Rizvan Rəhimov: “Bu gün kollektivin hər bir üzvü büdcə daxilolmalarının artmasına öz töhfəsini verməyə çalışır”
Səmərəli yerli özünüidarəetmənin qurulması və sakinlərin sosial-iqtisadi problemlərinin həlli bələdiyyələrin maliyyə imkanlarından birbaşa asılıdır. Bu imkanların genişləndirilməsində şəffaf, dəqiq və müasir vergi-uçot sisteminin mühüm rolu var. Bələdiyyənin inkişafı, ilk növbədə, vergi-uçot sisteminin hansı səviyyədə qurulmasından asılıdır.
Bu fikirləri Belediyye.infoya müsahibəsində Xəzər rayonu Şüvəlan
bələdiyyəsinin Vergi xidmətinin rəhbəri Rizvan Rəhimov bildirib.
Rizvan Rəhimovun sözlərinə görə, bələdiyyədə müasir rəqəmsal
prinsiplərə əsaslanan vergi-uçot sisteminin qurulması və Bələdiyyələrin Vahid
İnformasiya Sisteminin imkanlarından səmərəli istifadə edilməsi büdcə
daxilolmalarının artmasına müsbət təsir göstərib. Bunun nəticəsi olaraq,
2026-cı ilin ilk doqquz ayında Şüvəlan bələdiyyəsinin büdcə gəlirləri ötən ilin
müvafiq dövrü ilə müqayisədə 68.8 faiz artıb.
Belə ki, cari ilin ilk doqquz ayında bələdiyyənin büdcə
daxilolmalarının ümumi həcmi 226.920 manat təşkil edib. Müqayisə üçün qeyd edək
ki, bu göstərici 2025-ci ilin eyni dövründə 128.968 manat, 2024-cü ilin ilk
doqquz ayında isə 124.848 manat olub.
2026-cı ilin yanvar-sentyabr aylarında büdcəyə daxil olan vəsaitin
167.555 manatı əmlak vergisinin, 61.405 manatı isə torpaq vergisinin payına
düşüb.
2025-ci ilin müvafiq dövründə əmlak vergisi üzrə
daxilolmalar 94.831 manat, torpaq vergisi üzrə daxilolmalar isə 34.127 manat təşkil
edib. 2024-cü ilin ilk doqquz ayında bu göstəricilər müvafiq olaraq 92.327
manat və 28 .520 manat olub.
Rəqəmlərdən də göründüyü kimi, 2026-cı ilin ilk doqquz
ayında əmlak vergisi üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 76,7
faiz, torpaq vergisi üzrə daxilolmalar isə 79 faiz artıb.
Rizvan Rəhimov bildirib ki, cari ilin sonunadək əsas hədəflərdən
biri büdcə daxilolmalarını 300 min manat həddindən yuxarı çatdırmaqdır:
“Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanovun qətiyyətli
və sistemli fəaliyyəti sayəsində bu hədəfə nail olacağımıza inanırıq. Bu gün
kollektivin hər bir üzvü büdcə daxilolmalarının artmasına öz töhfəsini verməyə
çalışır. Əsas məqsədimiz mövcud imkanlardan səmərəli istifadə etmək, vergi
daxilolmalarının artırılmasına nail olmaq və bələdiyyənin maliyyə potensialını
daha da gücləndirməkdir”.
Vergi xidmətinin rəhbəri qeyd edib ki, torpaq və əmlak
vergilərinin dəqiq uçotunun aparılması yerli büdcə daxilolmalarının
artırılmasına, eləcə də bələdiyyənin maliyyə müstəqilliyinin möhkəmləndirilməsinə
şərait yaradır. Eyni zamanda, vergi vəsaitlərinin təyinatı üzrə xərclənməsi barədə
sakinlərin mütəmadi məlumatlandırılması bələdiyyəyə ictimai etimadı artırır və
vergiödəmə mədəniyyətinin formalaşmasına müsbət təsir göstərir.
Onun sözlərinə görə, güclü vergi-uçot sistemi yalnız bələdiyyənin
maliyyə imkanlarının genişlənməsinə deyil, həm də sakinlərə göstərilən xidmətlərin
keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Beləliklə, müasir rəqəmsal həllərin tətbiqi, vergi uçotunun düzgün təşkili və kollektivin birgə fəaliyyəti Şüvəlan bələdiyyəsinin büdcə gəlirlərinin artırılmasında mühüm rol oynayır.
Belediyye.info
Rəylər
0 Rəy