Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunmuşlar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşmış, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışmışdır.
Azərbaycanda uşaq problemlərinin
həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti ölkəmizdə
uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu
Öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə
uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə
alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər uşaqları sonsuz
məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan
körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və
xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli liderin daim diqqətində
olmuşdur.
Bu gün dövlətimiz hər
bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır.
Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və
qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılmışdır. Məqsəd
uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin,
təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil
edilməsidir.
Qeyd edək ki, uşaq
hüquqlarının müdafiəsi ilə bağlı ilk beynəlxalq sənəd – “Uşaq hüquqları haqqında
Konvensiya” Beynəlxalq Qadınlar Federasiyasının təşəbbüsü ilə Birləşmiş
Millətlər Təşkilatı tərəfindən 1949-cu ildə qəbul olunub. 1950-ci ildən
başlayaraq hər ilin 1 iyun tarixi beynəlxalq səviyyədə uşaqların müdafiəsi günü
kimi qeyd olunur.
1993-cü ildən
başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bu
sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi
məqsədilə ardıcıl islahatlar həyata keçirilmişdir. Respublikamız uşaq
hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən
1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”na qoşulmuş,
Ulu Öndərin qanunvericilik təşəbbüsü əsasında bir sıra normativ hüquqi aktlar
qəbul edilmişdir.
Uzaqgörən siyasi
lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu
gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq
hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, “Heydər Əilyev Fondu”nun
gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan
körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli
Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi də Azərbaycan
dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır.
Uşaq hüquqlarının
qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla
reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun təhsil və
səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi
və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində
yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi
olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına
yönəlmişdir.
Hazırda ölkəmizdə
uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük
layihələr həyata keçirilir. Müxtəlif dövlət strukturlarının cəlb olunduğu bu
proqramlarda yerli özünüidarəetmə orqanlarının da fəal iştirakı labüddür. Belə
ki, Azərbaycan Respublikasının qanunvericiliyində uşaq hüquqlarının müdafiəsini
təmin edən qurumlardan biri kimi də bələdiyyələr nəzərdə tutulur.
“Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə uşaqlar
barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində
böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının,
layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
Bütün uşaqlar bərabər
hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz
edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli
mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından,
yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər.
Bu baxımdan
qanunvericilikdə aztəminatlı ailələrdən olan uşaqlara, valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı
uşaqlara, sağlamlıq imkanları məhdud uşaqlara uşaq hüquqlarının
müdafiəsində bir sıra imtiyazlar nəzərdə tutulmuşdur. Belə ki, bu kateqoriyadan
olan uşaqlara dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında bədən
tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.
Bununla yanaşı, xüsusi
qayğıya ehtiyacı olan uşaqların dövlət və bələdiyyələr tərəfindən yaradılan
uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk
etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların
təminatı və yaşayış şəraitinə dair məsələlərin tənzimlənməsi qanunvericilikdə
əhatəli şəkildə öz əksini tapmışdır.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 112 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan
uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk
etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların
təminatı və yaşayış şəraitinə dair Qaydaları”na əsasən dövlət və bələdiyyə
tərəfindən yaradılmış uşaq evləri sosial xidmət müəssisələri valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideynlərini
itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək
uşaqlar qəbul edilirlər.
“Sosial xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən uşaqların müəssisələrə qəbul
edilməsi üçün onların valideynlərindən biri, qohumları, digər qanuni
nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları,
habelə onların razılığı ilə digər şəxslər uşağın yaşayış yeri üzrə müvafiq
yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət edirlər.
Müraciət daxil olduqdan 10 (on) iş günü müddətində yerli icra hakimiyyətinin
qəyyumluq və himayə orqanları və ya bələdiyyə tərəfindən baxılaraq, uşağın
müəssisəyə qəbul edilməsi və ya bundan imtina olunması barədə qərar qəbul
edilir.
Uşaqların
hüquqlarının bərpası məqsədilə müəssisənin təsisçisinə, tabe olduğu dövlət
orqanına (qurumuna) və ya bələdiyyəyə, aidiyyəti üzrə Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti
orqanına maneəsiz müraciət etmək imkanı təmin edilir və həmin qurumlar
tərəfindən müraciətlə əlaqədar araşdırmalar aparılır. Uşağın təhlükəsizliyini
təmin etmək üçün onun hüquqlarının pozulması hallarının qeydiyyatı aparılır, onların
səbəbləri təhlil olunur və gələcəkdə belə hüquqpozmaların qarşısının alınması
üsullarına dair qərar qəbul edilir.
Eyni zamanda bütün tipdən olan dövlət təhsil
müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi
təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta
ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan
şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam
dövlət təminatına götürülürlər.
“Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində də
bələdiyyələr tərəfindən valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı
uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi
nəzərdə tutulmuşdur.
Hazırkı şəraitdə bir
çox bələdiyyələr xüsusi qayğıya ehtiyacı olan, habelə valideyn himayəsindən
məhrum olan uşaqların dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə onlara
peşə təhsillərinin aşılanmasında, məşğulluğun təmin edilməsində yardımın
göstərilməsində aktiv iştirak edirlər. Həmçinin belə kateqoriyadan olan uşaqlar
üçün müxtəlif idman yarışları və müsabiqələr təşkil edilir, qalib şəxslər
mükafatlandırılır. Eyni zamanda universitetə qəbul zamanı yüksək nəticə
göstərən şəxslərə hədiyyələr paylanılır, ehtiyacı olan uşaqlar müxtəlif
ləvazimatlarla təmin olunurlar.
1 İyun - Uşaqların
Beynəlxalq Müdafiəsi Günü, bütün dünyada olduğu kimi, hər il Azərbaycanda da
qeyd edilir. Bu münasibətlə uşaq hüquqlarının səmərəli təmini, müdafiəsi və
təbliği üçün onların hərtərəfli inkişafına dəstək olmaq məqsədilə
bələdiyyələrin ərazi yurisdiksiyasına aid uşaq evləri sosial xidmət müəssiələrinə
baş çəkilməsi, müxtəlif tədbirlərin təşkilinə köməklik göstərilməsi, müsabiqə
və yarışlara uşaqların cəlb edilməsi, habelə ehtiyacı olanlara dəstək
göstərilməsi tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi