Habil Həmidov: “Üzləşdiyimiz problemlər öz həllini taparsa….”
İnzibati ərazi daxilində yerləşən və vətəndaşlara məxsus təsərrüfatların böyük bir qisminin müvafiq sənədlərinin olmaması nəticə etibarilə bələdiyyənin büdcə gəlirlərinə ciddi təsir göstərir. Bu gün Binə qəsəbəsindəki əmlakların 82 faizinin çıxarışı yoxdur. Vergi xidmətinin hesablamalarına görə, qəsəbədəki bütün əmlakların çıxarışı olsaydı, bələdiyyənin büdcə gəlirləri indikindən beş dəfə çox ola bilərdi.
Bu fikirləri Belediyye.info-ya Xəzər rayonu Binə Bələdiyyəsinin
sədri Habil Həmidov bildirib.
Sədr qeyd edib ki, keçmiş sovxoz dövründə vətəndaşlara verilən
torpaq sahələrinin heç birinin bu gün müvafiq sənədi yoxdur. Bununla yanaşı,
indiyədək yerli vergilər üzrə tətbiq olunan tarif və dərəcələrin artırılmaması
da bələdiyyələrin büdcə gəlirlərinə mənfi təsir göstərir.
Onun sözlərinə görə, son 25 il ərzində inflyasiya səbəbindən
müxtəlif sahələrdə, o cümlədən kommunal xidmətlər üzrə tariflər dəfələrlə
artırılsa da, bələdiyyələrə aid vergi və rüsumların məbləğində heç bir dəyişiklik
edilməməsi təəssüf doğurur. İldə bir dəfə ödənilən yerli vergi və rüsumların məbləğinin
artırılması, nəticə etibarilə, bələdiyyələrin vəsait imkanlarını genişləndirməklə
yanaşı, vətəndaşların qarşılaşdıqları problemlərin həllinə də müsbət təsir göstərə
bilər.
Məsələyə konkret nümunə ilə aydınlıq gətirən sədr bildirib
ki, 10 sot torpaq sahəsinə görə cəmi 6 manat torpaq vergisi ödənilir. Halbuki həmin
ərazidə bu gün 3-4 ev tikilir və onların heç birinin müvafiq sənədi yoxdur. Nəticədə
bələdiyyə həmin ərazidən minimum 100 manata yaxın əmlak vergisi toplamaq
imkanından məhrum olur və cəmi 6 manat torpaq vergisi ilə kifayətlənməli olur.
Vergi xidmətinin fəaliyyəti nəticəsində Binə Bələdiyyəsinin
topladığı vergilərin həcmində müəyyən artım qeydə alınıb. Belə ki, ötən ilin
ilk doqquz ayında 114 982 manat təşkil edən vergi daxilolmaları cari ilin eyni
dövründə 118 407 manata çatıb. Bu isə 3 faiz artım deməkdir. Büdcə gəlirlərində
artımın olması müsbət haldır. Lakin ümumi artım göstəricisinin cəmi 3 faiz
olması bizi qane etmir.
Habil Həmidov bələdiyyənin üzləşdiyi digər problemlərə də
toxunub. O bildirib ki, xəritələrin təqdim edilməməsi, Binə Bələdiyyəsinin
inzibati ərazisinə daxil olan torpaq sahələrinin konkret müəyyənləşdirilməməsi,
eləcə də Sabunçu və Suraxanı rayonları ilə inzibati ərazi sərhədlərinin hələ də
dəqiqləşdirilməməsi mövcud çətinliklərin miqyasını daha da artırır.
Hazırda vergi xidməti Bələdiyyələrin Vahid İnformasiya Sisteminin yaratdığı imkanlardan maksimum yararlanmağa çalışır. Lakin sadalanan problemlər öz həllini taparsa, bələdiyyənin büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artması və yerli əhəmiyyətli məsələlərin həlli üçün daha geniş maliyyə imkanlarının yaranması mümkün olacaq.
Belediyye.info
Rəylər
0 Rəy