günü
17 oktyabr – Füzuli şəhəri günü
20 oktyabr – Zəngilan şəhəri günü
25 oktyabr – Qubadlı şəhəri günü
8 noyabr – Şuşa şəhəri günü
20 noyabr – Ağdam şəhəri günü
25 noyabr – Kəlbəcər şəhəri günü.
Məlumat üçün
bildirilir ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində
keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın
mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi
həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini
dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin
yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində
özünəməxsus rol oynayır.
Göstərilənlərə əsasən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Vətən müharibəsi ilə
bağlı qəbul edilmiş Sərəncamlar ilə yaxından tanış olmağınız, qeyd edilən
əlamətdar hadisələrlə bağlı müvafiq tədbirlərin təşkil edilməsi, bələdiyyələrin
sosial media səhifələrində bununla bağlı aktiv paylaşımların edilməsi tövsiyə
olunur.
Bələdiyyələrlə iş baş idarəsi