Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-10-2026 , 17:27

95

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Fatma Şahin, Azərbaycanın daxili işlərinə müdaxilə etməyin!”


Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Türkiyə Bələdiyyələr Birliyinin sədri Fatma Şahinin son günlər iki qardaş ölkə arasında yaranmış gərginlik fonunda səsləndirdiyi fikirlərə münasibət bildirib.

Təmraz Tağıyev müraciətində Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu vurğulayaraq Fatma Şahini Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb. Müraciəti təqdim edirik:

“Məlumat üçün bildirim ki, xanım Fatma Şahin uzun müddətdir Türkiyə Bələdiyyələr Birliyinin sədri kimi fəaliyyət göstərir və bələdiyyə başçıları arasında tanınan şəxslərdəndir. Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri kimi biz Türkiyədə keçirilən müxtəlif məzmunlu toplantılarda tez-tez bir araya gəlirik. Həmin görüşlərdə çıxışlarımın əsas qayəsini hər zaman Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı — “Bir millət, iki dövlət!” təşkil edib.

Xanım Fatma Şahin də həmişə Azərbaycanın yanında olduğunu bildirib, ölkəmizi qardaş ölkə adlandırıb. Mənə də dəfələrlə deyib: “Siz mənim qardaşımsınız”.

Lakin dünən baş verən məlum hadisələr zamanı onun mövqeyini eşidəndə çox təəssüfləndim.

Xanım Fatma Şahin, bilirsiniz ki, Türkiyədə tez-tez oluram. Yaxınlarda da Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin toplantısında iştirak etmək üçün getdiyim İstanbuldan qayıtmışam. TDBB-nin İdarə Heyətinin hər bir toplantısına dəvət alıram. Bu görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərindən, xalqlarımız arasında mövcud olan sarsılmaz qardaşlıq əlaqələrindən hər zaman söhbət açılır.

Ancaq xanım Fatma Şahinə ölkəmizlə bağlı son çıxışına görə demək istəyirəm: “Fatma xanım, xahiş edirəm, Azərbaycanın daxili işlərinə qarışmayın!”

Sizin ölkənizin qazandığı uğurlarla yanaşı, həllini gözləyən kifayət qədər problemləri də var. Bu problemlər az deyil. Sizə ilk növbədə öz ölkənizin problemlərinin həlli ilə məşğul olmağı tövsiyə edirəm. Həmin problemlər barədə məlumatlı olduğunuz üçün onları burada sadalamağa ehtiyac görmürəm.

Əlavə olaraq qeyd edim ki, iki ay əvvəl Keçiören bələdiyyəsindən 15 nəfərlik nümayəndə heyəti ölkəmizə qonaq gəlmişdi. Bələdiyyə sədri və nümayəndə heyətinin üzvləri Azərbaycanın bir sıra şəhər və rayonlarında oldular. Onların ölkəmizlə bağlı təəssüratlarını sizinlə bölüşmək istəyirəm.

Nümayəndə heyətinin üzvlərindən biri heyrətini gizlədə bilməyərək belə demişdi: “İlahi, belə bir məmləkət olarmı?! Hər tərəf necə də işıqlı, necə də gözəldir!”

Onlar kəndlərimiz, rayonlarımız və şəhərlərimizlə yaxından tanış oldular, ölkəmizin hər yerində abadlıq, quruculuq və inkişafın bilavasitə şahidi oldular.

Ona görə də, Fatma xanım, sizə bir daha müraciət edirəm: Öz ölkənizin problemləri ilə məşğul olun, Azərbaycanın daxili işlərinə müdaxilə etməyin!

Mən bu sözləri şəxsən öz adımdan deyir və mövqeyimi açıq şəkildə ifadə edirəm.

Biz öz yolumuzla inamla irəliləyirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmiz üçün hansı qərarı nə zaman verməli olduğunu çox yaxşı bilir.

Azərbaycanın daxili siyasəti Azərbaycanın öz işidir. Biz dövlətimizin müstəqil siyasətinə və rəhbərliyimizin qərarlarına güvənirik.

Fatma xanım, bir daha deyirəm: Azərbaycanın daxili işlərinə qarışmayın!

P.S. Belə başa düşürəm ki, inşallah, yaxın zamanda Antalyada keçiriləcək mötəbər tədbirdə görüşmək imkanımız olacaq. Həmin görüşdə sizi baş örtüyündə, hicablı görmək istərdim”.







Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər