Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
13-04-2023, 08:50

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı barədə

Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Ölkənin ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir.

Yaşıllıqların  mühafizəsi, yeni-yeni ağacların əkilməsi, meşələrin salınması, onların qorunması dövlətimizin daim diqqət göstərdiyi sahələrdən biridir və bu məqsədlə ölkəmizdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmiş, dövlətin, bələdiyyələrin, vəzifəli şəxslərin, habelə fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir.

Bu sahə Ədliyyə Nazirliyinin də diqqətindən kənarda qalmamışdır. Belə ki, “Yaşıllıqların qorunması sahəsində bələdiyyələrin vəzifələri” və “Bələdiyyə ərazisində yaşıllıqların götürülməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə” tövsiyələr hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir.

Yaşıllıqların mühafizəsinə nəzarətin məqsədi yaşıllıqların vəziyyətinin dəyişməsinin müşahidə edilməsi, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi və yaşıllıqların məhvinə yönəldilmiş halların aradan qaldırılması üçün müvafiq aqrotexniki və digər tələblərin yerinə yetirilməsini, istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasını təmin etməkdən ibarətdir.

Yaşıllıqların mühafizəsi sahəsində qanunvericilikdə tətbiq edilən müddəalarda bir sıra fikir ayrılıqları yaranmışdır ki, bu da mübahisə predmetinə çevrilmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair sorğu ilə müraciət etmişdir. 

Qeyd edilməlidir ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri,   9-cu maddədə isə yaşıllıqları mühafizə tədbirləri ilə bağlı məsələlər öz əksini tapmışdır. 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti yaradır.

Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.

Sorğuda göstərilmişdir ki,  Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində əksini tapan “xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri” və “kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) ifadələrinin məzmunu və əhatə dairəsi ilə bağlı təcrübədə fikir ayrılığı vardır.

Bir sıra hallarda “xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri” anlayışının geniş təfsir olunaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilən “yaşayış məntəqələrinin torpaqları” və “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” anlayışları ilə eyniləşdirilməsi qanunsuz ağac kəsmə ilə bağlı cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına səbəb olur.

Azərbaycan Respublikasının Prokurorluğu qeyd edir ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində yaşayış məntəqələrinin torpaqları anlayışı geniş müəyyən olunmaqla, həmin torpaqlara meşə fonduna daxil olmayan və xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) ilə yanaşı, ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar), məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar) və xüsusi təyinatlı yaşıllıqlar daxil edilmişdir. Bu baxımdan “yaşayış məntəqələrinin torpaqları” anlayışının Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində əksini tapmış “xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri” anlayışı ilə eyniləşdirilməsi məqsədəuyğun hesab edilə bilməz.

Sorğuda həmçinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri nəzərə alınaraq yaşıllıqların məhv edilməsinin qarşısının alınmamasına görə müvafiq vəzifəli şəxslərin Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti olub-olmamasına aydınlıq gətirilməsi ilə bağlı məsələyə də toxunulmuşdur.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan mübahisəli məsələlərlə bağlı 29.11.2022-ci il tarixdə Qərar qəbul etmişdir.

Qərarda yuxarıda qeyd olunan məsələlərlə bağlı ümumi şərhlər verilmiş və bir sıra nəticələrə gəlinmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz. 

Həmçinin fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər.

Qərarda vurğulanır ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrinin mənasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar. 

Göründüyü kimi, bələdiyyələr öz mülkiyyətlərində olan torpaq sahələrindəki yaşıllıqların qanunsuz götürülməsi, məhv edilməsi hallarına görə məsuliyyət daşıyırlar.

Göstərilənlərə əsasən bələdiyyə mülkiyyətində olan mövcud yaşıllıqların mühafizəsinin gücləndirilməsi, ekoloji tarazlığın qorunmasına xüsusi diqqətlə yanaşılması, yaşıllıqların götürülməsi ilə bağlı qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi, yaşıllıqların özbaşına qanunsuz götürülməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görülməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi


Digər tövsiyələr