Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
08-11-2024, 11:59

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü və işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Ölkə başçısının Sərəncamlarının icrasından irəli gələn məsələlər barədə

İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsi və işğal olunmuş torpaqlarımızın azad edilməsi tariximizə qızıl hərflərlə yazılmışdır. Bu qələbənin əldə edilməsində Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı ilə yanaşı, ölkə başçısının müdrik siyasəti əhəmiyyətli rol oynamışdır. İlham Əliyevin “Qarabağ Azərbaycandır” çağırışı ilə böyük Zəfərə aparan diplomatiyası Azərbaycanın dünya birliyi tərəfindən qüdrətli bir ölkə kimi yenidən kəşf olunmasına gətirib çıxardı. Ölkəmiz nəinki regionda, eləcə də beynəlxalq aləmdə tamamilə yeni bir dövrə qədəm qoydu. Bu diplomatiya Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin və diplomatik uğurlarının davamı və bir daha təsdiqi idi.

Məlumdur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində əzəli tarixi torpağımız Dağlıq Qarabağ və ətraf yeddi rayonumuz işğal edilmiş, Azərbaycan əhalisi etnik təmizləməyə məruz qalaraq bir milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişlər. Münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə həllini müxtəlif bəhanələrlə uzadan, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasına məhəl qoymayan Ermənistan ona sərf edən status-kvonu davam etdirərək 30 ilə yaxındır ki, torpaqlarımızı işğal altında saxlamışdır. Bu ərazilərin zəngin təbii ehtiyatlarını özbaşına və vəhşicəsinə istismar edərək qanunsuz məskunlaşma həyata keçirmiş, tarixi, mədəni və dini abidələrimizi məhv etmişlər.

Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-i tarixindən Azərbaycana başlayan hücumu nəticəsində Ali Baş Komandanın göstərişlərinə əsasən ordumuz əks-hücum əməliyyatlarını həyata keçirmişdir. Rəşadətli Ordumuz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etmək uğrunda böyük qəhrəmanlıq göstərmişdir.

Davam edən döyüşlərdə qələbəmizin kuliminasiya nöqtəsi Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.

Milli müstəqilliyimizin simvolu olan 9 noyabr Dövlət Bayrağı Günü ərəfəsində belə əlamətdar hadisənin yaşanması xalqımızı ruhlandırmış, ordumuzun daha da irəli getməsinə böyük stimul yaratmışdır.

Ermənistan üzərinə götürdüyü kapitulyasiya tələblərinin yerinə yetirilməsi barədə razılığa gəldi, şərtlərə uyğun olaraq Ağdam, Kəlbəcər, Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı.

Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Ötən ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı ölkəmizin gücünün və ordumuzun qüdrətinin daha bir parlaq qələbəsi kimi tarix səhifələrinə yazıldı. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi əhəmiyyətə malikdir.

Xüsusilə vurğulamaq lazımdır ki, müharibədən sonrakı dövrdə dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və onların ailə üzvlərinə yüksək diqqət və qayğısını əsirgəmirlər. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə həyata keçirilən sosial dəstək və yardım aksiyaları, şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı ilə yanaşılması xalqımız tərəfindən daim rəğbət və sevgi ilə qarşılanır.

Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilərək icrasına başlanılmışdır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir.

Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında böyük əhəmiyyətə malikdir.

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi, bərpa-quruculuq işləri, iqtisadi fəaliyyətin,                 o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, enerji infrastrukturunun qurulması, şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.

İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.

Qeyd olunan ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Bununla əlaqədar regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü 28 noyabr tarixli 4182 nömrəli Sərəncamı ilə “Qarabağ Universiteti” təsis edilmişdir.

 Dövlət başçısı tərəfindən xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbəmizin əbədiləşdirilməsi məqsədilə əlamətdar günlərin qeyd edilməsi ilə bağlı bir sıra mühüm Sərəncamlar da qəbul edilmişdir.

“Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 02 dekabr tarixli 2311 nömrəli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Anım Günü kimi qeyd olunur.

“Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Dövlət başçısının 2020-ci il 03 tarixli 2314 nömrəli Sərəncamı ilə isə hər il noyabr ayının 8-i “Zəfər Günü” kimi qeyd edilməkdədir.

Həmçinin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni- mənəvi dəyəri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 02 dekabr tarixli 3096 nömrəli Sərəncamına əsasən 2022-ci il “Şuşa ili” elan edilmişdir.

Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq 2024-cü ilin sentyabr ayının 19-da ölkə başçısı tərəfindən hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalanmışdır.

        Vətən müharibəsində əldə olunmuş tarixi zəfərin daim yaşadılması və işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günlərini təsis etmək məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il iyul ayının 7-də 4013 nömrəli Sərəncam qəbul olunmuşdur. Həmin Sərəncama əsasən hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunur. Cari ilin sentyabr ayının 18-də müvafiq Sərəncama sentyabrın 20-sinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması ilə bağlı yeni məzmunda dəyişiklik edilmişdir.

26 avqust – Laçın şəhəri günü

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

4 oktyabr – Cəbrayıl şəhəri günü

17 oktyabr – Füzuli şəhəri günü

20 oktyabr – Zəngilan şəhəri günü

25 oktyabr – Qubadlı şəhəri günü

8 noyabr – Şuşa şəhəri günü

20 noyabr – Ağdam şəhəri günü

25 noyabr – Kəlbəcər şəhəri günü.

Məlumat üçün bildirilir ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayır.

Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Vətən müharibəsi ilə bağlı qəbul edilmiş Sərəncamlar ilə yaxından tanış olmağınız, qeyd edilən əlamətdar hadisələrlə bağlı müvafiq tədbirlərin təşkil edilməsi, bələdiyyələrin sosial media səhifələrində bununla bağlı aktiv paylaşımların edilməsi tövsiyə olunur.

                                                                                                         Bələdiyyələrlə iş baş idarəsi

Digər tövsiyələr