Bütün bələdiyyələrə
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin
73-cü maddəsinin 1-ci
hissəsinin və 75-ci maddəsinin
2-ci hissəsinin Azərbaycan
Respublikası Mülki Məcəlləsinin
719.1 və 719.4-cü
maddələri ilə əlaqəli şəkildə
şərh edilməsinə dair Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun Qərarı barədə
Məlum olduğu kimi, torpaq sahələri ilə bağlı münasibətlərin tənzimlənməsi
torpaq qanunvericiliyində təsbit olunmuş qaydada həyata keçirilir.
Torpaq icarə müqaviləsinin ləğvi ilə bağlı qanunvericilikdə tətbiq
edilən müddəalarda bir sıra fikir ayrılıqları yaranmışdır ki, bu da mübahisə
predmetinə çevrilmişdir. Bu baxımdan Bakı
Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
müraciət edərək Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin
1-ci hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini
xahiş etmişdir.
Mübahisə
predmeti ondan qaynaqlanır ki, “Kapitol” firması ilə Bakı Şəhər İcra
Hakimiyyəti arasında 30 dekabr 2002-ci il və 3 avqust 2004-cü il tarixli
torpağın icarəyə verilməsi ilə bağlı 49 illik müqavilələr bağlanmışdır.
Həmin
torpaq sahələrində yaşayış binaları inşa edilmiş və Dövlət Qəbul Komissiyasının
“Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında” aktlarına
əsasən istismara qəbul edilmişlər. Bu aktlar Bakı Şəhər İcra Hakimiyyəti
başçısının sərəncamları ilə təsdiq edilmişdir.
Bundan
sonra “Kapitol” firması Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək,
sözügedən müqavilələrə xitam verilməsini xahiş etmiş, lakin həmin müraciətlərə
müsbət cavab verilməmişdir.
“Kapitol”
firması Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət
edərək, qeyd olunan müqavilələrə xitam verilməsi barədə qətnamə qəbul
edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni
onunla əsaslandırmışdır ki, Torpaq Məcəlləsində torpaq icarəsi müqaviləsinin ləğv
edilməsi qaydası nəzərdə tutulmamışdır. Lakin həmin Məcəllənin 48-ci maddəsinin
1-ci hissəsində göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində
hüquqları həmin hüquqların bu Məcəllə, Mülki Məcəllə, digər normativ-hüquqi
aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə
görə fərqlənir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun
15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi,
uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının
qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata
keçirilir. Beləliklə, sadalanan qanunvericilik normalarının tələblərinə görə,
torpaq icarəsi müqaviləsinin ləğv edilməsi yalnız Mülki Məcəllədə nəzərdə
tutulmuş qaydada aparılmalıdır. Bununla da məhkəmənin gəldiyi nəticə ondan ibarət
olmuşdur ki, iddia tələbinə münasibətdə Mülki Məcəllənin normaları tətbiq
olunmalıdır.
Bundan sonra həmin qətnamədən apellyasiya şikayəti
verilmişdir.
Bakı
Apellyasiya Məhkəməsi isə belə qənaətə gəlmişdir ki, Torpaq Məcəlləsinin 73-cü
maddəsinin 1-ci hissəsində torpaq sahəsi və ya onun bir hissəsi üzərində
mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi əsasları göstərilmiş
və həmin əsaslardan biri kimi torpaq sahəsindən könüllü imtina müəyyən
edilmişdir.
Torpaq
Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki,
qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində
mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra
hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən,
torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir
hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş
verir.
Mülki
Məcəllənin 719.1-ci maddəsinə görə isə torpaq icarəsi müqaviləsi üzrə hüquq
münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.
Mülki
Məcəllənin 719.4-cü maddəsində göstərilmişdir ki, icarə müqaviləsi 30 ildən çox
müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra
müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə
minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər.
Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa,
ləğvetməyə yol verilmir.
Torpaq
Məcəlləsinin qeyd olunan müddəalarında icarəçinin torpaq sahəsindən imtina
hüququ nəzərdə tutulmuş və bu hüququn realizə edilməsi hər hansı müddətlə
məhdudlaşdırılmamışdır. Mülki Məcəllədə isə torpaq sahəsinin icarəçisinin
belə bir hüququ nəzərdə tutulmamış, eyni zamanda 30 ildən çox müddətə bağlanmış
icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi üçün ən azı 30 il müddətin
keçməsi şərti müəyyən edilmişdir.
Bununla
yanaşı Azərbaycan Respublikası Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən ailə,
əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi,
müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək,
torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı
qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə
tənzimlənir.
“Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə görə, Mülki Məcəllə mülki
hüquq normalarını əks etdirən digər Məcəllə və qanunlarla ziddiyyət təşkil
etdikdə Mülki Məcəllə tətbiq edilir.
Yanaşmalardan
birinə görə, qeyd olunan maddələrin tələblərinə müvafiq olaraq torpaq sahəsinin
icarəsi müqaviləsinə xitam verilməsi ilə bağlı mübahisələrə Torpaq Məcəlləsinin
müddəaları tətbiq olunmalıdır.
Digər
mövqeyə əsasən isə torpaq sahəsinin icarəsi müqaviləsinə xitam verilməsi ilə
bağlı məsələləri tənzimləyən Mülki Məcəllə və Torpaq Məcəlləsinin müddəaları
arasında ziddiyyət mövcuddur və ona görə də, həmin mübahisələrə Mülki
Məcəllənin müddəaları tətbiq olunmalıdır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu qeyd
olunan mübahisəli məsələlərlə bağlı 16.06.2023-cü il tarixdə Qərar qəbul etmişdir.
Qərarda
yuxarıda qeyd olunan məsələlərlə bağlı ümumi şərhlər verilmiş və nəticəyə
gəlinmişdir (Konstitusiya Məhkəməsinin
Plenum Qərarı ilə ətraflı Konstitusiya Məhkəməsinin saytında tanış ola
bilərsiniz). Belə ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi
birmənalı şəkildə, icarə hüququ da daxil olmaqla, torpaq üzərindəki bütün
sahiblik və istifadə hüquqlarının xitamı qaydalarına dair Torpaq Məcəlləsinin
normalarının Mülki Məcəllənin müvafiq normalarına münasibətdə üstün hüquqi
qüvvəyə malik olmasını təsbit edir. Eyni zamanda Mülki Məcəllənin özündə də, göstərilənin
əksini bildirən norma təsbit olunmamışdır. Həmin Məcəllənin 2.3-cü maddəsində
isə eyni qaydada qeyd olunan münasibətlərin tənzimlənməsində üstünlüyü torpaq
qanunvericiliyinə vermişdir.
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi Plenumu hesab edir ki, Torpaq
Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və
Mülki Məcəllənin 719.1 və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi
üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında
mövcud olan kolliziya bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
göstərilən hüquqi mövqelərə uyğun olaraq Torpaq Məcəlləsinin 75-ci maddəsinin
6-cı hissəsi (torpaq üzərində hüquqlara
xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Mülki Məcəllə ilə
müəyyən edilir) tətbiq edilməklə həll olunmalıdır.
Göstərilənlərə əsasən Torpaq Məcəlləsi ilə Mülki Məcəllənin
maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya
Məhkəməsi Plenumunun Qərarı ilə tanış olmağınız və gələcək fəaliyyətinizdə nəzərə
almağınız tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi