Sabunçu bələdiyyələrinin büdcə gəlirləri 32 faiz artıb: Maştağa bələdiyyəsi ölkə üzrə ikinci yerdədir
Cari ilin ilk on ayı ərzində Sabunçu rayonunda fəaliyyət göstərən on bələdiyyədən doqquzunda yerli vergilər və digər ödənişlər üzrə daxilolmalarda artım qeydə alınıb. Bələdiyyələrin maliyyə göstəricilərinin təhlili göstərir ki, hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli müsbət dinamika müşahidə olunub.
Belə ki,
2026-cı ilin yanvar-oktyabr aylarında Nardaran bələdiyyəsinin büdcə
daxilolmaları 240 786 manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 132 faiz artım deməkdir. Zabrat bələdiyyəsi 175 645 manat gəlir əldə
etməklə göstəricisini 51 faiz, Maştağa bələdiyyəsi 593 347 manat gəlirlə 50
faiz, Pirşağı bələdiyyəsi 137 002 manat gəlirlə 36 faiz artırıb.
Digər bələdiyyələrdə
də müsbət dinamika qeydə alınıb. Sabunçu bələdiyyəsinin gəlirləri 225 769
manata çataraq 23 faiz, Kürdəxanı bələdiyyəsinin gəlirləri 150 851 manata
çataraq 22 faiz, Ramana bələdiyyəsinin gəlirləri 200 059 manata çataraq 15 faiz
artıb. Bakıxanov bələdiyyəsi 421 080 manat gəlirlə 13 faiz, Bilgəh bələdiyyəsi
isə 207 372 manat gəlirlə 12 faiz artım əldə edib.
Yalnız
Balaxanı bələdiyyəsində cüzi azalma müşahidə olunub. Belə ki, hesabat dövründə
bu bələdiyyənin gəlirləri 93 580 manat təşkil edib ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 1 faiz azdır.
Beləliklə,
cari ilin ilk on ayında Sabunçu rayonunun on bələdiyyəsi üzrə ümumi maliyyə
daxilolmaları 2 milyon 445 min 491 manata yüksəlib. Halbuki 2025-ci ilin
yanvar-oktyabr aylarında bu göstərici 1 milyon 850 min 80 manat təşkil etmişdi.
Müqayisə göstərir ki, bir il ərzində bələdiyyələrin ümumi gəlirləri 595 min 411
manat artıb. Bu isə təxminən 32,2 faizlik yüksəliş deməkdir.
Ötən ilin
müvafiq dövründə bələdiyyələrin gəlirləri aşağıdakı kimi olub: Nardaran – 103
645 manat, Zabrat – 116 550 manat, Maştağa – 396 741 manat, Pirşağı – 100 532
manat, Sabunçu – 184 182 manat, Kürdəxanı – 123 728 manat, Ramana – 173 405
manat, Bakıxanov – 371 297 manat, Bilgəh – 185 118 manat, Balaxanı – 94 882
manat.
Rəqəmlərdən
də göründüyü kimi, Sabunçu rayonunun bələdiyyələri üzrə ümumi gəlirlərin
artımında xüsusilə Nardaran, Zabrat və Maştağa bələdiyyələrinin nəticələri diqqəti
cəlb edir. Nardaran bələdiyyəsinin gəlirlərində qeydə alınan 132 faizlik artım
rayon üzrə ən yüksək göstəricidir. Maştağa və Zabrat bələdiyyələri də həm gəlirlərin
ümumi həcminə, həm də artım tempinə görə seçilirlər.
Gəlirlərin
ümumi həcminə görə isə Maştağa bələdiyyəsi rayon üzrə liderliyini qoruyub. 593
347 manatlıq büdcə daxilolması ilə bu bələdiyyə təkcə Sabunçu rayonu üzrə
deyil, ölkəmizdə formalaşmış 98 qəsəbə bələdiyyəsi arasında da ikinci yerdə qərarlaşıb.
İlk pillədə isə cüzi fərqlə Badamdar bələdiyyəsi dayanır.
Maştağa bələdiyyəsinin
əldə etdiyi nəticə onun yerli gəlir mənbələrinin səfərbər edilməsi istiqamətindəki
fəaliyyətinin miqyasını nümayiş etdirir. Bununla yanaşı, artım tempinin də yüksək
olması diqqətəlayiqdir. Mövcud dinamika ilin sonuna qədər davam edərsə, Maştağa
bələdiyyəsinin ölkə üzrə qəsəbə bələdiyyələri arasında birinci yerə yüksəlməsi
real ehtimal kimi qiymətləndirilə bilər.
Ümumilikdə,
Sabunçu rayonunun bələdiyyələri üzrə gəlirlərin 32 faizdən çox artması yerli
özünüidarəetmə orqanlarının maliyyə imkanlarının genişlənməsi baxımından müsbət
göstəricidir. Bu dinamikanın davamlı olması üçün vergi ödəyiciləri ilə işin
gücləndirilməsi, daşınmaz əmlak və torpaq vergisi üzrə uçotun təkmilləşdirilməsi,
mövcud vergi bazasının tam müəyyənləşdirilməsi və yığım potensialından daha səmərəli
istifadə edilməsi mühüm əhəmiyyət daşıyır.
Nəticə etibarilə, 2026-cı ilin ilk on ayının göstəriciləri Sabunçu rayonunun bələdiyyələri üzrə gəlirlərin artımının təsadüfi deyil, geniş əhatəli müsbət tendensiya olduğunu göstərir. İlin yekununda bu göstəricilərin hansı səviyyəyə çatacağı və xüsusilə Maştağa bələdiyyəsinin ölkə üzrə mövqeyinin dəyişib-dəyişməyəcəyi maraq doğurur.
Belediyye.info
Rəylər
0 Rəy