Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
10-05-2023, 08:38

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən bələdiyyələrin vəzifəli şəxslərinin inzibati xəta tərkibini yaradan hərəkət və ya hərəkətsizlikləri barədə

Bələdiyyələrin, onların vəzifəli şəxslərinin fəaliyyətində qanunçuluğun təmin olunması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodiki köməklik göstərilməsi,              o cümlədən hüquqi maarifləndirmə işi daim diqqətdə saxlanılır.

Qeyd olunur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi,            qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.

Həmin Məcəllənin 12-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

Qanunda inzibati xətalara görə məsuliyyətin müəyyən edilməsi sanksiya xarakteri daşımaqla yanaşı, profilaktik məqsədlər də güdür. Çünki hər bir şəxsin, eləcə də vəzifəli şəxsin dövlətin müəyyən etdiyi qadağaları bilməsi, bu qadağaları pozmaqdan çəkinməsi ictimai münasibətlərin qorunmasını təmin edir.

Məhz inzibati xətaların qarşısının alınması sahəsində bələdiyyələr üçün də bir sıra mühüm vəzifələr müəyyənləşdirilmişdir. Belə ki, Məcəllənin 10-cu maddəsinə uyğun olaraq dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər.

Qanunvericiliyə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99-cu maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlanmasının səbəblərindən biridir.

Qanunvericilikdə bələdiyyələrin vəzifəli şəxslərinin inzibati xəta tərkibini yaradan hərəkət və ya hərəkətsizlikləri barədə nəzərdə tutulmuş inzibati məsuliyyətlər aşağıdakılardan ibarətdir:

Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar:

 Dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə min beş yüz manatdan iki min manatadək məbləğdə;

 Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar:

 yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.

Yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalar:

 Çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar:

 Ailə kəndli təsərrüfatının üzvləri tərəfindən bu təsərrüfatın müvafiq bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə otuz manatdan əlli manatadək məbləğdə;

 “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar:

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə;

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Məlumat üçün bildirilir ki, Bələdiyyələrlə iş portalı vasitəsilə bələdiyyələrlə elektron sənəd dövriyyəsinin təşkili nəticəsində son illərdə formalaşan tendensiya 2022-ci ildə də davam etmiş, bələdiyyə aktlarının göndərilməsi ilə bağlı müddət pozuntusu halları azalmışdır.  Belə ki, il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin    549-cu maddəsinə əsasən bələdiyyələrin 74 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol (2021-ci ildə 90 protokol; 2020-ci ildə 172 protokol ) tərtib edilərək məhkəmələrə göndərilmişdir.

Qeyd olunan inzibati xətalara yol verilməməsi üçün bələdiyyələrin vəzifəli şəxslərinə müvafiq qanunvericiliyi öyrənməyə, bu məqsədlə Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən maarifləndirici tədbirlərə, göndərilən metodik vəsait və tövsiyələrə diqqətin artırılması, həmçinin inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəb və şəraitin aşkar edilməsi və aradan qaldırılması, o cümlədən bələdiyyələrə kollegial orqan kimi öz vəzifəli şəxslərinin fəaliyyətinə nəzarəti artırmaları tövsiyə olunur. 

  Bələdiyyələrlə iş mərkəzi


 


Digər tövsiyələr