Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-07-2026 , 17:52

80

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Gördüyümüz hər bir iş bələdiyyənin tarixinə yazıldı

Yarım il öncə Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, ölkə parlamentinin deputatları, dövlət və ictimai orqanlarının, təsərrüfat rəhbərləri və mətbuat nümayəndələri qarşısında  Sumqayıt Bələdiyyəsinin 2025-ci ildə fəaliyyətinin əsas nəticələrinə dair çıxış etmişdim. Xatırlatmaq istərdim ki, hesabatımızda bələdiyyənin 2025-ci ildə fəaliyyəti əsasında icra olunmuş çox saylı layihələr şəhər ərazisinin ehtiyacına cavab vermişdir. Sumqayıt Bələdiyyəsi  2025-ci ildə ölkə bələdiyyələri arasında 1-ci  olmuşdur.  Fəaliyyətimizi təhlil edərək biz 2026-cı il üçün bələdiyyənin əsas hədəflərini müəyyən etmişdik. Artıq yarım il arxada qaldı və bu gün biz hesabat dövründə fəaliyyətimizi qiymətləndirməliyik və bu ilin sonunadək qarşımızda duran vəzifələri müəyyən etməliyik.

Qeyd etmək istərdim ki,  2026-cı ilin  birinci yarısında Azərbaycan Respublikasının ictimai-siyasi həyatında mühüm hadisələr baş vermişdir. Ölkəmizdə iri miqyaslı beynəlxalq forumlar keçirilmişdir.  Artıq Azərbaycan bütün dünyada qlobal dialoq məkanı kimi qəbul olunur.  Bu da onunla bağlıdır ki, ayrı-ayrı mötəbər beynəlxalq təşkilatlar Azərbaycan Respublikasında uzunmüddətli sabitliyi, cəmiyyətin tolerantlığını, möhkəm həmrəylik mühitini və  davamlı inkişafı nəzərə almaqla özlərinin mühüm tədbirlərinin ölkəmizin ev sahibliyi ilə keçirilməsinə üstünlük verirlər.  Eyni zamanda bu proseslər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  beynəlxalq arenada ildən ilə inamla artan nüfuzundan xəbər verir.

Böyük uğurla baş tutan COP29-dan sonra  ölkəmiz daha bir qlobal tədbirə ev sahibliyi  etmişdır. 2026-cı il 17-22 may tarixində Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası  (WUF13) keçirilmişdir. Dünyanın nəzərləri yenidən Azərbaycana yönəldilmiş, müasir dövrdə qlobal şəhərsalma çağırışları ölkəmizdə müzakirə olunmuşdur.  Forumda  şəhərsalma üzrə səslənmiş yeni bilik və baxışlar insanların yaşadıqları məkanlarının yaradılması, qurulması və müasir üslublar əsasında  inkişaf etdirilməsi ilə bağlı tərtib edilmiş  platformanın sabahın şəhərlərinin inkişafında müstəsna rolu olacaqdır.  

Forumun nəticiləri müvafiq ərazilərin inkişafında bələdiyyələrin də qarşılarında keyfiyyətcə yeni vəzifələri ortaya qoyur. Bu baxımdan  Sumqayıt Bələdiyyəsi fəaliyyət proqramlarının tərtib edilməsi zamanı Forumun qarşımıza qoyduğu vəzifələri nəzərə almalıdır. Bu istiqamətdə ilkin addım kimi  Sumqayıt Bələdiyyəsi 2026-cı ildə ərazidə uzlaşdırılmış və şəhərsalma tələblərinə cavab verən layihələrin icrasına başlamışdır.  Bu ilin mart ayında təməli qoyduğmuz layihə əsasında el arasında Yaşıl dərə adlandırılan  Yeni Yaşayış Massivinin ərazisində  3 min kv.metrə yaxın  sahədə  yaşıllıq zonası yaradılmışdır. Ərazidə uşaqlar üçün əyləncə “adaları” təşkil edilmiş, böyüklər üçün isə istirahət guşələri yaradılmışdır. Bununla yanaşı layihə əsasında ətraf ərazidə və yollarda da təmir, yaşıllaşdırma və işıqlandırma işləri aparılmışdır. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yaşıldərə yaşayış massivində yaradılmış istirahət guşəsi 8 may tarixində təntənəli şəkildə sakinlərin istifadəsinə verilmişdir.

Sumqayıt Bələdiyyəsinin qarşısında duran yeni hədəflər bələdiyyənin işinin təşkilində də yeni yanaşmalar tələb edir.  Son bir il ərzində bələdiyyə üzvləri və icra aparatının əməkdaşları üçün müasir işgüzar şərait yaradılmışdır. Lakin bir neçə səbəbdən bələdiyyənin hazırki inzibati binası bizim tələblərimizi təmin etmir.  Bir müddət davam edən  bələdiyyənin yeni məkanda yerləşdirilməsi söhbətləri artıq yekunlaşmışdır. Bələdiyyəmizin yeni ünvanı şəhərimizin bulvarında inşa edilmiş binada olacaqdır. Aldığımız 1700 kv.metr  sahədə layihə və tərtibat işləri aparılmaqdadır. Ümid edirik ki, növbəti toplantılarımızdan biri bələdiyyənin müasir ofisində baş tutacaqdır.

Şəhərimizin mühüm mədəniyyət ocaqlarından biri olan “Muğam və Yaradıcılıq Mərkəzi” 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Sonradan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun Sumqayıt Bələdiyyəsinə göstərdiyi etimad nəticəsində Muğam Mərkəzi bələdiyyənin mülkiyyətinə verilmişdir. Bu münasibətlə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Muğam və Yaradıcılıq Mərkəzində ilk rəsmi tədbir 21 yanvar 2026-cı il tarixində keçirilmiş və həmin gün Sumqayıt Bələdiyyəsinin 2025-ci ilin fəaliyyətinə dair hesabat iclası təşkil olunmuşdur.

Cari ilin ötən dövrü ərzində Mərkəz şəhərin ictimai-mədəni həyatında mühüm rol oynayaraq 15-dən artıq müxtəlif tədbirə ev sahibliyi etmişdir. Burada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş tədbirlər, 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş tədbir, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunmuş proqramlar, eləcə də digər ictimai və mədəni tədbirlər yüksək səviyyədə keçirilmişdir.

 Əldə olunan uğurlarla yanaşı, Sumqayıt Bələdiyyəsi fəaliyyətini şəhərin inkişafına xidmət edən digər mühüm istiqamətlər üzrə də uğurla davam etdirir. Bu istiqamətdə Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə qarşılıqlı etimada və səmərəli əməkdaşlığa əsaslanan birgə fəaliyyət xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək istərdim ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə Sumqayıt Bələdiyyəsi arasında formalaşmış səmərəli əməkdaşlıq şəhərin sosial-iqtisadi inkişafına mühüm töhfə verməkdədir. Şəhərin abadlaşdırılması və quruculuq işlərinin həyata keçirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinə nəzarət, qanunsuz tikililərin və sənədsiz istifadə olunan torpaq sahələrinin aşkarlanması, özbaşına tikililərin və sənədsiz istifadə olunan torpaq sahələrinin aşkarlanması, şəhər ərazisində küçə ticarətinin tənzimlənməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində səkilərdə və piyadaların hərəkətinə maneə yaradan qanunsuz küçə ticarəti halları aradan qaldırılmış, keçidlərin sərbəst və təhlükəsiz istifadəsi təmin edilmişdir. Eyni zamanda, şəhərin estetik görünüşünün qorunması, sanitariya vəziyyətinin yaxşılaşdırılması və ictimai asayişin təmin edilməsi məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər davam etdirilmişdir. Eləcə də digər aktual məsələlərin həlli istiqamətində hər iki qurum arasında qarşılıqlı koordinasiya və tərəfdaşlıq münasibətləri uğurla davam etdirilir. Bu əməkdaşlıq nəticəsində şəhərdə qanunçuluğun təmin edilməsi, abadlıq işlərinin genişləndirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm nəticələr əldə olunmuşdur.

Sumqayıt Bələdiyyəsinin bir uğurlu layihəsi haqqında da məlumatı sizin diqqətinizə təqdim edirəm. Sumqayıt Bələdiyyəsi beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə də xüsusi önəm verir. Hazırda bələdiyyəmiz xarici ölkələrin dörd bələdiyyəsi ilə dostluq və əməkdaşlıq münasibətlərini uğurla davam etdirir. Bildiyiniz kimi Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsində dünyanın bir neçə şəhərləri ilə partnyor əlaqələrin yaranmasında önəmli təcrübə toplanmışdır. Bu yaxınlarda, may ayının 16-dan 22-dək, Türkiyə Respublikasının Samsun Böyük şəhər Bələdiyyəsinin sədri Halit Doğanın dəvəti ilə mənim rəhbərliyim altında bələdiyyənin nümayəndə heyəti qardaş ölkənin Qara dəniz sahilində yerləşən şəhərə səfər etmişdir.       

Nümayəndə heyətinin tərkibində Sumqayıt Bələdiyyəsinin üzvü də iştirak etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti 19 May – Atatürkü Anma, Gənclər və İdman Bayramı münasibətilə keçirilən rəsmi tədbirlərdə iştirak etmiş, eyni zamanda Samsun valisi Orhan Tavlı və Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Halit Doğan tərəfindən qəbul edilmişdir. Görüşlər zamanı mövcud əməkdaşlıq əlaqələrinin inkişafı, yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.   Səfərin proqramı çox maraqlı və məlumatlı idi. Yekunda biz Samsun Valisi Orhan Tavlını və Samsun Böyük şəhər Bələdiyyəsinin sədri Halit Doğanı cari ilin noyabr ayında Sumqayıt şəhərində keçirilməsi nəzərdə tutulmuş “Şəhər Günü” bayram tədbirlərinə dəvət etdik. Ayrıca qeyd etmək istərdim ki, bizim müraciətimizə diqqət göstərən qardaş bələdiyyənin rəhbəri Halit Doğan Seyid Mir Həmzə Nigarinin məzarının ziyarət edilməsi üçün Amasya şəhərinə səfər etməyimizə şərait yaratmışdır. Beynəlxalq əlaqələrin daha da genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsi məqsədilə gələcəkdə təşkil olunacaq rəsmi səfərlərdə də Sumqayıt Bələdiyyəsinin üzvlərinin nümayəndə heyətinin tərkibində təmsil olunmasını məqsədəuyğun hesab edirik. Bu, bələdiyyə üzvlərinin beynəlxalq təcrübə qazanmasına, yerli özünüidarəetmə sahəsində bilik və bacarıqlarının artırılmasına, eləcə də şəhərlərarası əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir.

Yeri gəlmişkən, 2026-cı ilin birinci yarımilliyi ərzində Sumqayıt Bələdiyyəsinin üzvləri qəbul edilən qərarların icrası, şəhərin sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işləri və bələdiyyənin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlərdə yaxından iştirak etmiş, bələdiyyənin fəaliyyətinə göstərdikləri etimada, fəallığa və dəstəyə görə onlara səmimi təşəkkürümüzü bildiririk.

Sumqayıt Bələdiyyəsinin 2026-cı ilə yerli sosial müdafiə , yerli sosial və iqtisadi inkişaf, yerli ekoloji proqramları çərçivəsində çoxsaylı  və şəhər ərazisinin  müxtəlif sahələrini əhatə edən layihələr icra edilmişdir. Bu günki hesabata hazırlaşaraq  biz belə bir qərara gəlmişik ki, yuxarıda qeyd etdiyimiz layihələr haqqında məlumatları sizin diqqətinizə  müavinlərim çatdıracaq. Hesabatın müzakirəsi zamanı səslənəcək və  təqdim ediləcək müraciətləri nəzərə alaraq bələdiyyənin inkişaf proqramlarına daxil edilməsi məsələsinə bələdiyyənin növbəti iclaslarında   baxılacaqdır.  

Bələdiyyənin fəaliyyət proqramının təməli onun yerli büdcəsidir. Sumqayıt Bələdiyyəsinin 2026-cı ilə yerli büdcəsinin gəlirləri və xərcləri 2 milyon 500 min manat səviyyəsində müəyyən edilmişdir. İlin əvvəlindən büdcənin icrası ilə bağlı apardığımız işlər nəticəsində vergi ödəyici bazası genişləndirilmiş və dürüstləşdirilmişdir. Bununla yanaşı vergilərin toplanılması işində informasiya texnologiyaların tətbiq olunmuş, vergilərdən  yayınan fiziki şəxslərlə mübahisələrin hüquqi müstəvidə həlli təmin edilmişdir.  Sadaladığımız amillər bələdiyyə büdcəsinin inkişafının əsas səbəbləri olmuşlar.  Belə ki bu ilin birinci yarısında büdcəyə   1 milyon 640 min manat vəsait daxil olmuşdur. Bu da proqnoz tapşırığından 30 faiz çox deməkdir. Yerli büdcənin mədaxil hissəsinin əsas tədiyyələri - fiziki şəxslərdən torpaq və əmlak vergisi, bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər üzrə proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilmiş və ötən ilin  birinci yarısının nəticələri ilə müqayisədə böyük artım əldə edilmişdir.

2026-cı ilin birinci yarısı geridə qaldı. Gördüyümüz hər bir iş bələdiyyənin tarixinə yazıldı. Lakin ilin proqramını son qədər yerinə yetirmək üçün biz uzun və ağır yol dəf etməliyik.  Hədəflərimiz bəllidir. İli uğurla başa vurmaq üçün başlıca vəzifəmiz yerli büdcənin yerinə yetirilməsindən və vergi tutma bazasının genişləndirilməsindən ibarətdir. Güman edirəm ki, bizim bələdiyyə üzvlərimiz, icra aparatının əməkdaşları bu vəzifələrin öhdəsindən uğurla gələcəklər.

Adil Xudadatov

Sumqayıt bələdiyyəsinin sədri 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər