Məlum olduğu kimi Azərbaycan Respublikasında yerli özünüidarəetmə qanunvericiliyin tələblərinə əsasən vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqan olan bələdiyyələr və ya vətəndaşların yığıncaqları vasitəsilə həyata keçirirlər.
Bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.
“Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikasının Qanununda bələdiyyə üzvlərinin hüquq və vəzifələri müəyyən edilmişdir. Belə ki, Qanunun tələblərinə əsasən bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək, bələdiyyənin iclaslarında müzakirə üçün qərar layihələrini hazırlamaq, sorğu vermək və s. bələdiyyə üzvünün hüquqları kimi təsbit edilmişdir. Eyni zamanda bələdiyyə üzvlərinin 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verməsi, daimi yaşamaq üçün bələdiyyənin hüdudlarından kənara köçdükdə və ya başqa səbəblərdən öz bələdiyyə ərazisində bələdiyyə üzvlüyü vəzifələrini yerinə yetirə bilmədikdə bələdiyyə üzvlüyü səlahiyyətlərini öhdəsindən götürməsi haqqında bələdiyyəyə ərizə verməsi kimi vəzifələrini qeyd etmək olar.
Qeyd olunmalıdır ki, bələdiyyə üzvü öz fəaliyyətini qanunla müəyyən olunmuş səlahiyyətlər çərçivəsində peşəkarlıqla həyata keçirməyə və yerli özünüidarə orqanının fəaliyyətində fəal iştirak etməyə borcludur. O, intizamlı davranışı və peşəkar fəaliyyəti ilə yerli özünüidarə orqanlarına inamı artırmalı və möhkəmləndirməlidir. Bələdiyyə üzvü cəmiyyətin, bələdiyyənin və dövlətin maraqları uğrunda öz vəzifələrini səmərəli yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
“Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə üzvünün bələdiyyədə fəaliyyəti ilə əlaqədar intizam məsuliyyətinin əsasları müəyyən edilmişdir. Bu Qanunun tələblərinə əsasən bələdiyyə üzvü bələdiyyənin iclaslarına mane olduqda, bələdiyyənin və onun komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətinə xələl gətirən kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, başqalarını bu cür hərəkətlər etməyə çağırdıqda, bələdiyyənin nizamnaməsində göstərilən müddətlərdə bələdiyyənin və onun daimi və başqa komissiyalarının iclaslarında üzrsüz səbəbə görə iştirak etmədikdə, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində intizam tədbirləri tətbiq edilir.
Həmin Qanunun 15-ci maddəsinə əsasən bələdiyyə üzvləri barəsində xəbardarlıq, söz kəsmə, iclas zalından çıxarma, töhmət və bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi kimi intizam tədbirləri tətbiq olunur.
Bu tədbirlərin tətbiq edilməsi qaydası 15 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Bələdiyyənin nümunəvi nizamnaməsi” ilə tənzimlənir və Nizamnamənin yeddinci hissəsində bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyətinin əsasları müəyyən edilmişdir. Qeyd edilən müddəaya əsasən bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri öz fəaliyyətlərinə və qəbul etdikləri qərarlara, hüquqazidd hərəkətlərinə (hərəkətsizliyinə) görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bu baxımdan Nizamnamədə intizam məsuliyyətinin tətbiqi prosedurunun əsas elementlərinin tam tənzimləməsi zəruridir. Ədliyyə Nazirliyi tərəfindən davamlı olaraq yerli özünüidarəetmə orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunması, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə mütəmadi olaraq korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hüquqi maarifləndirmə işləri aparılır.
İzah olunur ki, bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi, həmçinin səlahiyyətlərinə xitam verilməsi qaydaları aşağıdakılardır:
1) barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;
2) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
3) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
4) vəfat etdikdə;
5) məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.
Həmçinin bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqda xitam verilir. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi isə aşağıdakı əsaslarla müəyyən edilmişdir.
1) bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;
2) öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
3) bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
4) qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;
5) altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;
6) ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə.
Göstərilən hallarda bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi, həmçinin səlahiyyətlərinə xitam verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 144-cü və 145-ci maddələrinə müvafiq surətdə bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir.
Qeyd olunanlarla yanaşı “Bələdiyyə üzvünün etik davranışı haqqında” Azərbaycan Respublikasının Qanununda etik davranış qaydalarının pozulması da intizam məsuliyyətinə cəlb edilmənin əsası kimi müəyyən edilmişdir. Belə ki, etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü barəsində xəbərdarlıq və töhmət növündə intizam tədbirləri pozuntu aşkar edildiyi gündən 30 gün müddətində tətbiq edilə bilər. Bu zaman bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilirlər. Eyni zamanda korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan ibarətdir.
Bələdiyyə üzvləri qanunvericilikdə əksini tapan hüquqpozmaları törətdikdə korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Həmin seçki komissiyası isə bu barədə materiallar ona daxil olduğu gündən beş gün ərzində şəxsin yol verdiyi hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir. Hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, bələdiyyə üzvü qeyd olunan hala riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb olunur.
Təhlillər göstərir ki, bələdiyyə üzvləri fəaliyyətləri zamanı bir çox hallarda intizam məsuliyyətinin yaranmasına əsas olan nöqsanlara yol versələr də, onlar barəsində qanunvericiliklə müəyyən olunmuş intizam tədbirləri görülmür. Bu isə fəaliyyətin təşkilində digər nöqsanların yaranmasını labüd edir.
Göstərilənlərə əsasən nizam-intizama riayət edilməsinin, kefiyyətli iş şəraitinin təmini, həmçinin vəzifələrin layiqincə icra olunmasının təmini məqsədilə bələdiyyələrdə baş vermiş pozuntuların aradan qaldırılması üçün məsuliyyət tədbirlərinin də tətbiqi ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi