Qadın liderliyinin humanizm və mərhəmət nümunəsi – Mehriban Əliyeva
Müasir dünyada gender bərabərliyi yalnız qadın və kişilərin hüquq bərabərliyinin təmin olunması deyil, eyni zamanda qadınların cəmiyyətin ictimai, siyasi, sosial, elmi və mədəni həyatında öz potensialını tam şəkildə reallaşdıra bilməsi deməkdir. Azərbaycan qadını tarix boyu ailənin dayağı olmaqla yanaşı, dövlətçilik ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunmasında və cəmiyyətimizin inkişafında mühüm rol oynayıb. Bu gün isə Azərbaycan qadınının fəaliyyət dairəsi daha genişdir – qadınlarımız dövlət idarəçiliyində, elm və təhsildə, mədəniyyətdə, səhiyyədə, sahibkarlıqda və ictimai həyatda fəal mövqe nümayiş etdirirlər. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti müasir Azərbaycan qadınının cəmiyyətdəki yüksək mövqeyinin ən parlaq nümunələrindən biridir.
Mehriban xanımın fəaliyyətində diqqəti cəlb edən ən mühüm xüsusiyyətlərdən biri yüksək dövlətçilik məsuliyyətinin humanizm, mərhəmət və insana qayğı ilə vəhdət təşkil etməsidir. Onun uzun illər ərzində həyata keçirdiyi təşəbbüslərin mərkəzində insan, onun rifahı, təhsili, sağlamlığı, mədəni və mənəvi inkişafı dayanır. Xüsusilə qadınların və qızların təhsil alması, onların elmə və ictimai həyata daha fəal cəlb olunması müasir cəmiyyətin inkişafının mühüm şərtlərindən biridir. Mehriban xanım Əliyeva da beynəlxalq platformalardakı çıxışlarında qadınların təhsil və elmdə iştirakının genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Bu yanaşma gender bərabərliyinin yalnız hüquqi prinsip deyil, cəmiyyətin gələcəyinə qoyulan sərmayə olduğunu göstərir.
Gender bərabərliyindən danışarkən bir mühüm həqiqəti unutmamalıyıq: qadına yaradılan imkan əslində bütövlükdə ailəyə və cəmiyyətə yaradılan imkandır. Təhsilli, özünə inanan, hüquqlarını bilən və qərarların qəbulunda iştirak edən qadın sağlam və güclü cəmiyyətin formalaşmasına böyük töhfə verir. Mehriban xanım Əliyevanın timsalında biz həm də qadın liderliyinin özünəməxsus gücünü görürük. Bu, yalnız vəzifə və səlahiyyətlə ölçülən liderlik deyil. İnsanların probleminə həssas yanaşmaq, qayğıya ehtiyacı olanlara əl uzatmaq, uşaqların, qadınların və həssas sosial qrupların problemlərini diqqətdə saxlamaq da liderliyin mühüm göstəricisidir. Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı humanitar və sosial layihələr də bu yanaşmanın real nəticələrini nümayiş etdirir. Təhsil və səhiyyədən mədəni irsin qorunmasına, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəkdən müxtəlif sosial təşəbbüslərə qədər geniş fəaliyyət istiqamətləri humanizmin konkret əmələ çevrilməsinin nümunəsidir.
Mehriban xanımın şəxsiyyətində Azərbaycan qadınına xas olan mərhəmət və qayğı ilə müasir qadın liderə məxsus iradə, intellekt və təşkilatçılıq qabiliyyəti birləşir. Məhz buna görə onun fəaliyyəti yalnız qadınlarımız üçün deyil, gənc qızlarımız üçün də mühüm örnəkdir: qadın öz milli-mənəvi dəyərlərinə bağlı qalaraq eyni zamanda yüksək təhsil ala, cəmiyyətin həyatında fəal iştirak edə, məsul vəzifələr daşıya və ölkəsinin inkişafına böyük töhfələr verə bilər.
Bu gün gender bərabərliyinin təşviqi istiqamətində qarşımızda duran əsas vəzifələrdən biri də gənc qızlarımızın öz güclərinə inamını artırmaq, onların təhsilinə, peşəkar inkişafına və ictimai fəallığına dəstək olmaqdır. Qadınların qərarların qəbulunda daha fəal iştirakı cəmiyyətin inkişafına yeni baxış, yeni enerji və daha geniş sosial həssaslıq gətirir. Sumqayıt Bələdiyyəsinin Gender Komissiyası olaraq biz də fəaliyyətimizdə qadınların ictimai həyatda iştirakının təşviqinə, onların hüquq və imkanları barədə maarifləndirilməsinə, ailə və cəmiyyət daxilində qarşılıqlı hörmət və bərabərlik prinsiplərinin gücləndirilməsinə xüsusi önəm veririk. Çünki güclü qadın – güclü ailə, güclü ailə isə güclü cəmiyyət deməkdir.
Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Bu əlamətdar gün münasibətilə Mehriban xanımı Sumqayıt Bələdiyyəsinin rəhbərliyi,bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları adından səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və Azərbaycan naminə həyata keçirdiyi çoxşaxəli fəaliyyətində yeni uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycan qadını bundan sonra da öz savadı, iradəsi, mərhəməti və fəaliyyəti ilə ölkəmizin inkişafında mühüm rol oynayacaq. Mehriban xanım Əliyevanın timsalında gördüyümüz qadın liderliyi isə bizə bir daha göstərir ki, güc və humanizm, prinsipiallıq və mərhəmət, liderlik və qadın zərifliyi bir-birini tamamlayan dəyərlərdir.
Nərmin Mehdiyeva
Sumqayıt Bələdiyyəsi sədrinin müavini
Sumqayıt Bələdiyyəsinin Gender Komissiyasının sədri
Rəylər
0 Rəy