Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
24-06-2023, 16:45

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Uşaq hüquqlarının müdafiəsində bələdiyyələrin rolu Uşaq hüquqlarının müdafiəsində bələdiyyələrin rolu

Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunmuşlar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşmış, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışmışdır.

Azərbaycanda uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli liderin daim diqqətində olmuşdur.

Bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılmışdır. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.

Qeyd edək ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı ilk beynəlxalq sənəd – “Uşaq hüquqları haqqında Konvensiya” Beynəlxalq Qadınlar Federasiyasının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1949-cu ildə qəbul olunub. 1950-ci ildən başlayaraq hər ilin 1 iyun tarixi beynəlxalq səviyyədə uşaqların müdafiəsi günü kimi qeyd olunur.

1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilmişdir. Respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”na qoşulmuş, Ulu Öndərin qanunvericilik təşəbbüsü əsasında bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir.

Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, “Heydər Əilyev Fondu”nun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır.

Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlmişdir.

Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir. Müxtəlif dövlət strukturlarının cəlb olunduğu bu proqramlarda yerli özünüidarəetmə orqanlarının da fəal iştirakı labüddür. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində uşaq hüquqlarının müdafiəsini təmin edən qurumlardan biri kimi də bələdiyyələr nəzərdə tutulur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər.

Bu baxımdan qanunvericilikdə aztəminatlı ailələrdən olan uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı uşaqlara, sağlamlıq imkanları məhdud uşaqlara uşaq hüquqlarının müdafiəsində bir sıra imtiyazlar nəzərdə tutulmuşdur. Belə ki, bu kateqoriyadan olan uşaqlara dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.

Bununla yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqların dövlət və bələdiyyələr tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair məsələlərin tənzimlənməsi qanunvericilikdə əhatəli şəkildə öz əksini tapmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydaları”na əsasən dövlət və bələdiyyə tərəfindən yaradılmış uşaq evləri sosial xidmət müəssisələri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqlar qəbul edilirlər.

 “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən uşaqların müəssisələrə qəbul edilməsi üçün onların valideynlərindən biri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər uşağın yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət edirlər.  Müraciət daxil olduqdan 10 (on) iş günü müddətində yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları və ya bələdiyyə tərəfindən baxılaraq, uşağın müəssisəyə qəbul edilməsi və ya bundan imtina olunması barədə qərar qəbul edilir.

Uşaqların hüquqlarının bərpası məqsədilə müəssisənin təsisçisinə, tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə, aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanına maneəsiz müraciət etmək imkanı təmin edilir və həmin qurumlar tərəfindən müraciətlə əlaqədar araşdırmalar aparılır. Uşağın təhlükəsizliyini təmin etmək üçün onun hüquqlarının pozulması hallarının qeydiyyatı aparılır, onların səbəbləri təhlil olunur və gələcəkdə belə hüquqpozmaların qarşısının alınması üsullarına dair qərar qəbul edilir.

 Eyni zamanda bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində də bələdiyyələr tərəfindən valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi nəzərdə tutulmuşdur.

Hazırkı şəraitdə bir çox bələdiyyələr xüsusi qayğıya ehtiyacı olan, habelə valideyn himayəsindən məhrum olan uşaqların dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə onlara peşə təhsillərinin aşılanmasında, məşğulluğun təmin edilməsində yardımın göstərilməsində aktiv iştirak edirlər. Həmçinin belə kateqoriyadan olan uşaqlar üçün müxtəlif idman yarışları və müsabiqələr təşkil edilir, qalib şəxslər mükafatlandırılır. Eyni zamanda universitetə qəbul zamanı yüksək nəticə göstərən şəxslərə hədiyyələr paylanılır, ehtiyacı olan uşaqlar müxtəlif ləvazimatlarla təmin olunurlar.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü, bütün dünyada olduğu kimi, hər il Azərbaycanda da qeyd edilir. Bu münasibətlə uşaq hüquqlarının səmərəli təmini, müdafiəsi və təbliği üçün onların hərtərəfli inkişafına dəstək olmaq məqsədilə bələdiyyələrin ərazi yurisdiksiyasına aid uşaq evləri sosial xidmət müəssiələrinə baş çəkilməsi, müxtəlif tədbirlərin təşkilinə köməklik göstərilməsi, müsabiqə və yarışlara uşaqların cəlb edilməsi, habelə ehtiyacı olanlara dəstək göstərilməsi tövsiyə olunur.

 

  Bələdiyyələrlə iş mərkəzi

Digər tövsiyələr