Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
30-08-2023, 13:00

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Pul tələbinə dair icraya yönəldilmiş inzibati aktların icrası zamanı tələbkar kimi bələdiyyələrin qanunla müəyyənləşdirilmiş hüquq və vəzifələrinə dair

Yerli özünüidarəetmə orqanları milli iqtisadi siyasət çərçivəsində öz funksiyalarını sərbəst şəkildə həyata keçirmələri üçün kifayət qədər özünün maliyyə vəsaitinə malik olmalıdırlar. Bu baxımdan bələdiyyələrin öz səlahiyyətlərini effektiv həyata keçirməsinin ən zəruri şərtlərindən biri həmin qurumların yetərli maliyyə potensialına malik olmasıdır.

Qeyd olunur ki, bələdiyyə büdcəsinin qanunvericiliklə müəyyənləşdirilmiş mədaxil mənbəyini  yerli vergilər və ödənişlər üzrə yerli büdcəyə daxil olan vəsaitlər təşkil edir. 

Həmin vəsaitlərin bələdiyyə büdcəsinə ödənilməsi məqsədilə yerli vergi obyektlərinin uçotu, onların qeydiyyata alınması, vergilərin düzgün hesablanması, vergi və ödənişlərin ödənilməsi ilə bağlı vergi ödəyicilərinə bildirişlərin vaxtında və düzgün göndərilməsi, eləcə də yerli vergi və ödənişlər üzrə yaranmış borcların yığılması istiqamətində tədbirlərin görülməsi həm vergi, həm də inzibati icraat haqqında qanunvericilikdə nəzərdə tutulmuşdur.

Belə ki, “Yerli vergilər (bələdiyyələr) və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu yerli vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

           Eyni zamanda vergi ödəyicilərindən alınan vəsait (yerli vergi və ödəniş) üzrə yaranan hüquq münasibətləri xarakterinə görə sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (bələdiyyənin) digər tərəf üzərində hakimiyyət və inizbati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan maliyyə-büdcə münasibətləri kimi xarakterizə olunur.

Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyələr inzibati orqan hesab olunur və bələdiyyələr tərəfindən qəbul olunmuş inzibati aktların icrası məcburi xarakter daşıyır. Bu qanunda inzibati orqanların vətəndaşlara münasibətindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların qərarlar qəbul edən zaman nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər öz əksini tapmışdır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər sahəvi qanunlara əsasən yerli vergilər və ödənişlər qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə bələdiyyələr tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə uyğun olaraq pul tələblərinin məcburi qaydada ödənilməsi ilə bağlı “tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edilir və icra olunması üçün borclunun yaşayış yeri üzrə aidiyyəti icra qurumuna göndərilir. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədi sayılır və məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.  

Qeyd olunur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 

İnzibati akt icraya yönəldikdən sonra icaat zamanı bələdiyyələr qanunvericiliyin tələbinə əsasən icra sənədi üzrə tələbkar sayılır və artıq onların  icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək və icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında qanunvericiliyin tələblərini yerinə yetirmək kimi hüquq və vəzifələri yaranır.

Bildirilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verilə bilər. 

Bələdiyyələr icraat zamanı göstərilən hüquq və vəzifələrini qanunla, nizamnamə və ya əsasnamə ilə verilmiş səlahiyyət həddində hərəkət edən orqanları və ya vəzifəli şəxsləri yaxud onların nümayəndələri vasitəsilə həyata keçirirlər. Bu zaman onları təmsil edən şəxslərin onların səlahiyyətlərini təsdiq edən sənədləri olmalıdır.

Göründüyü kimi bələdiyyələr yerli vergi və ödəniş üzrə yaranmış borcların məcburi qaydada ödətdirilməsi ilə bağlı pul tələbinə dar inzibati aktlar qəbul edilməklə və hər hansı icra qurumuna icraya yönəltməklə kifayətlənməməli, qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraat zamanı da onlar hüquq və vəzifələrini  layıqincə yerinə yetirməlidrlər. 

           Nəzərinizə çatdırılır ki, bələdiyyələr qanunla üzərilərinə düşən bu səlahiyyətlərini Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 478-IIQ nömrəli Qanunu ilə  təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməsinə əsasən bələdiyyələrin vergi xidməti orqanları vasitəsi ilə həyata keçirirlər. Qeyd olunan Əsasnamənin tələblərinə əsasən bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən üzərilərinə düşən vəzifə səlahiyyətlərini hərəkət və ya hərəkərsizlik göstərərək layiqincə icra etmədikdə onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

           Qeyd olunan qanunvericiliyin tələblərinə fəaliyyətinizdə düzgün əməl olunması tövsiyə olunur. 

 Bələdiyyələrlə iş mərkəzi


Digər tövsiyələr