Nərmin Mehdiyeva: “Son iki ildə Sumqayıt bələdiyyəsinin vergi xidmətində tətbiq edilən yeniliklər büdcə gəlirlərini artırmağa yönəlib”
Bununla bağlı son iki ildə Sumqayıt Bələdiyyəsi tərəfindən yerli büdcə gəlirlərinin artırılması və bələdiyyə mülkiyyətindən istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi məqsədilə icarə münasibətlərinin tənzimlənməsində yeni yanaşma tətbiq edilib. Əsas yeniliklərdən biri icarə müqavilələrinin bağlanmasında qısamüddətlilik prinsipinə üstünlük verilməsidir. Belə ki, əvvəlki illərdə uzun müddətə və aşağı icarə haqları ilə bağlanmış müqavilələr iqtisadi şəraitin dəyişməsi, inflyasiya və bazar qiymətlərinin artması fonunda bələdiyyənin maliyyə maraqlarına uyğun gəlmir. Uzunmüddətli müqavilələrdə icarə haqlarının illərlə dəyişməz qalması bələdiyyə mülkiyyətinin real iqtisadi dəyərindən aşağı qiymətlərlə istifadəsinə və nəticə etibarilə yerli büdcənin potensial gəlirlərinin məhdudlaşmasına səbəb olur.
Belediyye.infoya açıqlamasında Sumqayıt bələdiyyəsinin sədr müavini
Nərmin Mehdiyeva daha sonra deyib ki, məhz
bu amillər nəzərə alınaraq yeni icarə müqavilələrinin bağlanmasında daha qısa
müddətlərə üstünlük verilir. Bu yanaşma müqavilə müddəti başa çatdıqdan sonra
mövcud iqtisadi şəraitə, qüvvədə olan tariflərə və bazar qiymətlərinə uyğun
yeni icarə şərtlərinin müəyyənləşdirilməsinə imkan yaradır. Eyni zamanda, əvvəlki
illərdə bağlanmış aşağı qiymətli icarə müqavilələrinin təhlili aparılır,
onların müddətləri və hüquqi şərtləri nəzərdən keçirilir. Müqavilələrin yenilənməsi
və icarə haqlarına yenidən baxılması qanunvericiliyin tələbləri çərçivəsində həyata
keçirilir.
Bizim əsas prinsipimiz ondan ibarətdir ki, bələdiyyə mülkiyyəti
uzun illər ərzində iqtisadi reallıqlara uyğun olmayan qiymətlərlə istifadədə
saxlanılmamalıdır. Bələdiyyə torpaqlarından və digər əmlakından istifadə həm
qanunvericiliyin tələblərinə, həm də yerli büdcənin iqtisadi maraqlarına uyğun
təşkil edilməlidir. Bu yanaşma bələdiyyə mülkiyyətinin idarə olunmasında maliyyə
itkilərinin qarşısının alınmasına, icarə gəlirlərinin artırılmasına və yerli
büdcənin dayanıqlı gəlir mənbələrinin formalaşdırılmasına xidmət edir.
Digər mühüm yenilik isə bələdiyyə xidmətlərinin rəqəmsallaşdırılması
istiqamətində atılan addımlardır. Artıq bir aya yaxındır ki, “e-bələdiyyə”
elektron platforması istifadəyə verilib. Sumqayıt Bələdiyyəsi olaraq bu
platformadan istifadənin genişləndirilməsi məqsədilə rəsmi sosial şəbəkə
hesablarımız vasitəsilə vətəndaşlar arasında mütəmadi məlumatlandırma və
maarifləndirmə işləri aparırıq. Vətəndaşları elektron platformanın
imkanlarından yararlanmağa, öz vergi borcları, tədiyə bildirişləri və şəxsi
hesabları barədə məlumatları elektron qaydada əldə etməyə təşviq edirik. “e-bələdiyyə”
platformasının istifadəyə verilməsi Sumqayıt Bələdiyyəsinin inzibati ərazi
hüdudları daxilində vergi ödəyicilərinin öz vergi öhdəlikləri və şəxsi hesab məlumatlarına
birbaşa çıxış imkanlarını genişləndirir. Bu isə vətəndaşların bələdiyyəyə
fiziki müraciət etmədən zəruri məlumatları əldə etməsinə, vaxt itkisinin
azaldılmasına və xidmətlərin daha operativ təşkilinə şərait yaradır.
Sədr müavini qeyd edib ki, göründüyü kimi, son iki ildə Sumqayıt
bələdiyyəsinin vergi xidmətində tətbiq edilən yeniliklər büdcə gəlirlərini artırmağa
yönəlib.
Belediyye.info
Rəylər
0 Rəy