Türkiyəli qonaqlar Sumqayıt bələdiyyəsini ziyarət ediblər
Ankara şəhərinin Keçiören Bələdiyyəsinin sədri Mesut
Özarslanın rəhbərlik etdiyi geniş nümayəndə heyəti Sumqayıt şəhərinə rəsmi səfər
edib.
Nümayəndə heyətinin tərkibində Azərbaycan Şəhər Bələdiyyələrinin
Milli Assosiasiyasının sədri, eyni zamanda Nərimanov Bələdiyyəsinin sədri Təmraz
Tağıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Sumqayıt Bələdiyyəsinin inzibati binasında keçirilən görüşdə
yerli özünüidarəetmə sahəsində həyata keçirilən layihələr, şəhərin
sosial-iqtisadi inkişafına yönəlmiş təşəbbüslər, bələdiyyələr arasında əməkdaşlıq
imkanları və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə
olunub.
Qeyd edilib ki, Keçiören Bələdiyyəsinin nümayəndə heyətinin
Azərbaycana səfəri qardaşlaşmış bələdiyyələr arasında əməkdaşlığın inkişaf
etdirilməsi məqsədi daşıyır. Səfər proqramına Sumqayıt, Binəqədi, Nizami,
Şamaxı, Yevlax və Tovuz bələdiyyələri daxildir. Bu səfərlər çərçivəsində nümayəndə
heyətini Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz
Tağıyev müşayiət edir.
Vurğulanıb ki, nümayəndə heyəti Sumqayıt şəhərinə gəlməzdən əvvəl
şəhər və Sumqayıt Bələdiyyəsinin fəaliyyəti ilə bağlı geniş məlumat əldə edib.
Bu seçim Sumqayıt Bələdiyyəsinin son illər yerli özünüidarəetmə sahəsində həyata
keçirdiyi uğurlu fəaliyyətə və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəyə
göstərilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilib.
Görüş zamanı Keçiören Bələdiyyəsinin başqanı Mesut Özarslan
Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatovu qardaş Keçiören Bələdiyyəsinə rəsmi
səfərə dəvət edib. Tərəflər qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və
birgə layihələrin gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə
verəcəyini bildiriblər.
Səfərin sonunda tərəflər xatirə hədiyyələri təqdim edib,qarşılıqlı ehtiram və dostluq münasibətlərinin rəmzi olaraq xatirə şəkli çəkdiriblər.
Sumqayıt bələdiyyəsı
Rəylər
0 Rəy