Tahir Mirkişili: “Millət vəkilləri ilə bələdiyyələr arasında əməkdaşlığın ən yaxşı nümunələrindən birini Sumqayıtda görmək mümkündür”
“Ölkəmizdə regional inkişafda yerli özünüidarəetmənin rolunu artırmalıyıq”.
Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin təşkil
etdiyi “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional
inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda
keçirilən konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin sədri Tahir Mirkişili səsləndirib.
Azərbaycanın unitar dövlət olduğunu və qərarların böyük hissəsinin
mərkəzi səviyyədə qəbul edildiyini vurğulayan Tahir Mirkişili bildirib ki, ölkəmizdə
mərkəzləşdirilmiş idarəetmə sisteminin mövcudluğu tamamilə təbiidir. Bununla
belə, mərkəzi idarəetmənin səmərəliliyi qəbul edilən qərarların yerlərdə nə dərəcədə
keyfiyyətlə icra olunmasından da asılıdır.
Komitə sədri hesab edir ki, problemləri daha yaxından
tanıyan yerli strukturlarla mərkəzi idarəetmə orqanları arasında
koordinasiyanın gücləndirilməsi bu gün qarşıda duran əsas məsələlərdən biridir.
Deputat qeyd edib:
“Düşünürəm ki, bu sahədə bələdiyyələrin üzərinə də mühüm vəzifələr
düşür. Yerli idarəetmədən danışarkən, əlbəttə ki, bələdiyyələri də nəzərdə
tuturuq.
Bələdiyyələrin fəaliyyətində insanlara xidmət göstərməklə
yanaşı, maarifləndirmənin və şəffaflığın artırılması da mühüm əhəmiyyət
daşıyır.
Biz də millət vəkilləri olaraq insanlarla görüşür, onların
müraciətlərini dinləyirik. Vətəndaşlar bir çox məsələlərlə bağlı bizə müraciət
edirlər və biz də zəruri hallarda bələdiyyələrlə əlaqə saxlayırıq.
Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, bugünkü tədbirdə
Sumqayıt Bələdiyyəsinin sədri də iştirak edir. Hesab edirəm ki, millət vəkilləri
ilə bələdiyyələr arasında əməkdaşlığın ən yaxşı nümunələrindən birini
Sumqayıtda görmək mümkündür. Hətta bir çox vətəndaş qəbullarımızda bələdiyyə
nümayəndələri də iştirak edirlər.
İnanıram ki, aramızda səmərəli əməkdaşlıq modeli formalaşıb
və bu imkanlardan daha geniş istifadə etmək lazımdır”.
Belediyye.info
P.S. Sumqayıt bələdiyyəsinin sədri də konfransda iştirak edib. Şəkildə ortada Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatovdur.
Rəylər
0 Rəy