Müxtəlif kateqoriya müraciətlərə baxılmasının xüsusiyyətləri və bu zaman qanunla müəyyən edilmiş müddətlərə riayət edilməsinin zəruriliyi barədə
Ölkəmizdə vətəndaş müraciətlərinə baxılması və vətəndaşların qəbulu ilə bağlı görülən sistemli işlər vətəndaş məmnunluğunun və rifahının artırılmasına, dövlət hakimiyyət orqanlarına eyni zamanda yerli özünüidarəetmə orqanlarına əlçatanlığın təmin olunmasına, insanları narahat edən problemlərin tam olaraq aradan qaldırılmasına xidmət edir. Vətəndaş müraciətlərinə baxılan zaman vətəndaş məmnunluğunun ən mühüm təzahürü müraciətlərə təxirəsalınmadan obyektiv baxılaraq zəruri tədbirlər görülməsində, onların problemlərinin həllində yaxından iştirak etməkdə əksini tapır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin demokratik təsisatlarının daha da möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, eyni zamanda cəmiyyətin problemlərini özündə əks etdirən müraciətlərə diqqətin artırılmasına böyük əhəmiyyət verir. Vətəndaşlara qayğı və diqqət gündən-günə artırılır, onların Konstitusion hüquqlarını daha yaxşı təmin etmək üçün ulu öndər Heydər Əliyevin başladığı böyük işlər onun ideyalarını əzmlə həyata keçirən ölkə başçısı tərəfindən uğurla davam etdirilir.
Ölkə başçısı cənab İlham Əliyev hər zaman öz çıxışlarında vətəndaş müraciətlərinə, xüsusən şəhid ailələrinin, müharibə iştirakçılarının müraciətlərinə diqqət və qayğı, həssaslıqla yanaşılmasını bütün yerli və mərkəzi icra hakimiyyəti orqanlarının qarşısında bir vəzifə olaraq qoymuş, bu sahədə qəbul edilmiş qanunvericilik aktlarını, o cümlədən dövlət proqramlarını öz fəalliyyətləri zamanı rəhbər tutmalarının vacibliyini daim diqqətə çatdırmışdır.
Vətəndaş müraciətləri ilə yanaşı, digər qurumlardan, təsisatlardan daxil olmuş müraciətlərə, xüsusi olaraq şəhid ailələri, müharibə iştirakçılarının müraciətlərinə həssaslıqla yanaşılması, həmçinin müxtəlif kateqoriyalı müraciətlərə qanunla müəyyənləşdirilmiş müddətlərdə baxılması və cavab verilməsi Ədliyyə Nazirliyinin daim diqqət mərkəzindədir.
Yerli özünüidarəetmə orqanlarının müəyyən ərazi hüdudları daxilində yerli idarəçiliyi həyata keçirən, yerli əhali ilə sıx təmasda olan təsisat olduğunu nəzərə alaraq bələdiyyələrə vətəndaş müraciətləri ilə yanaşı, digər təşkilat və qurumlardan da müxtəlif kateqoriyalı müraciətlər daxil olur.
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasının müəyyən edilməsi məqsədilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanunun tələblərinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Eyni zamanda sözügedən Qanuna uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Həmçinin adıçəkilən Qanunda vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılması ilə bağlı norma təsbit edilmişdir.
İzah edilir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir vətəndaşın bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciət etmək hüququ vardır.
Məlumat üçün bildirilir ki, ötən dövr ərzində Ədliyyə Nazirliyi tərəfindən “Vətəndaş müraciətlərinə baxılmasına xüsusi diqqət və qayğı ilə yanaşılması” barədə metodik vəsait hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir.
Qeyd edilir ki, bələdiyyələrin fəaliyyətinə inzibat nəzarət həyata keçirilərkən, eyni zamanda onların fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım zamanı bir sıra bələdiyyələr tərəfindən müxtəlif kateqoriyalı müraciətlərə baxılarkən qanunvericiliklə müəyyən edilmiş müddətlərə əməl edilmədiyi müəyyən edilir.
Bələdiyyələr tərəfindən ayrı-ayrı kateqoriya müraciətlərə baxılması ilə bağlı aidiyyəti qanunvericilik aktlarında müəyyən edilmiş müddətlərə riayət olunmalıdır.
Belə ki, hərbi qulluqçular və onların ailə üzvlərinin müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən 15 iş günü ərzində baxılır.
Dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə əsasən 20 iş günü müddətində baxılmalıdır.
Milli Məclisin deputatlarından daxil olan müraciətlərə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin tələblərinə uyğun olaraq 15 iş günündən gec olmayaraq baxılmalıdır.
Həmçinin Azərbaycan Respublikasının “İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 12-ci maddəsinə görə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. Mülahizə 10 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.
Göstərilənləri nəzərə alaraq bələdiyyələrə vətəndaş müraciətlərinə, həmçinin müxtəlif kateqoriyalı müraciətlərə baxılarkən qanunvericiliklə müəyyən olunmuş baxılma müddətlərinin pozuntusuna yol verilməməsi, bu barədə qanunvericiliyin tələblərinə əməl olunması tövsiyə edilir.
Bələdiyyələrlə iş mərkəzi